Now Reading:
Biləsuvarda sosial yardım almayanların yolu bağladığı deyilir

Biləsuvarda sosial yardım almayanların yolu bağladığı deyilir

Bu gün, aprelin 5-də Biləsuvar rayonunda yerli sakinlərin etiraz aksiyası keçirdikləri bildirilir. Onların sosial yardımların verilməməsinə etiraz etdiyi söylənir.

Bu barədə AzadlıqRadiosu-na yerli sakinlər danışıblar.

Verilən xəbərə görə, etiraz edənlər əsasən Xırmandalı və Bəydili kəndinin sakinləri olub. Onlar yolu bağlayıblar

Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, iki aydan çoxdur ki, sosial müavinət ala bilmirlər:

“Sosial yardımların verilməsi dayandırılıb. Onlarla sakin heç bir gəlir yerinin olmaması barədə lazım olan sənədləri toplayıb, təqdim edib. Əvvəllər müraciətlərə qanuni baxıb müavinət kəsirdilər. Ancaq bayramdan başlayaraq bütün müraciətlərə rədd cavabı verirlər”.

Onun bildirdiyinə görə, kəndlilərin əsas narazılığı da elə bu səbəbdəndir.

Verilən xəbərlərə görə, sakinlər Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsini bağlayıblar. Magistral yol yarım saatdan artıq, polis əməkdaşları gələnədək qapalı qalıb.

Polis əməkdaşlarının aksiyada fəallıq edən bir neçə sakini saxladığı bildirilir.

Aksiya zamanı magistral yolda uzun tıxac yarandığı qeyd edilir.

Sakinlərin bildirdiyinə görə, aksiya yerinə Biləsuvar rayon icra hakimiyyətinin başçısı və müavinləri də gəliblər. Onlar etiraz edənlərə yardım ediləcəyini bildirdikdən sonra sakinlər dağılışıb.

Biləsuvar rayon Polis Şöbəsindən aksiya zamanı saxlanılanlar barədə deyilənlərə münasibət bildirməyiblər. Şöbənin növbətçisi sualları eşitsə də cavab verməyib.

Məsələyə, hələlik Biləsuvar rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsindən də münasibət almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.org

Input your search keywords and press Enter.