2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq təşkilatlar Avropa Şurasının baş katibini Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmağa çağırıblar

18 beynəlxalq insan hüquqları təşkilatı Avropa Şurasının yeni baş katibi Alen Berseyə məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.

“Hesab edirik ki, Azərbaycanda insan haqları böhranı ofisinizin yüksək prioriteti olmalıdır”, – beynəlxalq hüquq müdafiə təşkilatlarının sentyabrın 18-də baş katibə ünvanladıqları məktubda qeyd edilir.

Beynəlxalq insan hüquqları təşkilatları qeyd edirlər ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsindən sonra, həmçinin Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda repressiyalar nəzərəçarpacaq dərəcədə intensivləşib.

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb. Müstəqil media qurumlarının rəhbərləri həbs ediliblər, hakimiyyət orqanları hüquq müdafiəçilərinə, eləcə də akademiklərə və tədqiqatçılara təzyiqləri artırıb. Repressiya getdikcə daha çox gənc fərdlərə yönəlir”, -məktubda vurğulanıb.

Tanınmış azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin aprel ayında saxta ittihamlarla yenidən həbs edildiyini qeyd edən müəlliflər onun həbsinin Azərbaycanda 2024-cü ildə repressiyaların artmasının rəmzi göstəricisi olduğunu bildirirlər.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədlinin barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün  təsisçilərindəndir.

Beynəlxalq təşkilatlar Məmmədlinin həbsinin fevral ayında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələrini dərc etməsindən və Ədalət Mühiti Təşəbbüsünün yaradılmasınının elan edilməsindən dərhal sonra baş verməsinə diqqət çəkib.

“Buna baxmayaraq, Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. Azərbaycan vətəndaş cəmiyyətinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var”, -müəlliflər əlavə ediblər.

Bu xüsusda məktubda fəal Famil Xəlilov, tədqiqatçı Bəhruz Səmədov, iqtisadçı Qubad İbadoğlu, Həmkarlar İttifaqı fəalı Afiəddin Məmmədovun adları çəkilir.

Azərbaycan hakimiyyəti müstəqil KİV-ləri təqib etməyə başlayıb, reydlər edib və “Abzas Media”, “Toplum” TV və “Kanal 13”ü bağlayıb. Jurnalistlər – “Abzas Media”nın direktoru Ülvi Həsənli, redaktor Sevinc Abbasova, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Akif Qurbanov, “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli, “Kanal 13”ün  direktoru Əziz Orucov və jurnalistlər Şamo Eminov, Elnarə Qasımova, Nərgiz Absalamova və Əli Zeynal, həmçinin siyasi fəallar Tofiq Yaqublu və Ruslan İzzətli araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Beynəlxalq təşkilatlar vurğulayıblar ki, Avropa Şurası baş katibi bütün vasitələrdən istifadə edərək Azərbaycan hakimiyyətini Anar Məmmədli və siyasi motivlərlə həbs edilmiş digər hüquq müdafiəçiləri, fəallar və jurnalistləri azad etməyə çağırmalıdır.

Bununla yanaşı, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətini hədəf alan və onların fəaliyyətini cinayət hesab edən qanunvericiliyi Venesiya Komissiyasının rəylərinə əsaslanaraq yenidən hərtərəfli nəzərdən keçirməyə çağırılmalıdır.

Baş katib Alen Berse həmçinin COP29-da iştirakı zamanı Azərbaycan hakimiyyətinə siyasi dəstək verməkdən çəkinməyə, Azərbaycanın AŞPA deputatları da daxil olmaqla müstəqil qrupların konfransda iştirakına məhdudiyyət qoymasını pisləməyə çağırılıb.

Müraciəti imzalayıblar: Azərbaycanda Repressiyaların Dayandırılması Kampaniyası, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Dayaq Vətəndaş Şəbəkəsi (Ukrayna), Avropa Mübadiləsi, Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Demokratik Seçkilər Naminə Avropa Platforması, Helsinki İnsan Hüquqları Fondu (Polşa), İnsan Hüquqları Mərkəzi (Gürcüstan), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı (İPHR), Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, Siyasi Məsuliyyət Fondu (Polşa), Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi (Moldova), işgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT), ZMİNA İnsan Hüquqları Mərkəzi ( Ukrayna) və başqaları.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button