2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Beynəlxalq Bankın problemləri göründüyündən daha dərindir”

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Bundan başqa, prezident “Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Bu sənədlərə əsasən, Beynəlxalq bank, “Azər-Türk Bank” və “Azərsığorta” investisiya holdinqin idarəetməsinə verilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bu qərar illərdir adı korrupsiya qalmaqallarında hallanan, sağlamlaşdırılması üçün dəfələrlə dövlət büdcəsindən vəsait alsa da nəticəsi olmayan Beynəlxalq Bankın dirçəlməsinə şərait yaradacaqmı?   Adı korruspiaya qalmaqallarında keçən banka investorlar yaxın gələcəkmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb. 

* * *

Sual: Əkrəm bəy, prezidentin fərmanı ilə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu nə məna daşıyır?

Cavab: Azərbaycan İnvestisiya Holdinqi dövlətə məxsus kommersiya təşkilatlarının vahid mərkəzdən və vahid standartlar əsasında idarə edilməsi üçün yaradılıb. Əsas məqsəd də həmin təşkilatların mənfəətlə işləməsinə nail olmaqdır. Yoxsa hamısı özünü dövlət orqanı və ya publik hüquqi şəxs kimi aparır. Yəni guya ictimai əhəmiyyətli fəaliyyətlə məşğuldurlar. Buna görə də yersiz xərclərə yol verir və səmərəsiz işləyirlər. Halbuki əsas məqsədləri mənfəət götürməkdir. Tədricən bütün belə kommersiya təşkilatları sözügedən Holdinqə verilir və veriləcək. Necə ki, ən irisi – SOCAR – çoxdan verilib. İndi də növbə maliyyə təşkilatlarına çatıb. Perspektivdə bu təşkilatlarda düzgün idarəetmə sistemi qurulsa, onların özəlləşməsi də gündəmə gələcək.

Sual: ​İllərdir Azərbaycan hökuməti Beynəlxalq Bankın sağlamlaşdırılması üçün səylər göstərir. Hətta bunun üçün dövlət büdcəsindən vəsaitlər də ayrılıb. Amma bu səylər elə də nəticə vermədi. Bankın dirçəlməsi üçün əsas problemlər nələr idi?

Cavab: Bəli, dövlət bu bankı müflislikdən qurtarmaq üçün əlindən gələni edib. Bir neçə il öncə hətta onun 3 mlrd. ABŞ dollarından çox öhdəliklərini də üzərinə götürdü. Lakin bank hələ özünə gələ bilməyib. Çünki oradakı problemlər göründüyündən də dərindir və böyükdür. İllər boyu onu talayıblar. Normal idarəetmə sistemi, kadr seçimi və s. olmayıb. İndiki vəziyyət daha yaxşı olsa da, problemlərin çoxu qalır. Əsas da kadr problemi.

Sual: Sizcə, bu qərar bankın sağlamlaşması üçün təkan ola biləcəkmi?

Cavab: Hər şey Azərbaycan İnvestisiya Holdinqinin özündə düzgün idarəetmə sisteminin qurulmasından asılıdır. Bu da oradakı komandaya bağlı məsələdir. Açığı, orada elə bir güclü komanda, kadr potensialı görmürəm. Əsasən sırf bir-iki kitab oxuyandan sonra ingiliscə populyar ifadələri işlədərək hansısa xarici təcrübəni yamsılamaq əzmində olan insanlar yığını var. Ora elmi və sistemli yanaşmaya malik olan, yerli şəraiti dərindən bilən, yaradıcı strategiya qura bilən və digər adekvat keyfiyyətlərə malik olan peşəkarlar lazımdır. Prinsipcə, bu, bütövlükdə həm dövlət, həm də özəl sektorun əsas problemidir. Məsələn, elə öz sahəmdən – hüquq sahəsindən – deyə bilərəm ki, ölkənin iri holdinqlərində və şirkətlərində güclü hüquqşünaslar demək olar ki, yoxdur. Sadəcə onların əsl səviyyəsini müəyyən edə bilən top-menecment olmadığı üçün bunu bilən azdır. Digər ixtisaslar üzrə də vəziyyət oxşardır.

Sual: ​Sizcə, sağlam olmayan, adı korruspiaya qalmaqallarında keçən bir banka investor yaxın gələrmi?

Cavab: Şərtlərdən asılıdır. Hazırda əlbəttə dövlətə sərfəli qiymətə alan olmaz. Amma bir neçə il ərzində lazımi işlər görülsə, vəziyyət müsbətə doğru dəyişə bilər.

Sual: Azər Türk Bank” və “Azərsığorta” İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Özəl bank və şirkəti hökumətin investisiya holdinqinin idarəetməsinə verməsi nə dərəcədə düzgündür?

Cavab: Onlar da Beynəlxalq Bank kimi tam dövlətə məxsusdur. Bu baxımdan düzgündür.

Sual: ​Bank sisteminin sağlamlaşdırılması üçün hansı addımları atmaq lazımdır?

Cavab: Əvvəla, bank qanunvericiliyi kökündən dəyişdirilməlidir. Prezident 2004-cü və 2014-cü illərdə Bank Məcəlləsinin hazırlanmasını tapşırıb, amma hələ də icrasız qalıb. Yeni mütərəqqi nəzarət sistemi qurulmalıdır. Bütün iştirakçıların məsuliyyəti artırılmalıdır. Daha sonra, Mərkəzi Bankda nəhayət kadr dəyişiklikləri olmalıdır. Digər dövlət təşkilatlarında olduğu kimi, orada da Müşahidə Şurası yaradılmalıdır ki, İdarə Heyəti özbaşınalıq edə bilməsin. Rəqabət mühiti güclənməli, inhisarçılığın qarşısı alınmalı, şəffaflıq artırılmalıdır. Bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndirilməldirir: hesab, valyuta və s. əməliyyatları da apara bilməlidirlər (əmanət qəbulundan başqa). “Azərpoçt”un da maliyyə xidmətləri genişləndirilməlidir.

Kamran Mahmudov 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button