SEÇMƏ

Beyləqan sakini: “Müstəntiq bizdən 25 min manat aldı, dedi ki, prokurorluğa çatıb…”

Yayımlandı: 27 Sentyabr 2022 15:21

Məhsəti Məmmədova: “Prokurorluğa şikayət etmişəm, sübutlarımı da əlavə eləmişəm, baxan yoxdur”

Beyləqan sakini Məhsəti Məmmədova Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqindən şikayətçidir. O iddia edir ki, oğlu Faiq Məmmədovu ziddiyyətli, saxta sübutlarla cinayət məsuliyyətinə cəlb etməsi bir yana, üstəlik, onlardan aldığı pulu da qaytarmır. Məhsəti Məmmədova müstəntiqin cəzalandırılması üçün Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına məktublar göndərib.

“Məhkəmələr notarius funksiyasını yerinə yetirdiklərini sübut elədilər”

Faiq Məmmədov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 13 il azadlıqdan məhrum edilib. Anası deyir ki, məhkəmə istintaq materiallarında yazılanları araşdırmadan, ittihamı təsdiqləməklə işini bitmiş sayıb. Məhsəti Məmmədovanın sözlərinə görə, vəkillər işin içində olan saxtakarlıq hallarını, ziddiyyətləri hakimlərin nəzərinə çatdırıblar:

“Təəssüf ki, məhkəmələr notarius funksiyasını yerinə yetirdiklərini – ittiham aktını köçürüb, hökmü imzalamaqla məşğul olduqlarını bir daha sübut elədilər. Heç bir araşdırma aparılmadı. Guya Faiq narkotiki satanlara səsli mesaj göndərib ki, “burdayıq, malı gətirin”. Məhkəmədə vəkillər həmin səs yazısının elan olunmasını istədi. Məlum oldu ki, belə bir sübut yoxdur. Bu işin istintaqını aparan müstəntiq Nicat Acalov dedi ki, özü həmin səsə qulaq asıb, amma sonra telefon bloklanıb. O dedikləri səs yazısının nə surəti var, nə şəkli, nə videosu. Yəni ortada heç nə yoxdur”.

“Sərhədçilər bu adamları gecə-gündüz yanlarında gəzidirirlər?”

Məhsəti Məmmədova cinayət işinin materiallarında olan başqa bir məqama da diqqət çəkib. O bildirib ki, baxış protokollarında yalnız müstəntiqin imzası var, təqsirləndirilən Faiq Məmmədovun, onun vəkilinin imzası yoxdur:

“Yazılıb ki, filankəsin iştirakıyla baxış keçirildi, amma həmin adamların imzası yoxdur. Başqa bir saxtakarlıq hal şahidlərilə bağlıdır. Sentyabrın 25-də saat 9-da Elşən Süleymanov İranla sərhəddə dağda saxlanılanda oradakı protokola imza atmış hal şahidləri 9 saat sonra Beyləqanın mərkəzində Faiq tutulanda da sənədləri imzalayıb. Belə çıxır ki, bu adamlar gecə-gündüz sərhədçilərin yanında gəzir?! Məhkəmə bu dediyim və demədiyim xeyli pozuntuları görməzdən gəldi…”

“Müstəntiqə 25 min verildiyini təsdiqləyən sübutlarım var”

Məhsəti Məmmədova iddia edir ki, oğlunun təqsirsiz olduğunu müstəntiq də onlarla söhbətlərdə dilə gətirirdi. Amma onu azadlığa buraxmaq üçün “yuxarıları” razı salmağın vacib olduğunu deyirdi:

Vəkil vasitəsilə bizdən 25 min manat pul istədi. Təkcə vəkilin fikri deyildi, kiçik oğlum Şaiqlə bacım oğlu da vəkillə birlikdə müstəntiqlə görüşmüşdü. Onların da yanında demişdi ki, “yuxarılar məndən, mən vəkildən, vəkil də sizdən cavab gözləyir”. Birinci dəfə 15 min düzəltdik, oğlumla vəkil DSX-nın binasının həyətində verdi. Bir neçə gün sonra özüm Opera və Balet Teatrının yanında Nicatla görüşüb 5 min verdim. Növbəti dəfə Nicat öz maaş kartını bizə göndərdi, 1600 manat da onun kartına köçürdük. Bunun qəbzi də var. Qalan 2 min dolları da bacım oğlu müstəntiqə vermişdi…”.

Gözdən qaçırmayın:  Əvəz Zeynallının həyat yoldaşı: “Fuad Ələsgərovun sifarişilə həbs olunub”
Foto: Faiq Məmmədovun yaxınlarının arxivindən

Şikayətçinin iddiasına görə, dediklərini təsdiq edən sübutları, səs yazıları var. Ana deyir ki, müstəntiq uzun müddət onları aldadıb, oğlunun iş üzrə istintaqın tamamlandığını, işin artıq məhkəməyə göndərildiyini bilməyiblər. Artıq məhkəmə başlayanda aldadıldıqlarını başa düşüb, müstəntiqdən pulu geri istəyiblər. Məhsəti Məmmədovanın dediyinə görə, müstəntiq aldığı pulları qaytarmayıb:

“Dedi ki, “pulun hamısını Baş Prokurorluğa vermişəm, geri ala bilmirəm”. Bunların hamısı səs yazılarında da var. Deyirdi ki, prokurorluq nə deyirsə, onu eləyirik. Nicat Acalovun bu hərəkətləri haqda dəfələrlə prokurorluğa müraciət eləmişəm. Heç bir nəticə yoxdur. Ərizəmizi Dövlət Sərhəd Xidmətinə yönləndirirlər. Oradan da cavab ala bilmirik. Qəbz və başqa sübutları da ərizəyə əlavə edirik, baxan yoxdur”.

Faiq Məmmədov haqqında hökmü apelyasiya instansiyası da qüvvədə saxlayıb. Vəkili bu işlə əlaqədar yaxın vaxtlarda Ali Məhkəməyə kassasiya şikayəti göndərəcək.

Prokurorluq və Dövlət Sərhəd Xidməti deyilənləri təkzib edir

Baş Prokurorluğun mətbuat xidmətindən Məhsəti Məmmədovanın iddialarıyla bağlı sorğuya cavab olaraq bildirilib ki, onun müraciəti üzrə araşdırma aparılıb, göstərdiyi xüsusatlar təsdiqini tapmayıb:

“Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədov Faiq Fərman oğlu Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qaçaqmalçılıq; bir qrup şəxs tərəfindən və satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib, 13 il azadlıqdan məhrum edilib. Vətəndaşın müraciətində qeyd etdiyi digər xüsusatlar isə öz təsdiqini tapmayıb”.

Dövlət Sərhəd Xidməti də Məhsəti Məmmədovanın dediklərini təkzib edib: “Qeyd edilən fikirlər həqiqəti əks etdirmir”.

Bu qurumdan onu da bildiriblər ki, məsələ ilə əlaqədar Baş Prokurorluqda araşdırma aparılır.

Məhsəti Məmmədova isə deyir ki, əgər hüquq-mühafizə orqanları tədbir görməsə, əlindəki sübutları ictimaiyyətə açıqlayacaq.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button