Loading...
Loading...
SEÇMƏ

Baydenin Bakıdan nə istəyib? – TƏHLİL 

ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə 28 May – Azərbaycanın Müstəqilliyi Günü ilə bağlı göndərdiyi bayram təbrikində ikitərəfli münasibətlərin bu günü, gələcəyi ilə bağlı mühüm mesajlar var. Bu mesajlar həm də Rusiyanın Ukraynaya təcavüzündən sonra regionda yaranmış yeni çağırışları, Azərbaycandan gözləntiləri əks etdirir. 

Bayram mesajı bir neçə hissədən ibarətdir. Co Bayden ABŞ-Azərbaycan əlaqələrinin 30 illiyinə qısa nəzər salır və Vaşinqtonun təhlükəsizlik, enerji sahələrində Bakıya mühüm dəstəyini qeyd edir. ABŞ lideri Xəzərin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəsinin göstərdiyi səylərə xüsusi diqqət ayırır. Azərbaycanın hər iki sahədə güclü mövqelərinin məhz ABŞ-ın dəstəyi ilə əldə olunduğunu xatırladır.  

Co Baydenin ikinci mesajı Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini, o cümlədən neft məhsulları göndərməsini müsbət qiymətləndirməklə çatdırıb. Vaşinqton gözləyir ki, Bakının bu dəstəyi ardıcıl olacaq. Burada əsas məqamlardan biri odur ki, ABŞ Azərbaycanı Rusiyanın orbitində olan ölkələrdən hesab etmir və onu işğala məruz qalan Ukraynaya daha sistemli yardımlar etməyə təşviq edir. 

ABŞ Prezidentinin İlham Əliyevə bayram təbriki 1 həftə əvvəl göndərilib və bu “tələskənlik” təsadüfi deyil. Çünki Baydenin əsas mesajları təbrik mətninin sonrakı hissələrində yer alıb.  

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”, – deyə ABŞ lideri yazıb.

Sabah – mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Xatırladaq ki, bundan əvvəl eyni formatda keçirilmiş 2 görüş nikbin bəyanatlarla yekunlaşsa da, nəticələr əldə etmək mümkün olmayıb.  Konkretləşdirsək, Ermənistanın Baş naziri Nikol Paşinyan iki dəfə Rusiya Prezidenti ilə təmasda olub, habelə xarici işlər naziri Ararat Mirzoyan da bir neçə dəfə rusiyalı həmkarı ilə görüşlər keçirib. Ermənistan rəsmilərinin Moskva ziyarətlərindən sonra İrəvanın ritorikası sərtləşib və Brüsseldə əldə olunan pozitiv əhval-ruhiyyəni qeyri-konstruktiv şərtlər əvəz edib. Belə ki, Ermənistan Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 maddəlik əsas baza təkliflərinə cavab olaraq, 6 təkliflə çıxış edib. Xarici işlər naziri bəyan edib ki, sülh gündəliyini birtərəfli qaydada müəyyənləşdirmək olmaz. İrəvanın irəli sürdüyü 6 təklifdə isə Brüssel bəyanatlarına deyil, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş, amma yerinə yetirilməmiş üçtərəfli bəyanatlara istinadlar var. Habelə, Qarabağ ermənilərinin statusu, danışıqlar prosesinin Minsk Qrupu çərçivəsində aparılması kimi Bakını qıcıqlandıran təkliflər yer alıb. Ermənistanda müxalifətin həftələrlə davam etmiş etiraz aksiyaları da Paşinyanın arqumentlərini bir qədər gücləndirib. 

Belə bir şəraitdə ABŞ lideri Brüssel görüşü ərəfəsində Azərbaycandan sülh mövqeyini saxlamağı və onu gücləndirməyə öz dəstəyini təklif edir. Çünki Ermənistanın sürüşkən, qeyri-konstruktiv mövqeyi, qəbul edilən bəyanatları dəfələrlə pozması Bakının səbir kasasını daşırır. Təcrübə göstərir ki, Ermənistanı danışıqlara məcbur etmək üçün Azərbaycanın əlində kifayət qədər təzyiq rıçaqları var. ABŞ isə İlham Əliyevdən təmkinli olmağı, Ermənistana Paşinyanı daxili ictimai rəydə zəiflədən zərbələr vurmamağı istəyir. Obrazlı ifadə etsək, Bayden Rusiyanın ciddi təzyiqləri altında olan Paşinyan hakimiyyətinə növbəti dəfə zaman tanımağı xahiş edir.           

ABŞ Prezidentinin daha bir əhəmiyyətli mesajı Azərbaycanda insan hüquq və azadlıqları, demokratik inkişaf problemləri ilə bağlıdır. “Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”, – deyə mətndə vurğulanır. Azərbaycan cəmiyyətində tirajlanan bu ifadələr Bayden administrasiyasının hakimiyyətə gəldikdən sonra dünyada yürütdüyü siyasətin təzahürüdür. Vaşinqton demokratik idarəçiliyi dövlətlərarası münasibətlərin, habelə qlobal əməkdaşlığın əsas prinsipləri hesab edir və Azərbaycan rəhbərliyini ciddi islahatlar aparmağa çağırır. Qeyd edək ki, 28 may Müstəqillik Günü ilə bağlı Azərbaycanda Əfv Sərəncamının imzalanması gözlənilir. Baydenin erkən təbrik məktubunun əfv ediləcək siyasi məhbusların əhatə dairəsinə təsir edəcəyi, onu daha da genişləndirəcəyi istisna olunmur. Hər halda, Bakıdan ABŞ-ın istəklərinə məzmunlu reaksiya veriləcəyi gözləniləndir. 

Nəhayət, ABŞ lideri Azərbaycana Rusiyanın təzyiqlərindən qorunmaq üçün öz dəstəyini təklif edir. “Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”, – məktubda deyilir.

Burada Vaşinqtonun Bakıdan əsas gözləntilərindən daha biri açıqlanır: Azərbaycan Rusiyadan çəkinmədən Avroatlantik məkana inteqrasiya siyasətini davam etdirməlidir. Əlbəttə, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qərbə inteqrasiya siyasətinin yürüdülməsi ölkənin müstəqilliyinə və suverenliyinə qarşı Rusiyadan qaynaqlanan müəyyən təhlükələr vəd edir. ABŞ lideri isə yazır ki, Moskvanın əvvəlki təzyiq imkanları zəifləyib, Vaşinqtonun dəstəyi isə əksinə, indi daha qətiyyətlidir. Ona görə çəkinmədən daxili islahatlarla paralel Avroatlantik məkana inteqrasiya kursunu canlandırmaq vaxtıdır…

Turqut

24 saat” “Baydenin Bakıdan nə istəyib? – TƏHLİL ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button