2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Beş sual-cavabda Əbdürrəhim bəy…

Elnur Astanbəyli

Əbdürrəhim bəy Haqverdiyev, mənim üçün, Azərbaycan ədəbiyyatının və aydınlanma hərəkatının ən parlaq simalarından biridir.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda ən sevdiyim yazıçıların başında gəlir.

Əksər bədii mətnlərinin texnikasına, müəllifinin süjet yaratmaq qabiliyyətinə, bəzən mifik səhnələrlə reallığı ustaca sintez etmək bacarığına (məsələn, “Xortdanın cəhənnəm məktubları”nda olduğu kimi!), dilinin şirinliyinə, axıcılığına, sadəliyinə heyran qalmamaq mümkün deyil.

Satirasının, sarkazmının kəskinliyi də öz yerində.

Cəhalətin, xürafatın hətta bu gün belə ən xırda tənqidə amansızlıq nümayiş etdirdiyi halda yüz il öncə “Pir”i, “Seyidlər ocağı”nı yazmaq üçün, necə deyərlər, qurd ürəyi yemək lazım idi.

1870-ci ildə Şuşada doğulan, 1933-cü ildə Bakıda dünyasını dəyişən Əbdürrəhim bəy 63 illik ömrünə ədəbiyyatımızın “Maralllarım”, “Xortdanın cəhənnəm məktubları”, “Ayın şahidliyi”, “Şeyx Şəban”, “Bomba”, “Dağılan tifaq”, “Çeşmək”, “Uxa dağ başında”, “Mirzə Səfər” kimi incilərini sığışdıra bilmişdi.

Uzun illər boyu ona qarşı ikinci dərəcəli münasibət bəslənib, adı, yaradıcılığı ədəbiyyatımızın, aydınlanma hərəkatımızın aparıcı simaları arasında sanki başqalarının kölgəsində qalıb.

Bir az bu səbəbdən, bir az da artıqlaması ilə haqqı çatdığından mayda doğumunun 150 illiyini qeyd edəcəyimiz böyük yazıçı və aydın barədə silsilə yazılar qələmə almağı düşünürəm.

Əbdürrəhim bəyi daha yaxşı tanımaq və daha çox oxumaq borcumuzdur.

  • Haqverdiyevə ilk “şapalağı” kim vurmuşdu?

Əbdürrəhim bəy 1880-ci ilin mayında ailəsi ilə birlikdə Şuşaya köçdükdən sonra altısinifli şəhər məktəbinə daxil olmaq üçün onu Yusif bəy Məlik–Haqnəzərovun müvəqqəti yay məktəbinə qoyurlar. Yusif bəy Qori Müəllimlər Seminariyasının məzunu idi, dövrünün görkəmli maarifçilərindən biri sayılırdı, eyni zamanda teatr həvəskarıydı, rejissor və aktyor fəaliyyəti ilə də məşğul olurdu.

Yusif bəy Mirzə Fətəli Axundovun komediyaları əsasında tamaşalar hazırlayırdı.

Elə həmin tamaşalar da Əbdürrəhim bəy də teatra, ümumilikdə, yaradıcılığa həvəsin yaranmasında ciddi rol oynamışdı.

Günlərin bir günü o, “Hacı Daşdəmir” adlı bir komediya yazır. Bu, Haqverdiyevin ilk “komediyası” olmaqla yanaşı, məzmunca Mirzə Fətəlinin “Hacı Qara”sına oxşayırdı.

Əbdürrəhim bəy müəllimi Yusif bəyin fikrini öyrənmək üçün “Hacı Daşdəmir”i ona təqdim edir. Çox keçmədən isə gələcəyin böyük yazıçısı yaradıcı taleyinin ilk “şillə”sini yeyir. Lakin həmin “şillə” elə ustalıqla vurulmuşdu ki, Əbdürrəhim bəy özü sonralar bu barədə belə yazacaqdı: “Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu “pyesimi” bir nov ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm”.

  • O, Üzeyir bəyi “Leyli və Məcnun”u yazmağa necə həvəsləndirmişdi?

1897-ci il idi. O vaxt böyük bəstəkarımız Üzeyir bəyin vur-tut 13 yaşı vardı.

Şuşada Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili səhnəcik oynanılır. Səhnəcikdə Məcnun rolunu 36 yaşlı məşhur xanəndə Cabbar Qaryağdıoğlu canlandırır.

Onu tarda “Sadıqcan” kimi tanınan Mirzə Sadıq Əsəd oğlu müşayiət edir.

Tamaşanı izləyənlər arasında Üzeyir bəy də vardı. O, səhnəciyə sonadək böyük maraq və həyəcanla baxır. Çox təsirlənir.

Cəmi on il sonra, 1907-ci ildə Üzeyir bəyi “Leyli və Məcnun” operasını yazmağa həvəsləndirən də məhz həmin günkü unudulmaz həyəcan və təəssürat idi.

Bunu sonralar özü də dilə gətirmişdi: “”Leyli və Məcnun” operasının yazılışına mən 1907-ci ildə başlamağıma baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə, 13 yaşımda ikən Şuşa şəhərinin musiqi həvəskarları tərəfindən tamaşaya qoyulan “Məcnun Leylinin qəbri üstündə” musiqili faciəsini görərkən oyanmışdır”.

