2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Beynəlxalq dairələrin susqunluğu, adekvat reaksiya göstərməmələri məyusedicidir.”

* * *

Sual: Rüfət bəy, son bir il Azərbaycanda insan haqları sahəsində daha çox nə ilə yadda qaldı? Bu bir il ərzində insan hüquqları sahəsində hansı müsbət irəliləyişlər oldu? Və ya hansı geriləmələr qeydə alınıb?

Cavab: Təşəkkür edirəm hazırkı fürsətə görə. Təəssüf hissi ilə qeyd edirəm ki, mövcud siyasi rejimin bərqərar olduğu 1993-cü ildən bəri Azərbaycanda insan haqlarının, xüsusilə də siyasi azadlıqların vəziyyəti qeyri-qənaətbəxş olub. Bu illərdə rəsmi Azərbaycan demokratik idarəetməyə üstünlük verməyib,  vətəndaş cəmiyyəti formalaşması əngəllənib, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğunun qarşısına “YAP səddi” çəkilib, iqtisadiyyat ədalətə söykənməyib, milli sərvətdən kiçik qrupa daha çox pay düşüb, bütün bunlara etiraz edən ictimai-siyasi fəallar barəsində repressiv tədbirlər seçilib. Təmsil etdiyim “Müdafiə Xətti”nin ötən il ərzində insan haqlarının vəziyyəti ilə bağlı apardığı müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda avtoritar meyllər dövlət və cəmiyyət həyatının dərinliklərinə nüfuz edib, alternativ rəyi yayan vətəndaşlar inzibati orqanlar tərəfindən təqib edilib, söz və fikir, mətbuat və məlumat, vicdan, hətta yaradıcılıq azadlıqlarının subyektiv müdaxilələrə məruz qalması genişlənib, demokratiyanın mühüm atributu olan yığıncaq azadlığı faktiki olaraq yasaq edilib. Bilirsiniz, insan haqlarının əsas məğzi odur ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar hər kəsə aiddir. Əvvəlki illərdə olduğu kimi, son bir ilin siyasi və hüquq gerçəkliyi onu ortaya qoyur ki, Azərbaycanda bərabərlik hüququ vaxtaşırı surətdə pozulub, insanlar bir çox hallarda əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olaraq qanunvericilik qarşısında mövqe tutublar. Eyni zamanda, hökumət pandemiya və onun doğurduğu bəlli məhdudiyyətlərin fonunda vətəndaşının arxasında durmaq əvəzinə, kobud sui-istifadələrə yol verilib, siyasi və iqtisadi azadlıqlar buxovlanıb, sosial hüquqlar bir çox hallarda tapdanılıb. 2021-ci ildə insan hüquqlarının durumunu bir cümlə ilə ifadə etməli olsaq, Azərbaycanın “hüquqi sifəti” daha da eybəcər şəkil alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Siz hər ay insan haqlarının pozulması halları ilə bağlı monitorinq aparırsız. Bu bir ildə, daha çox hansı fundamental hüquqlar pozuldu? Siyasi məhbus siyahısında hansı dəyişikliklər baş verdi? Kimlər həbs olundu? Neçə nəfər siyasi fəaliyyətinə görə inzibati həbsə məhkum olundu?

