2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Beşinci kolon” – İlham Əliyevin tez-tez işlətdiyi bu sözün mənası nədir?

Prezident İlham Əliyevin çıxışlarında tez-tez rast gəlinən ifadələrdən biri də “beşinci kolon”dur. Ölkə başçısı bu ifadədən daha çox müxalifətin fəaliyyətinə yönəlik çıxışlarında istifadə edir. 

İlham Əliyev Novruz bayramı münasibətilə xalqa ünvanladığı təbrikində də müxalif qüvvələri bu cür adlandırmışdı.

Bəs, “beşinci kolon” nə deməkdir? Bu ifadə nə vaxtdan istifadə edilməyə başlanıb? 

Saytların yığılması Saytlarin yigilmasi

“Fakt Yoxla” bu suallara cavab axtarıb. 

“Beşinci kolon” ifadəsi siyasi leksikona İspaniya vətəndaş müharibəsi (1936-1939) zamanı daxil olub (quinta columna). Bu ifadə respublikaçı medianın general Frankonun gizli tərəfdarlarına verdiyi ad idi.  

Mənbələrin birinə görə, bu ifadədən ilk dəfə 1936-cı ildə Franko ordusunun generalı olmuş Emilio Mola istifadə edib. Madridə hücum zamanı o, radio ilə xalqa səslənərək məlumat verib ki, onun tabeliyində olan dörd hərbi kolondan başqa, şəhərin içində də beşinci kolonu, yəni gizli çoxsaylı dəstəkçisi var.

İspan vətəndaş müharibəsindən sonra bu ifadədən İkinci Dünya müharibəsi dövründə də istifadə olunub. Almaniyanın 1940-cı ildə Fransaya hücumu zamanı, ABŞ mediası Fransanın daxilindəki Hitler tərəfdarlarını bu cür adlandırırdı. 1940-cı ildə ABŞ-da dərc olunan “Life” jurnalı “Nasist beşinci kolon” sərlövhəsindən istifadə etmişdi. Həmin il Britaniyanın baş naziri Uinston Çörçil öz çıxışında demişdi ki, parlament onlara beşinci kolonu dəmir əl ilə yatırmaq üçün kifayət qədər güc verib. Daha sonra ifadə nasistlərin Çexoslovakiya və Polşadakı gizli tərəfdarları haqqında işlədilirdi.

Günümüzdə “beşinci kolon”

“beşinci kolon”
“Beşinci kolon” illisturasiya

fərqli kontekstlərdə, amma oxşar mənada istifadə olunur. Məsələn, 2015-ci ildə Parisdə “Charlie Hebdo” satirik qəzetinə qarşı terror aktından sonra Britaniyanın radikal sağçı partiyası olan Böyük Britaniya Müstəqillik Partiyasının lideri Naycel Farac Avropada yaşayan müsəlmanları bu cür adlandırmışdı.

Rusiya prezidenti Vladimir Putin də öz rəqiblərini neqativ fonda təqdim etmək üçün bu ifadədən istifadə edir. O, 2014-cü ildə o, açıq konfrans zamanı Rusiya müxalifəti haqda deyib:

“Hansı nöqtədə müxalifətin bitib, beşinci kolonun başladığının elmi tərifini vermək çətindir. Ən qatı müxalifətçi belə öz ölkəsinin maraqları uğrunda mübarizə aparır, “beşinci kolon“da olan insanlar isə başqa ölkələrin əmrlərini yerinə yetirirlər, onlardan bizə yad olan siyasi məqsədlərə çatmaq üçün alət kimi istifadə edirlər”.

2016-cı ildə bu ifadədən Ukraynanın keçmiş prezidenti Petr Poroşenko da istifadə etmişdi. O, “Ukraynanın birliyini dağıdanları”ı bu cür təqdim etmişdi.

Azərbaycanda tək prezident yox, hakim partiyanı təmsil edən  dövlət rəsmiləri də tez-tez müxalifət haqda bu ifadədən istifadə ediblər. Məsələn, baş nazirin müavini Əli Əhmədov öz açıqlamasında müxalifət haqqında “lənətlənmiş beşinci kolon” ifadəsindən istifadə etmişdi.

Buna qədərsə, müstəqil ekspertlər Azərbaycanda iqtidarın içində Rusiyadan asılı “beşinci kolon”un olduğunu bildirmişdilər. Məsələn, 2014-cü ildə baş vermiş QHT nümayəndələrinin və jurnalistlərin siyasi hesab olunan həbslərini şərh edən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirmişdi ki, “Rusiyanın “beşinci kolon”u hakimiyyətin bütün strukturlarında oturub” və həbslərin arxasında iqtidarın içindəki bu qanad durur. Hakimiyyət daxilində Rusiyanın “beşinci kolonunun” olmasını və bu qüvvənin ölkənin maraqlarına qarşı olduğu fikrini hərbi ekspertlər də qeyd etmişdi.

Beləliklə, bu ifadəylə siyasi liderlər öz rəqiblərini ictimai sferadan radikal şəkildə özgələşdirməyə və neqativ təqdim etməyə çalışırlar.  Azərbaycanda bu ifadədən təkcə hökumət rəsmiləri yox, həm də vətəndaş cəmiyyətini təmsil edən digər şəxslər də istifadə ediblər.

“24 saat” yazını “Fakt Yoxla”-ya istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button