“Belə bir fikir yaranıb ki, guya prokuror nə deyirsə, məhkəmə də onu edir” - 24 saat xəbərlər
Now Reading:
“Belə bir fikir yaranıb ki, guya prokuror nə deyirsə, məhkəmə də onu edir”
Full Article 4 minutes read

“Belə bir fikir yaranıb ki, guya prokuror nə deyirsə, məhkəmə də onu edir”

“10 milyonluq xalq üçün 15 min cinayət elə də çox deyil”

“Təəssüflər olsun, belə bir fikir yaranıb ki, guya prokuror nə deyirsə, məhkəmə də onu edir. Bu yanlış fikirdir. Ola bilər Sovet dövründə və ya nə vaxtsa olub, ancaq son illər belə bir şey yoxdur. Biz tərəflər arasındakı bərabərliyi təmin edirik”.

Ramiz Rzayev
Ramiz Rzayev

Az24saat.org xəbər verir ki, bunu Bizimyol.info saytının sualına cavab olaraq Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. O bildirib ki, cinayət işləri üzrə çıxarılan hökmlərdən prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faiz təmin edilib, 65 faizi isə rədd edilib. “Təbii ki, protestlər də olmalıdır. Çünki hakimlərin də səhvi olur, prokuror da baxır ki, müəyyən məsələlər düz həll edilmir, prosessual pozuntuya yol verilir. Ona görə də biz bu sahədə çalışırıq və inanıram ki, burada bizim birgə nailiyyətlərimiz də olacaq”.

“Hər bir hakim özündən başlamalıdır”

Məhkəmə-hüquq sahəsində islahatların aparılması ilə bağlı prezidentin fərmanında məhkəmələrə etimadın artırılması, hakimlərin müstəqilliyinin təmin edilməsi, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar yer alıb. Bu prosesin hansı formada aparılacağı ilə bağlı sualımıza cavab olaraq Ramiz Rzayev bildirib ki, ümumilikdə nöqsanlar var və bunlar aradan qaldırılır:

“Fərmanın icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Lakin görünür ki, hələ də işə baxan hakimlərin fəaliyyətində pozuntular, nöqsanlar aşkar olunur. Bu nöqsanların aradan qaldırılması üçün işlər görülür. Bunun üçün hər bir hakim özündən başlamalı, biz qanunları və vicdanı rəhbər tutan məhkəmə olmalıyıq. Xalqın bütün inam və hörmətini saxlamaq üçün işləməliyik”.

“Vəkillə prokuror – müdafiə və ittiham tərəfi eyni hüquqa malikdirlər”

Ali Məhkəmə sədri bildirib ki, açıqlanan rəqəmlərə görə Azərbaycanda o qədər də çox cinayət işi olmur. “2000-ci ildən indiyədək Azərbaycanda törədilən cinayətlərin sayı təxminən eyni səviyyədə – 15 min civarında qalır. 100-200 artıb azala bilər. Amma 10 milyonluq xalq üçün 15 min cinayət elə də çox deyil. Rəqəmlərə görə, il ərzində 225 min mülki işə, 15 min cinayət işinə baxılıb. Əlbəttə, istərdik ki, bu daha az olsun, insanların hüququ mükəmməl qorunsun. Bu sahədə prokurorluq da çox böyük iş aparır, təkliflər verir, Vəkillər Kollegiyasında, məhkəmə sistemində müvafiq işlər gedir. Çalışırıq ki, fəaliyyətdə tərəflərin bərabərlik hüququnu qoruyaq. Çünki vəkillə prokuror – müdafiə və ittiham tərəfi eyni hüquqa malikdirlər”.

“Daha çox həbslə bağlı olmayan cəzalara üstünlük veriləcək”

Ali Məhkəmənin sədri bildirib ki, prezidentin Fərmanında Cinayət Məcəlləsinin daha da humanistləşdirilməsi tövsiyə olunub. “Biz bu sahədə də Respublika Baş prokurorluğu və Ədliyyə Nazirliyi ilə birgə işçi qrupu yaratmışıq. O layihə demək olar ki, hazırdır. Bizə iki ay müddətinə vaxt verilib, amam güman edirəm ki, o vaxtdan tez – bu ayın sonunadək biz layihəni ölkə başçısına təqdim edəcəyik. Bununla da bizim Cinayət Məcəlləsi həddindən artıq humanistləşəcək, daha çox həbslə bağlı olmayan cəzalara üstünlük veriləcək”.

Ramiz Rzayevin açıqladığıl rəqəmlərə görə, məhkəmələr tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər azalıb, bəraət alan şəxslərin sayı isə dəyişməz qalıb.

Həmin müddətdə respublikanın birinci instansiya məhkəmələri tərəfifndən məhkum edilmiş 6005 nəfər barəsində apelyasiya şikayəti və protesti əsasında işə apelyasiya məhkəmələri tərəfindən baxılıb. Bu, respublikanln birinci instansiya, ümumi və hərbi məhkəmələr tərəfindən baxılan cinayət işləri üzrə məhkum edilənlərin sayının 48,3 faiz təşkil edir.

“Mediasiya mexanizminin təbiqi məhkəmə işlərinin azalmasına səbəb olacaq”

Ramiz Rzayev “Mediasiya haqqında” Qanunla bağlı suala cavab olaraq bildirib ki, bu, çox müsbət addımdır. Onun sözlərinə görə mübahisəli şəxslər arasında barışdırıcı rol oyanayacaq mexanizmin yaradılması məhkəmədə baxılan işlərin azalmasına səbəb olacaq:

“Bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, mediasiyaya nümayəndəsinə müraciət məcburi olmayacaq. Hər bir vətəndaş öz istəyi ilə müraciət edə bilər. Əgər vətəndaş işinə məhkəmədə baxılmasını istəyirsə, o zaman mediasiya nümayəndəsinə müraciət etmədən məhkəməyə gedə bilər. “Mediasiya haqqında” Qanunda ağır cinayətlərə baxılması nəzərdə tutulmur. Məsələn, boşanma, narazılıq və buna bənzər digər məsələlərdə tərəfləri barışdırmağa çalışacaqlar. Bu, çox müsbət qərardır və hesab edirəm ki, bir çox məsələlərdə barışdıcı funksiyanı layiqincə yerinə yetirəcək”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.