Cavab: Bəli, həmtəsisçisi olduğum “Müdafiə Xətti” insan haqlarının vəziyyətinə dair  həftədə 1 dəfə bülleten, ayda bir dəfə hesabat tərtib edir. Hər iki hüquqi sənəd təkcə yerli auditoriyaya çatdırılmır, eyni zamanda, insan hüquqları sahəsində ixtisaslaşan beynəlxalq quruluşlara, beynəlxalq siyasi güc mərkəzlərinə, Qərbin və Avropanın Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə  göndərilir. Bu bir ildə  güc strukturları müxalif fəalların, hətta liderlərin ailə və şəxsi həyatına müdaxilə edib, şəxsi toxunulmazlıq hüququna kobud müdaxilələr etdilər, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP)  yaydığı yeni araşdırmada məlumat verilibdir ki, Fransanın Forbidden Stories qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən 17 KİV tərəfindən bildirilibdir ki, İsrailin NSO Group şirkəti tərəfindən  hazırlanmış Pegasus proqramı vasitəsilə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda siyasətçilər, jurnalistlər və fəallar izlənilir. Eyni zamanda, 2021-c ildə ifadə, məlumat, sərbəst toplaşamaq, vicdan azadlıqları, azadlıq, bərabərlik, ədalətli məhkəmə, şərəf və ləyaqətin müdafiəsi, sosial təminat hüquqları sıx-sıx pozulub. Hökumət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməyib. Siyasi məhbus problemi köklü surətdə öz həllinə qovuşmayıb. Təəssüf, hazırkı hökumətin idarəçiliyi dövründə elə bir mərhələ olmayıb ki, həmin dövrə vicdan və siyasi məhbuslar xas olmasın. Əslində Konstitusiyanın 2-ci bölməsində təsbit edilmiş əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının iqnor edildiyi Azərbaycanda siyasi ağırlıqlı inzibati və cinayət təqiblərinin olması gözləniləndir. Onlarla müxalif fəal qurama əsaslarla, “növbətçi ittiham”larla inzibati qaydada həbs edildi. Təkcə son iki ayda 14 siyasi fəal barəsində qondarma motivlərələ inzibati həbs seçilib. Aqil Hümbətov, Laçın Vəliyev, Mütəllim Oruc, Malik Rzayev, Şahin Hacıyev, Razi Hümbətov saxta ittihamlar əsasında cinayət məsuliyyətinə cəlb edilərək cəmiyyətdən təcrid edildilər. Siyasi əsaslarla saxlanılan fəalların beşi “növbətçi ittiham”la, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mühakimə edildilər. Laçın Vəliyev “etirafedici” ifadələrə imza atmayanda intim görüntülərlə şantaj edildi, işgəncələrə məruz qaldı. Mütəllim Oruc və Malik Rzayev repatriasiya edildikdən sonra “narkobaron” çıxdılar. Gəncə şəhərində fəaliyyət göstərən AXCP fəalı Şahin Hacıyev dövlət başçısını sosial şəbəkələrdə tənqid etdikdən sonra külli miqdarda narkotik vasitələri satmada təqsirləndirildi. Ş.Hacıyev şahmat müəllimidir, yarışlarda yüksək nəticələr göstərən tələbələri var. Maddi durumu o dərəcədə ağırdır ki, evindəki əşyaları satmağa başlayıbmış. İndi belə birisini “narkobaron” elan ediblər. İnanclı şəxs Razi Hümbətov da eyni aqibəti yaşayıb. Göründüyü kimi, siyasi məhbus problemi nəinki həll olunub, əksinə son dərəcə absurd ittihamların hesabına dairəsi daha da genişlənib.

Sual: Ümumilikdə, sərbəst toplaşmaq, ifadə azadlığı, media azadlığı və digər azadlıqlar sahəsində hansı dəyişikliklər baş verdi?

