2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Beynəlxalq Bankda talanan 3 milyardı xalqa ödətdirirlər – 0.15%-lik səxavətin sirri

Büdcəni xəstələndirmək hesabına, şəxsi bankı sağlamlaşdırmaq siyasəti

Hökumətin vətəndaşla düşmənçiliyi, dövlət vəsaitlərinin talan edilməsi hər gün daha çılpaq şəkildə özünü göstərir. Məsələn bu xəbərdə olduğu kimi: Beynəlxalq Bankı xilas etmək üçün dövlət büdcəsindən Mərkəzi Banka (MB) ayrılan 3 milyard manat borc 2045-ci ildə qaytarılacaq. Mərkəzi Bankın ötənilki fəaliyyət hesabatında bildirilir ki, borcun 2.5 milyardı artıq 2015-ci ildə götürülüb, yerdə qalan 500 milyon manat isə çox güman, bu il alınacaq. Borc illik 0.15 faizlə cəlb edilib.

Rəsmi ittihamlara görə, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və komandası bankın milyardlarla manat aktivlərini mənimsəyib və ya səmərəsiz layihələrlə batırıb. Nəticədə bank müflis olma təhlükəsi qarşısında qalıb. Hazırda Beynəlxalq Bank işi üzrə istintaq davam edir, Cahangir Hacıyev və bankın talanmasına görə məsuliyyət daşıdığı deyilən bəziləri həbsdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ilin iyulunda ölkə başçısı bankın maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması haqqında fərman imzalayıb. Fərmandan sonra dövlət banka 3 milyard manat borc vdrmişdi. O zaman borcun neçə faizlə verildiyi açıqlanmamışdı.

İqtisadçı ekspertlər bu “sağlamlaşdırma əməliyyatı”nı qüsurlu hesab edirlər. Məsələn, iqtisadçı ekspert Zöhrab İsmayıl hesab edir ki, bu məsələnin arxasında bankın özəlləşdirilməsi durur. Yəni, bankı ölkə rəhbərliyinə yaxın çevrələrin özəlləşdirməsi planlaşdırılır və bu da gələcək sahiblərin heç bir problemlə üzləşməməsi üçündür. Z.Ismayıl düşünür ki, vəsaitin 30 illiyə və belə aşağı faizlə verilməsi araşdırılmalıdır: “Bank bu müddətdə dövlət mülkiyyətində qalsaydı, – başqa məsələ, amma özəlləşdirilməyə hazırlanır. Indi, görək, bankın özü neçəyə özəlləşdiriləcək? Hər bir halda bank tam dövlət bankı deyil, buna görə də belə imtiyazlı şərtlər açıq şübhə doğurur. Həm müddət çoxdur, həm də faiz çox aşağıdır”.

Ekspert Rövşən Ağayev də banka verilən borcun 2045-ci ildəki mümkün dəyərinə diqqət çəkir: “Bu vəsait o zaman dəyərsiz kağız parçasına çevriləcək. Indiki nəslin vergi ödəyicilərinə büdcədən ödədirlər, 30 ildən sonra da gələcək nəslin biznes adamlarına ödədəcəklər – bankdan büdcəyə. Indiki nəsillərin pis əməllərinin bədəlini gələcək nəsillərə ödətməyin bariz nümunəsidir”.

Göründüyü kimi hökumət özəlləşdiriməyə hazırlaşdığı banka 30 il müddətində 0.15 faizlə kredit verir. Ölkənin bu qədər ağır vəziyyətində, belə bir “səxavət” göstərmək sağlamlaşdırmağa yox, xəstələndirməyə xidmət edir. Yəni, hökumət növbəti dəfə şəxsi maraqların təmin olunması üçün dövlət vəsaitlərini qurban verir.

Devalvasiyadan sonra ölkə vətəndaşına milyardlarla zərər dəydi və hökumət vətəndaşa hər hansı güzəştdən imtina etdi. Maliyyə naziri Samir Şərifov “bank xeyriyyə cəmiyyəti deyil” mesajını verdi, Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirdi ki, əhaliyə güzəşt edilməsi maliyyə intizamını poza bilər. Nəhayət, Konstitusiya Məhkəməsi vətəndaşın əleyhinə qərar qəbul etdi və yarıtmaz siyasətin yaratdığı iki devalvasiyanın yükünü xalq çəkdi. Necə olur ki, vətəndaşı bataqlıqdan çıxarmaq üçün 250 milyon manat tapmayan hökumət, Beynəlxalq Bankı sağlamlaşdırmaq üçün 3 milyardı dərhal tapır? Belə çıxır ki, bank xeyriyyə cəmiyyəti olmasa da, dövlətin vəsaiti xeyriyyə fondurur?

