SEÇMƏ

“Beynəlxalq müsabiqələrə dövlət vəsaiti xərclənməməlidir”

Yayımlandı: 21 Oktyabr 2022 16:41

Azərbaycan “Eurovision 2023” müsabiqəsinə hazırlaşır

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Eurovision 2023” müsabiqəsində 37 ölkə iştirak edəcək.

Yarışmaya qatılan ölkələr Azərbaycan, Albaniya, Avstraliya, Avstriya, Belçika, Ermənistan, Kipr, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniyadır.

Bolqarıstan, Monteneqro, Şimali Makedoniya, Bosniya və Herseqovina isə “Eurovision 2023” mahnı müsabiqəsində iştirakdan imtina edib.

Ölkə yayımçıları səbəb kimi yarışmaya marağın azalması, eyni zamanda iqtisadi və enerji böhranını, həmçinin iştirakla bağlı yarana biləcək yüksək xərcləri göstəriblər.

Ümumiyyətlə, müsabiqədə iştirak edən hər hansı ölkənin milli yayımçısı olan teleşirkət yarışmanın təşkili və iştirakı ilə əlaqədar xərcləri özü hesabına edir. Bu, telekanalın reklam gəlirləri, sponsor əlaqələri hesabına baş verir.

Yarışma ilə bağlı maliyyə məsələlərinə yayımçı deyil, dövlət hesabına edən ölkələr də var. Azərbaycan da belələrindəndir.

Azərbaycan İctimai Televizya və Radio Yayımları Şirkəti (İTV) 2007-ci ildən Avropa Yayım Birliyinin üzvüdür və 2008-ci ildən “Eurovision” mahnı müsabiqəsində iştirak edir.

Yarışmada iştirak da İTV tərəfindən deyil, dövlət maliyyəsi ilə reallaşır.

Ekspertlərin fikrincə, yarışlarda iştirak dövlət tərəfindən maliyyələşməməlidir.

İqtisadçı Toğrul Maşallı Meydan TV-yə Azərbaycanın yarışmada iştirakının dövlət səviyyəsində maliyyələşməsini doğru hesab etmədiyini deyir:

“Bizdə beynəlxalq tədbirlərdə iştirak, adətən, bu və ya digər formada dövlət büdcəsindən maliyyələşdirilir. Ümumiyyətlə, dövlət vəsaiti belə məsələlərə xərclənməməlidir. Bu məsələdə dövlət kənara çəkilməlidir. İTV iştirak etmək imkanın olub-olmamasını özü müəyyən etməlidir. Müsabiqənin təşkili müəyyən vəsaitə başa gəlir. İndiki artan qiymət şəraitində bu xərclər effektli deyil. Yarışmanın xərci çoxdur, amma qazancı yüksək deyil”.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Azərbaycan hökumətinin ümumiyyətlə yarışlara xüsusi marağı var:

“Hökumət 2023-cü ildə keçiriləcək “Eurovison” yarışmasına reklam kimi baxır. Yarışmada iştirakı növbəti piar aksiyasına çevirmək istəyir. Hətta qalib gəlmək üçün müəyyən addımlar da atıla bilər”.

İlkin olaraq 68-ci dəfə keçiriləcək müsabiqəyə Ukrayna ev sahibliyi etməli idi, çünki ölkəni təmsil edən “Kalush Orchestra” qrupu “Eurovision 2022”də birinci yeri qazanmışdı.

Lakin hazırda Ukraynada davam edən döyüşlər səbəbindən Avropa Yayım Birliyi şounu Böyük Britaniyaya köçürmək qərarına gəlib.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Buna görə də Avropa Yayım Birliyi tərəfindən “Eurovision 2022” mahnı müsabiqəsindən uzaqlaşdırılıb.

Gözdən qaçırmayın:  “İran silahları vətəndaşlarımızı öldürür”

2022-ci il mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində “Eurovision 2022” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib.

Ümumilikdə 25 ölkənin iştirak etdiyi yarışmanın final mərhələsində 631 səslə Ukrayna (“Kalush Orchestra” – “Stefania”) qalib olub.

Böyük Britaniya (Sam Ryder – “Space Man”) ikinci, İspaniya isə (Chanel – “SloMo”) üçüncü olub.

Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli ümumilikdə 103 xal toplayaraq, 16-cı yerdə qərarlaşıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button