Cavab: Bu ilin aprelində “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatı dünya üzrə bir illik Mətbuat Azadlığı İndeksini dərc edib. İndeks informasiya əldə etmək məhdudiyyətlərinin səviyyəsi və xəbərlərin işıqlandırılmasında əngəllərlə müəyyən edilir. 180 ölkə sırasında Azərbaycan 167-ci yer tutub. Sirr deyil ki, Azərbaycan hökuməti azad və müstəqil medianın inkişafında maraqlı deyil. Bunun çox sadə səbəbi var: çünki rəsmilər istəmirlər ki, dövlət idarəertmə orqanlarını bürüyən korrupsiya, hökumətin zirvəsinin bir neçə qitə boyunca məxfi biznes əməliyyatları, məmur özbaşınalığı və oliqarxiyası, iqtisadiyyatda monopoliya, gedərək daha da dərinləşən sosial-iqtisadi böhran, həyat səviyyəsinin ciddi surətdə aşağı düşməsi, qanunsuz cəzalandırmalar, məhkəmələrin “hüquqi oyuncağa” dönməsi, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərə tətbiq edilən işgəncə halları, bir sözlə, polis dəyənəyinin üzərində bərqərar olan və mövcudluğuna görə zorakılığa borclu qalan hazırkı üsul-idarənin gerçək anatomiyası topluma çatdırılsın. Ona görə də  müxalifət  saytlarının bloklanması davam edir, müstəqil media mənsublarının təzyiqə məruz qalma halları müşahidə edilir. Bununla belə, hökumət inkişaf edən elektron dünyanın fonunda tənqidçi medianın qarşısnı tam almaqda acizdir. Ölkə xaricində fəaliyyət göstərən media quruluşlarının, internet televiziyalarının fəaliyyəti hesabına da cəmiyyət müxalif fikirdən hali olur. Sualınızın digər hissəsinə gəldikdə isə qeyd edirəm ki, təkcə dekabrın 1-də siyasi məhbus Saleh Rüstəmovun azadlığı ilə bağlı sərbəst toplaşmağa cəhd göstərən fəallara, hətta müxalifət liderlərindən sayılan Tofiq Yaqubluya tətbiq edilən vəhşilik, polisin son dərəcə qəddar tərzi yığıncaq azadlığı sahəsində vəziyyətin necə bərbad olduğuna bariz misaldır. 

Sual: Bu il o biri illərdən fərqli il idi. Belə ki, bu il müharibədən qalib kimi çıxdığımız ilk il idi. Məhz buna görə də hakimiyyətdən insan haqları, siyasi məhbuslar sahəsində gözləntilər böyük idi. Amma bu gözləntilər özünü doğrultmadı…

Cavab: Vətən Müharibəsi dövründə nümunəvi vətəndaş həmrəyliyinə şahidlik etdik. Savaşadək hökumətin siyasətini tənqid edən müxalif partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq müdafiəçiləri, media mənsubları həmrəylik nümayiş etdirdilər. Gözləyirdik  ki, rəsmi dairələr də analoji reaksiya verəcəklər. İşğal altında   olan torpaqların əhəmiyyətli hissəsinin azad oluması ictimai rəydə hökumətin, konkret desək, dövlət başçısının reytinqi qalxdı ki, bu da olsa-olsa müxalif rəylərin daha da gözardı edilməsinə stimul oldu, vətəndaş-məmur arasında uçurum dərinləşdi, hüquq müahfizə orqanlarının, xüsusilə də polisin zorakılığı  şiddətli xarakter aldı.

Sual: Ilin sonu zəfər amnistiyası, siyasi məhbus kimi tanınan Saleh Rüstəmovun aclıq aksiyası, siyasi fəal Tofiq Yaqublunun “Saleh Rüstəmova azadlıq!” aksiyasında iştirak etdiyi üçün saxlanılması və döyülməsi ilə yadda qaldı. Eyni zamanda bu hadisələr həm də Beynəlxalq İnsan Haqları günü və Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti ərəfəsində baş verirdi. Sizcə, bu mənfi hadisələrə rəvac verənlər hakimiyyəti bilərəkdən təxribata çəkmiş ola bilərlərmi? 

Cavab: Bu suala dair düşüncəm konkretdir: Azərbaycanda tanınmış müxalifət liderlərindən biri Tofiq Yaqublunun saxlanılması, bölmədə işgəncəyə məruz qalması, başına torba keçirilərək şəhərdən çıxarılması, yenidən döyülməsi, üz nahiyəsinin tanınmaz hala salınması, bunlar azlıq edirmiş kimi, fotosunun çəkilməsi, Bakıdan 70-80 km-lik məsafədə buraxılması barədə göstəriş vermək nəinki hansısa iri rütbəli məmurun, polisin, heç daxili işlər naziri Vilayət Eyvazovun, DTX rəisi Əli Nağıyevin həddi deyil. Bu, birbaşa dövlətin zirvəsinin təlimatıdır, fikrimcə, hansısa təxribat və s. barədə bəhs etmək düzgün deyil. Baş verənləri izləyirik, təcrübəyə istinad edirik və nəticə çıxarırıq.