  • İlk dirijorumuz Əbdürrəhim bəydirmi?

1908-ci ilin yanvarında ilk Azərbaycan operası – Üzeyir bəyin “Leyli və Məcnun”u Bakıda, Hacı Zeynalabdin Tağıyev teatrında birinci dəfə səhnəyə qoyulur.

Bu tamaşada elə də böyük olmayan orkestrin idarəçiliyi Əbdürrəhim bəy Haqverdiyevə tapşırılır.

Yazıçı öncə bu çətin işi üzərinə götürmək istəməmişdi. Lakin Üzeyir bəyin israrlarından sonra razılaşmışdı. Böyük bəstəkarımız onun musiqi duyumuna və biliciliyinə güvənirdi.

Haqverdiyev Üzeyir bəyin etimadını doğruldur.

Bununla belə, “Leyli və Məcnun”un sonrakı tamaşalarında orkestri bəstəkarın özü idarə edib.

1911-ci ildən isə Üzeyir bəyin “Leyli və Məcnun”la yanaşı, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, eləcə də, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq vəzifəsi Müslüm Maqomayevin üzərinə düşüb.

Maqomayev bu işi kifayət qədər peşəkar mənada görüb.

Elmi ədəbiyyatda da ilk Azərbaycan dirijoru kimi məhz onun adı çəkilir.

Fikrimizcə, doğru olan da budur. İlk opera tamaşamızda orkestri həvəskar şəkildə idarə etməsi faktından çıxış çıxış edib Əbdürrəhim bəyi ilk dirijorumuz kimi təqdim etmək xeyli dərəcədə populizmdir.

Zəngin həyatı və yaradıcılığı olan Haqverdiyevin buna əsla ehtiyacı yoxdur.

  • İlk tarixi faciəmizi Əbdürrəhim bəymi yazıb?

Azərbaycanda tarixi faciə janrının banisi Nəriman Nərimanov hesab olunur.

Ədəbiyyat tariximizdə yazılmış ilk belə əsər məhz onun “Nadir şah”ı sayılır. Bu əsər XIX yüzilliyin sonlarında (bir az da dəqiqləşdirsək, 1898-ci ildə) yazılıb və 1899-cu ilin əvvəllərində, xeyli çətinliklərdən sonra onun nəşrinə rəsmi icazə almaq mümkün olub.

Əbdürrəhim bəy isə “Ağa Məhəmməd şah Qacar” tarixi faciəsini bundan 8-9 il sonra qələmə alıb. 1905-ci il inqilabından sоnra Rusiya dumasına Gəncə qubеrniyası üzrə nümayəndə sеçilib. Həmin vaxt Pеtеrburqda “Ağa Məhəmməd şah Qacar”ı yazmaq üçün dövlət kitabxanasında çalışıb. 1907-ci ildə əlavə məlumatlar tоplamaq üçün İrana səyahət еdib.

Elə həmin ilin sonlarına doğru bu tarixi faciə ilk dəfə Bakıda səhnəyə qоyulub.

Bir sözlə, ədəbiyyatımızda ilk tarixi faciəni Haqverdiyevin yazdığına dair bir çoxlarının irəli sürdüyü mülahizələr, məlumatlar kökündən yanlışdır

  • Əbdürrəhim bəy müsavatçı olubmu?

Əski müsavatçılar haqqında danışarkən onların sırasında adları çəkilənlərdən biri də Əbdürrəhim bəy Haqverdiyevdir.

Bu cür düşünməyə rəvac verən isə Haqverdiyevin Zaqafqaziya seyminin üzvlüyünə namizədliyinin Müsavat tərəfindən irəli sürülməsidir.

Görkəmli yazıçının Zaqafqaziya üzvlüyünə namizədliyi Müsavatdan irəli sürülüb, lakin onun üzvü kimi yox, bitərəf kimi.

Əbdürrəhim bəy Gürcüstan parlamentinin də üzvü seçilmişdi, o dövrün bəzi qəzetləri həmin vaxt onu “Hümmət”çi kimi qələmə verirdilər.

Ancaq yazıçı buna da etiraz etmiş, “Qruziya” qəzetinə məktubunda yazmışdı: “Mən heç vaxt Müsavat partiyasının üzvü olmamışam və indi də üzvü deyiləm. Eləcə də mən Hümmət partiyasının da üzvü deyiləm. Həqiqətdə mən Hümmət partiyasının nəşrlərində iştirak edirəm, lakin mənim iştirakım ədəbi məzmunlu və partiyanın proqramı ilə ümumi əlaqəsi olmayan məqalələr çap etməklə məhdudlaşır”.

Bundan başqa, Haqverdiyev həmin məktubunda sol sosialist partiyalara rəğbətini açıq-aydın yazır, sonra da əlavə edirdi ki, xalqın xoşbəxtliyini məhz həmin partiyaların proqramlarının həyata keçirilməsində görür.

Bir sözlə, Haqverdiyevin adının müsavatçı olmuş şair və yazıçıların siyahısında göstərilməsi tarixi səhvdir.

Azlogos.eu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button