2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bir güllə atmadan Xankəndiyə…

Nicat İsmayılov

Azərbaycan jurnalistikası tarix yazır. Media və QHT nümayəndələrindən ibarət bir qrup Şuşa-Xankəndi yolu istiqamətində aksiya keçirir. Tələbləri çox sadədir – öz torpaqlarına keçə bilmək. Ağrılısı isə ondadır ki, bu aksiya başqa bir dövlətin, Rusiyanın torpağımızdakı hərbi kontingentinə qarşı təşkil edilib. Yəni, azərbaycanlı, vətəninə keçməyinə icazə vermədiyinə görə rus əsgərinə etiraz edir. Bu da bir tarixdir, nə qədər acı və ağrılı olsa da…

Və bu tarixi yazmaq da mənim qismətimə düşüb.

Elə isə yazaq. Tarix 10 noyabr, 2020-ci il. Bəndənizin əynində hərbi forma var. Xidmət etdiyim hərbi hissədə bayram ab-havası əsgərin iliyindən xidmət rəisinin yeməyinə qədər hiss edilir. Lakin əsgər İsmayılov narahat, hətta bir az da narazıdır. Komandirindən evə zəng etmək bəhanəsi ilə telefon götürüb, dostu Qabil Abbasoğluna telefon açır. İlk dəfə idi ki, salamlaşmadan, hal-əhval tutmadan mövzuya girir və soruşur:

Saytların yığılması Saytlarin yigilmasi

– Ustad, bu nə idi belə?

Abbasoğlu dərindən köks ötürür, alışqanın səsi telefondan eşidilir:

– Bilmirəm, Nicat, 30 ildən sonra ilk dəfədir ki, bilmirəm. 

– Axı niyə?

– Yəqin təzyiq olub. Amma bu çox pis oldu, qazandıqlarımızı təhlükəyə salacaq qədər pis, başa düşürsən?

– Başa düşürəm. Kaş orada olardım… nə yazırlar?

– Susurlar. Hələ sevinənlər də var. Sanki normal hadisə imiş kimi şərh də edirlər. 

– (Köks ötürürəm)

– Sən sağ-salamat gəl, görək neynirik…

Dəyərli oxucu ilə bölüşdüyüm bu dialoq Rusiya sülhməramlıların ölkəmizə təşrifi barədədir. Təbii ki, bu narahatlığı təkcə biz ikimiz yox, ölkədə bir çox analitiklər, ziyalılar, ictimaiyyət nümayəndələri də hiss edir, lakin çox az bir qismi dilə gətirirdilər. Ona görə də 2020-ci ilin dekabr ayında Sosial Tədqiqatlar Mərkəzinin sülhməramlıların Qarabağa gətirilməsi ilə bağlı apardığı ictimai rəy sorğusu nəticəsində müəyyən olunurdu ki, respondentlərin 35.5%-i Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini müsbət qarşılayır.

Bu tərəfdən də sülhməramlılar hələ addımını Qarabağa atmamış Moskvadan Azərbaycana qarşı çox ciddi təhdidlər səsləndirilirdi. Birgə bəyanatın imzalandığı günün səhəri Rusiya Dövlət Dumasının sədr müavini, Putinin partiyası – Vahid Rusiyanın rəhbərliyində təmsil olunan Pyotr Tolstoy yerli mətbuata iddialı bir açıqlama vermişdi:

“Yalnız Rusiya və bizim sülhməramlılarımız bu münaqişəni dayandıra, Qarabağı tam məhv olmaqdan xilas edə bildilər. Rus sülhməramlısının həyatına qəsd edəcək hər kəs Saakaşvilinin yuxuda belə görə bilməyəcəyi aqibətlə üzləşəcək. Yəni ötən dəfə Tbilisini götürmədiksə, bu dəfə hər şey daha ciddi olacaq.” 