Sual: Ölkədəki insan haqlarının durumuna beynəlxalq reaksiya necədir? Qənaətbəxş hesab etmək olarmı? 

Cavab: İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq quruluşların, eləcə də siyasi güc mərkəzlərinin hesabatlarından da görünür ki, Azərbaycanda bu sahədə vəziyyət qeyri-qənaətbəxşdir. Vaxtaşırı olaraq Human Rights Watch, Amnesty International, Freedom House, Norwegian Helsinki Committee öz hesabat və mövqe sənədlərində konkret faktlara söykənib, Azərbaycanda hüquq və azadlıqların ciddi əngəllərlə müşayiət olunduğunu önə çəkirlər. ABŞ Dövlət Departamentinin insan haqlarının durumuna dair  sonuncu illik hesabatının Azərbaycana aid bölməsi  də mövcud durumun acınacaqlı olduğunu göstərir. AŞPA və BMT-nin İşgəncələrə qarşı Komitəsi cari ildə aylardır ki, gündəm olan “Tərtər işi” ilə bağlı ədalətli, hərtərəfli, tam araşdırmanın aparılmasına dair çağırışlar etsə də hökumət etinaz münasibət göstərməkdə davam edir. Qeyd edilənlər onu göstərir ki, hakimiyyət beynəlxalq çağırışların hələ ki, heç bir əməli nəticə doğurmadığından, arxayınlayşıb sərt idarəetməni davam etdririr. Xüsusilə, Saleh Rüstəmli ilə bağlı beynəlxalq dairələrin susqunluğu, adekvat reaksiya göstərməmələri, açıq ritorikaya üstünlük verməmələri məyusedicidir.

Sual: Hüquq müdafiəçiləri hökumətlə insan haqlarının durumu ilə bağlı hansısa məsləhətləşmələr aparırmı? Birgə çıxış yolu axtarırsınızmı? Yoxsa, hakimiyyət hüquq müdafiəçilərini və vəziyyəti qəbul etmək istəmir? Ümumiyyətlə, insan haqlarının durumunun yaxşılaşması üçün çıxış yolunu nədə görürsünüz?

Cavab: Bəllidir ki, həmtəsisçisi olduğum “Müdafiə Xətti”  hökumətin hüquq siyasətini, insan haqları sahəsində yürütdüyü siyasəti haqlı olaraq tənqid edən təşkilat kimi tanınır. Bu, yuxarıda qeyd etdiyimiz kimi, həftəlik bülletenlərimizdə, aylıq hesabatlarımızda öz əksini tapır. Bununla belə, gedərək daha da  pisləşən vəziyyətin yaxşılaşdırılmasından ötrü hökumət dairələri ilə, xüsusilə, Ombudsman və hüquq mühafizə orqanlarının səlahiyyətli şəxsləri ilə açıq təmaslarda maraqlıyıq. Hələlik İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva ilə görüşümüz olub, əməkdaşlıq yollarına baxılıb, qərara gəlinib ki, rübdə bir dəfə təmaslarımız olsun. Daxili İşlər Naziriliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi Elşad Haciyev müraciətimizə müsbət cavab verərək əməkdaşlığa razılıq verib, bunun qarşılıqlı fayda verəcəyi tərəfimizdən qeyd edilib. Eynu zamanda, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Müdafiə Xətti” ilə görüşə hazır olduğunu media üzərindən ifadə edib. Yaxın günlərdə bunun baş tutacağına inanıram və qeyd edirəm ki, hökumət dairələri ilə ünsiyyətimiz şəffafdır, görüşün gündəliyi və nəticələri cəmiyyət üçün açıqdır. Məramımız Azərbaycanda hüquqa dayanan dövlətin, vətəndaşa söykənən cəmiyyətin bərqərar olmasında cüzi də olsa töhfə verməkdir. 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button