Hamı bilir ki, Cahangir Hacıyev Beynəlxalq Bankın tək sahibi deyildi, bankın səhmlərinin 51 faizi Maliyyə Nazirliyinə məxsusdur və bir şəxs bu qədər özfəaliyyətlə məşğul ola bilməzdi. Belə çıxır ki, müxtəlif yollarla ölkədən çıxarılan, talan edilən, mənimsənilən pulları xalq ödəməlidir. Bəli, bir qrup adamın cibinə axan pulların yerini, gələcək nəsillər ödəməlidir.

Səfil vəziyyətində olan vətəndaşa 25-30 faizlə kredit verənlər, Beynəlxalq Banka 0.15 faizlə, həm də 30 illik kredit verir. Müddətin bu qədər çox, faizin bu qədər aşağı olması, 3 milyard dövlət vəsaitinin havaya sovrulması deməkdir. Bu qədər vəsaiti səmərəli işlərə xərcləmək, vətəndaşın rifahına yönəltmək olardı.

Amma hökumət bir tərəfdən kredit borcunu ödəyə bilməyənlərə sərt cəzalar tətbiq edir, vətəndaşa məhkəmələrlə göz dağı verir, 100 manat borcu olanı ölkədən buraxmır, o biri tərəfdən də onsuz da “şikəst” vəziyyətdə olan büdcəni boşaldır.

Rəsmi şəkildə etiraf edilir ki, Eldar Mahmudov, Cahangir Hacıyev milyardlar mənimsəyib, bu adamalrın ölkənin və dünyanın müxtəlif yerlərində bahalı mülkləri, şirkətləri var. Əgər belədirsə, 3 milyard niyə bu adamların sərvətindən toplanmır? Dövlətin 3 milyardını rahatlıqla qurban edənlər, Eldar Mahmudovun, Cahangir Hacıyevin oğurladıqlarını niyə ortaya çıxarmırlar?

Belə çıxır ki, onlardan müsadirə olunan var-dövlətin də büdcəyə aidiyyatı yoxdur və “şikar” iri canavarlar arasında bölünür.

Son 10 ildə ölkədən 95 milyard pul ofşorlara çıxarılıb, hər gün hakim ailədən tutmuş, kiçik məmura qədər müxtəlif adamların var-dövləti haqqında faktlar ortaya çıxır. Niyə hökumətin oğurladığını xalq ödəməlidir? Bu illər ərzində milyarderə çevrilmiş məmurlar, Beynəlxalq Bankı niyə özləri sağlamlaşdırmırlar? Cahangir Hacıyev də, Eldar Mahmudov da bu hökumətin kadrlarıdı, Beynəlxalq Bankdan bu hökumətin başında duranlar fayda götürüb, devalvasiya bu hökumətin yaratdığı cəhənnəmdi və bütün zərərləri də bu adamalar ödəməlidir. Axı, nə vaxta qədər hökumət kürsüsünü zəbt edənlər qazancı özləri götürüb, zərəri dövlətin, xalqın belinə yükləyəcəklər?

Hökumət açıq şəkildə xalqa və dövlətə müharibə elan edib. Özəlləşdirməyə hazırlaşdıqları bankın problemlərin dövlətin vəsaiti hesabına həll etmək istəyirlər və bu bank yenidən vətəndaşı müflisləşdirməyə, asılı vəziyyətə salmağa xidmət edəcək. 2045-ci ildə bu hökumətdə təmsil olunanların hamısı dünyanı tərk etmiş olacaqlar. Deməli, 3 milyardlıq “səxavət” sahibləri heç bir məsuliyyət hiss etməyəcəklər. Bir də ki, 120 milyard neft pulunu ata malı kimi mənimsəyənlər üçün, büdcədən 3 milyard qoparmaq o qədər də həyəcan yaratmır.

Bir sözlə, vətəndaşı və büdcəni xəstələndirmək hesabına, şəxsi banklarını sağlamlaşdırmaq qərarı veriblər.

Akif, azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button