Now Reading:
Bayram Məmmədov yenidən həbs edildi

Bayram Məmmədov yenidən həbs edildi

Bayram Məmmədovun yenidən cəzalanmasına həbsdən çıxdıqdan sonra verdiyi müsahibənin səbəb olduğu bildirilir

Martın 17-də Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılan “heykəl məhbusu” Bayram Məmmədov yenidən saxlanılıb. Yaxıınlarının məlumatına görə, o, polisə müqavimət göstərməkdə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alııb.

Bayram Məmmədovun atasının yanında saxlanıldığı, heç bir izahat verilmədən Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparıldığı bildirilir.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il, mayın 10-da – Heydər Əliyevin büstünə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra saxlanılıb. İttihama görə, hər iki gəncin üzərindən və evindən külli miqdarda heroin aşkarlanıb.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər, bildiriblər ki, həbslərinə səbəb yazdıqları şüardır. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilmişdi. Martın 16-da İlham Əliyev Əfv Sərəncamı imzalayıb. Əfv olunan 339 nəfərin 51-i beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərdir.

Sərəncamın imzaladığı günün səhərisi azadlığa çıxanlardan daha biri – Elgiz Qəhrəmanın da yenidən polis təzyiqinə məruz qaldığı bildirilir. Belə ki, yaxınlarının sözlərinə görə, gənc fəalın sərnişin kimi mindiyi avtomobil saxlanılıb və içərisində axtarış aparılıb. Onlara silah-sursat axtarıldığı bildirilib.

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 2016-cı ilin keçən ilin avqustunda həbs olunub. Onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. E.Qəhrəman 5, 6 il azadlıqdan məhrum edilmişdi.

Fəallar bunu özlərinə qarşı təzyiq kimi qiymətləndirirlər.

İlham Əliyevin son Əfv Sərəncamı bir sıra hüquq müdafiəçiləri tərəfindən müsbət addım kimi dəyərləndirilirdi. Hesab olunurdu ki, bu addımlar ölkədə siyasi məhbus probleminin həllinə yönəlikdir. (Meydan TV)

Bayram Məmmədovun inzibati həbsinə həbsdən çıxdıqdan sonra verdiyi müsahibənin səbəb olduğu bildirilir.

Az24saat.org saytı Turan Agentliyinə istinadən həmin müsahibəni təqdim edir:

Başıma gələcəkləri bilsəm belə, yenə həmin abidəyə gedərəm…

Bayram Məmmədov: “Həbsxanalar yeni cinayətkarlar ordusu yaradır”

Hüquq müdafiəçilərinin “heykəl məhbusu” adlandırdığı Bayram Məmmədov Azərbaycan koloniyasında üçillik həbs cəzasından sonra mart (2019) əfvi nəticəsində azadlığa çıxdı. O, Qiyas İbrahimovla birlikdə Bakıda Heydər Əliyevin abidəsinin üzərinə boya ilə siyasi şüarlar yazdıqdan sonra növbəti gün narkocinayətə görə həbs olunmuşdu.

Bayram Məmmədov Turan agentliyinin suallarını cavablandırıb.

– Niyə siyasi etirazınızı ifadə etmək üçün belə qeyri-adi üsul seçdiniz – Heydər Əliyevin abidəsinin üzərini yazdınız?

– Hər bir hakimiyyət üçün simvollar çox önəmlidir. Simvollar xalqda hakimiyyətə qarşı qorxu və inam yaradır. Xalq hakimiyyətdən qorxur, ya da onun əbədiliyinə inanır. İnsanlar simvollara inamını itirdikdə, onları rədd edib məhv etdikdə, qorxmadıqda sistem çökməyə baslayır. Bu ölkədə hakimiyyətin simvolu Heydər Əliyev və onun abidələridir.

Biz isə sistemə qarşı ideoloji, solçu mübarizə aparırdıq və bu gun də aparırıq. Postamenti yazmağımız sistemə qarşı apardığımız mübarizənin məntiqi nəticəsi idi. Bu aksiyadan sonra Heydər Əliyevin heykəlləri sistemin simvolu kimi dəyərini itirdi. Xalq qorxudan imtina etməyə başladı. Bu, yalnız başlanğıc idi.

– Sizin “əməliyyat” necə baş tutdu?

– Həmin gündən öncə abidə ətrafında vəziyyəti bir neçə gün öyrəndik, kəşfiyyat apardıq. Ərazi ilə daha yaxından tanış olduq, kameralar, isıqlandırma, ərazidəki polis əməkdaşları və mülki geyimlilər haqda məlumat topladıq. Amma bu bilgilər bizim öz təhlükəsizliyimiz və ya həbs olunmamağımız ücün yox, atmaq istədiyimiz addıma olacaq maneələrin qarşısını almaq üçün idi.

– Sonra nə oldu?

– Sonra bizi həbs etdilər, isgəncə verdilər, təhqir etdilər. Bütün bunlar bizim üçün sürpriz olmadı, cunki bizi nələrin gözləyəcəyini əvvəlcədən bilirdik. Bunları özümü qəhrəman kimi qələmə vermək üçün danışmıram. Və istəmirəm ki, cəzaçəkmə müəssisəsində olmağımız barədə təfərrüatlar oxucuları qorxutsun, onları azadlıq uğrunda mübarizədən çəkindirsin.

– Hakimin cəza müddətini elan etməsi sizin üçün ağır zərbə oldumu?

– Məndən öncə Qiyası 10 il həbs cəzasına məhkum etmişdilər. Odur ki, məhkəmə iclasında mən özüm dedim ki, 10 il mühakimə olunacağam. Çox adi qarşıladım, hətta təbəssümlə.

– Koloniyadakı şərait barədə nə deyə bilərsiniz?

– Ümumiyyətlə, mən cəza sistemini qəbul etmirəm, həbsxanalar cinayətkar ordusu yaradır, insanları islah etmir. Həbsxanalar insanlara əvvəlcədən onlara məlum olmayan yeni cinayətlər öyrədir. Əslində həbsxanalar cinayətkarları yox, məsum insanları- onların ailələrini cəzalandırır. Bizim oldugumuz cəzacəkmə müəssisəsində şərait digərlərindən daha pisdir. Das karxanasının tozu, su çatışmazlığı, gün ərzində havanın dəfələrlə dəyisməsi, administrasiya tərəfindən yaradılan süni problemlər və diskriminasiya bizim ücün adi bir sey idi, həyat tərzimiz idi. Hakimiyyət fikirləşirdi ki, bu münasibət mənim iradəmi sındıracaq, əksinə, hakimiyyətə olan qəzəbim məni daha çox motivasiya edirdi.

– Gələcəklə bağlı hansı planlarınız var?

– Həyatımı planlar üzərində qurmuram, plansız biriyəm, görək, başımıza nə işlər gəlir.

– Nə zaman özünü azad hiss etdin?

– Mənim üçün azadlıq tamamilə başqa anlayışdır. Hazırda özümü azad yox, sadəcə, icəridəkindən daha komfortlu şəraitdə hesab edirəm. Fərq yalnız bundadir: içəri və çöl arasında.

– Başına nələrin gələcəyini bilsəydin yenə edərdinmi həmin hərəkəti?

– Əgər bilsəydim ki, yaşadıqlarımın bir neçə qatını yaşayacağam, hec çəkinmədən, qorxmadan yenə gözübağlı gedərdim ora, abidənin yanına. Sadəcə, bu dəfə daha artığını etməyə çalışardım.

Umid edirəm ki, söylədiyim hər bir söz oldugu kimi qalacaq, dəyişiklik edilməyəcək

Input your search keywords and press Enter.