2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bazarda yumurtanın qiymətində artım müşahidə olunur

Yayımlandı: 27 Mart 2023 13:37

Mütəxəssis bunu bayramla əlaqələndirir

Azərbaycanda son bir neçə gündür broyler toyuq yumurtası bahalaşıb. Yumurtanın qiyməti 17-18 qəpikdən 25 qəpiyə yüksəlib. Bölgələrdə kənd yumurtasının qiyməti 5 qəpik artaraq 30 qəpik, Bakı bazarlarında isə 40 qəpik olub. Həmçinin diri quşların qiymətində 1 manat artım var.

Saytların yığılması Saytlarin yigilmasi

Satıcılar Meydan TV-yə bildiriblər ki, qiymət Novruz bayramı ərəfəsi artıb və bayramdan sonra da əvvəlki səviyyəyə enməyib.

Lənkəranda quşçuluq təsərrüfatı ilə məşğul olan Şahin Məmmədov Meydan TV-yə bildirib ki, pandemiyadan bu yana təsərrüfatı zərərlə işləyir. Yem bahalaşıb, təsərrüfatın saxlama xərcləri artıb, əvəzində isə alıcılıq qabiliyyəti zəifləyib. Damazlıq yumurta diri quşdan sərfəli olsa da, indiki qiymətlərlə vəziyyətdən güclə çıxa bilirlər.

“Diri quş saxlamaq çox da sərf etmir. Bir-iki il əvvələdək ətlik kəsimi 4-5 manata satanda qazanc olurdu. Diri quşun saxlanılması hər satılmayan gün üçün əlavə xərcdir. Çünki ətlik diri quş, hər keçən gün çəkisini artırır, vaxtında satılmayanda tələf olur. Buna görə də təsərrüfatda daha çox damazlıq yumurtaya üstünlük verirlər”.

Digər fermer isə söyləyib ki, müştəriləri var, satış gedir, amma xərclər artdığından qazancları əvvəlki kimi olmur.

İqtisadçı Xalid Kərimli Meydan TV-yə bildirib ki, hazırda yumurta istehsalı mövsümüdür. Buna görə də qiymətlərin artması bayramərəfəsi tələbatın artması ilə bağlıdır.

“Yumurta və quş ətinin qiymətini dövlət tənzimləmir. Lakin Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai Birliyinin qiymətlərə təsir imkanları var. Yumurtanın qiymətini bazar tənzimləyir”,- Kərimli deyib.

Onun sözlərinə görə, broyler yumurtasının qiymətinin dəyişməsi kənd yumurtasının qiymətlərinə təsir edir. Qiymət tələbata uyğun müəyyənləşdirilir.

Xalid Kərimli. Foto: “vergiler.az”

Bazarda söz sahibi olan Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai Birliyi  (APEPEA) isə son açıqlamalarında yumurtanın topdansatış qiymətlərinin artırılmadığını qeyd edib. Hətta bildirilib ki, Novruz bayramı ərəfəsində bəzi marketlərdə yumurtanın qiyməti 1-2 qəpik azalıb.

“Quş əti və yumurta istehsalında xərclərin əsas hissəsini təşkil edən yem bahalaşıb. Hökumət bahalaşmanın qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirib. Quş yemi gömrük rüsumlarından azad edilib. Nazirlər Kabinetinin qərarı ilə quş əti istehsalında istifadə edilən yem komponentləri idxal rüsumundan azad edilib”, – iqtisadçı vurğulayıb.

X.Kərimli söyləyib ki, ötən il quş istehsal edən xırda təsərrüfatlar üçün gərgin keçib. Çünki xərclər artıb, istehsal edilən məhsulu satmaqda çətinliklər yaranıb. Nəticədə yumurtanı maya dəyərindən ucuz satıblar. Bir çox təsərrüfat kiçilməyə məcbur olublar. Böyük təsərrüfatlar isə bazarda alıcı tapa bilməyiblər:

“Hazırda isə Novruz bayramına görə yumurtaya tələbat artıb. Tələbatın artmasından istifadə edən pərakəndə satıışla məşğul olanlar qiymətləri qaldırmaqla əlavə qazanc əldə etmək istəyiblər. Aprel ayında tələbat yenə ənənəvi həcmə enəcək və qiymətlər cüzi də olsa enəcək”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button