Now Reading:
Bayram bazarlığı üçün ən ucuz məkan – mal əti 10 manata, toyuq 3 manata…

Yeni ilin gəlişinə sayılı günlər və saatlar qalıb. Artıq hər kəs bayram bazarlığı barədə düşünür, yaxud da bu bazarlığı son günlərə saxlamayaraq, ötən istirahət günlərində edib.

Kənd Təsərrüfatı Nazirliyi isə bayramqabağı süni bahalaşmanın qarşısını almaq məqsədilə şəhərin müxtəlif istiqamətlərində yarmarkalar təşkil edib. Nazirlik yarmarkaya çıxarılan məhsulların bazarlardakı qiymətlərə nisbətən 20-30 faiz ucuz satılacağını vəd edib.

Bəs bayram süfrəsi neçəyə başa gələcək?

Virtualaz.org-un əməkdaşlarının bazar və nazirliyin təşkil etdiyi yarmarkada apardığı müşahidələrə əsasən, xüsusilə meyvə-tərəvəz məhsullarının qiymətində endirim var.

Bakının ucuz bazarı kimi tanınan Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki “4 saylı Ticarət Mərkəzi”ndə (osmoy bazarı) mal ətinin kiloqramı 9 manata, qoyun əti isə 8 manata təklif edilir. Bazarda alıcı əlindən tərpənmək mümkün deyil.

Satıcı Elmar Məmmədov deyir ki, mal və qoyun ətini Bərdədə fermerlərdən alıb və ət baytar nəzarətindən keçirilib. Satıcılar bayramqabağı ətin bahalaşmayacağını vəd edirlər.

Diri toyuq çəkisinə görə 8-15, xoruz 15, hind toyuğu 25-40, qaz 20, ördək 15-25 manata satılır.

Dondurulmuş toyuq, xoruz, hind toyuğu isə ucuzlaşıb. Məsələn, toyuğun kiloqramı 3 manatdan təklif edilir. 15 manata 2 kiloqramlıq hind toyuğu almaq olar.

Xətai rayonu, Məzahir Rüstəmov küçəsində – “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya çıxarılan məhsulların birbaşa rayonlardan gətirildiyi iddia olunur. Nar 2-3 manat, banan 2 manat 50 qəpik, portağal 1 manat 80 qəpik – 3 manat, alma 80 qəpik – 2 manat, üzüm 3 manat, xurma 1 manata satılır. Pomidor 3 manat 50 qəpik – 4 manat, xiyar 3 manat, göyərti 20 qəpik, kartof 70 qəpikdir.

Satıcı Elçin Xıdırov bildirdi ki, Şəmkirdən gəlib, alma, heyva, üzüm, pomidor, xiyar öz həyətinin məhsuludur. Banan, portağal, kartof, soğanı isə səhər tezdən alverçidən alıb, üzərinə 15-20 qəpik qoyaraq satır.

Yarmarkada süd məhsulları – nehrə yağı, qatıq, qaymaq, pendir də satılır. Nehrə yağının kiloqramı 6 manata, pendir 5-8 manata, qatıq isə 1 manatdan təklif olunur.

Yarmarkada qoz, fındıq və şabalıd da marketlərə nisbətən ucuzdur. Satıcılar deyirlər ki, yerli məhsullar İran və Gürcüstandan gətirilən məhsullardan keyfiyyətli olduğundan qiymətlər fərqlidir: “Bazarda İran və Gürcüstandan gətirilən şabalıd ucuzdur, çünki məhsulun keyfiyyəti yaxşı deyil, içi boş və ya çürük olur. Qəbələ və Zaqataladan gətirilən qoz, fındıq, şabalıd isə nisbətən bahadır”.

Alıcı Nərminə Qənbərova deyir ki, yarmarkanın ilk günü adətən ucuzluq olur, ona görə də, bayram bazarlığını indi edir. Mal ətinin kiloqramını 10 manata, toyuğu isə 8 manata alıb.

Quş əti satışı ilə məşğul olan Anar adlı saticı isə deyir ki, adi günlərdə qaz, ördək və hind toyuğuna təlabat az olduğundan bayramı gözləyirlər. Çünki bayramda hər kəs süfrəsində bolluq olmasını istəyir.

Quş əti satanlardan fərqli olaraq, qəssablar alıcı azlığından şikayətçidirlər. Deyirlər ki, hələ də çoxları yarmarkaya çıxarılan ətin keyfiyyətinə şübhə edir. Baxmayaraq ki, heyvan kəsilmədən baytar nəzarətindən keçirilib, kəsiləndən sonra ət yoxlanılıb.

Balığın qiymətinə gəldikdə, xanı balığının kiloqramı 5 manatdan, kütüm 8-10 manatdan təklif edilir.

Qeyd edək ki, yarmarkalar ilin son gününə kimi avam edəcək.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.