Eyni gün millət vəkili Aydın Mirzəzadə BBC-yə sülhməramlıların gəlişini belə şərh etdi:

“Sülhün əldə edilməsində, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiq göstərilməsində ancaq Rusiya iştirak etdi, ATƏT-in Minsk qrupu formatı işləmədi. Buna görə də son məqamda problemin həllində Rusiya iştirak etdiyinə görə Rusiya sülhməramlı qüvvələri iştirak etdilər. Üstəlik, Rusiya bölgədə iştirakçı dövlətlərdən biridir və hər iki dövlətlə – Azərbaycan və Ermənistanla sıx əlaqələri var və hər iki dövlət ona etibar edir. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi və Naxçıvana quru yolunun açılması məsuliyyəti Rusiyanın üzərindədir. Rusiya bu məsələlərdə təkcə sülhməramlı kimi iştirak etmir, eyni zamanda işğaldan azadetmə prosesinin özündə məsul tərəfdir”.

Yenə eyni gündə millət vəkili Vahid Əhmədov Modern.az-a müsahibəsində Rusiya sülhməramlılarının gəlişindən əndişələnən soydaşlarımıza səslənlərək, dedi:

“Bölgəyə Rusiya sülhməramlılarının gəlişindən əndişələnən soydaşlarımıza səslənirəm. Heç kim narahat olmasın. Əvvəla, Rusiya doxsanıncı illərdəkindən fərqli olaraq, bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda, bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu, sadəcə, Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq”.

Bu açıqlamalarla birlikdə 2020-ci ilin sonlarına doğru bir çox mətbuat orqanlarında “siyasi şərhçi”lərin, sifarişli jurnalistlərin sülhməramlılarla bağlı müsbət fikirləri tirajlandı.

Ta ki, 2021-ci ilin yanvarına, İlham Əliyevin Moskvada keçirilən üçtərəfli görüşdə sülhməramlıların mandatı ilə bağlı memorandumu imzalamaqdan imtina etməsinə qədər. (Rusiya və Erməni KİV) 

Çünki Moskva görüşünə qədər dövlət başçısı sülhməramlıların fəaliyyətinin hansı istiqamətə yönəldiyini sezmişdi. 3 aya yaxın vaxt ərzində rus hərbi kontingenti birgə bəyanatın müddəalarını kobud sürətdə pozmuşdu. Əvvəla, birgə bəyanatın 4-cü bəndi yerinə yetirilməmişdi – separatçı ünsürlər ərazidən çıxarılmamışdı. Həmçinin sülhməramlıların sayı 5 min həddində müəyyən edilsə də, dekabr ayında Rusiya Fövqəladə Hallar Nazirliyi bölgəyə “psixoloq” adı altında hərbçilər və texnika göndərmişdi. Üstəlik, sülhməramlılar bu müddət ərzində sadəcə ermənilərin regionda məskunlaşmasına çalışmış, məsuliyyət zonalarını genişləndirmiş, müharibə zamanı bölgəni tərk edənlərdən daha artıq sayda çox erməni sakinin geri qayıtmasına çalışmış, tikinti işlərindən humanitar yardımlara qədər Krımda ilhaq üçün atılan addımları təkrarlamışdılar. Bütün bunları nəzərə alan Əliyev də onlara mandat verib, fəaliyyətlərini qanuni qüvvəyə mindirməyi zəruri hesab etməmişdi.

Moskva görüşündən sonra isə həm Rusiya, həm də sülhməramlılarla vəziyyət kəskinləşdi. Və mötəbər mediamız sülhməramlıların üzərinə getməyə, xüsusilə Laçın dəhlizində baş verənləri işıqlandırmağa başladı. 

Beləliklə, hadisə buralara qədər gəlib çıxdı. İndi  üzərindən iki il keçir və prezidentindən jurnalistinə qədər hər kəs sülhməramlıların fəaliyyətini sərt tənqid edir, hətta onlara qarşı aksiyalar keçirilir. 

Bu aksiyaların faydası olacaqmı?

Öncə onu deyək ki, faydasını və ya zərərini indidən müəyyənləşdirmək çətin olsa da artıq aksiya işə yarayıb. İki ildir “bağlansın!” dediyimiz Laçın dəhlizi yumşaq güc vasitəsilə bağlanıb. Qondarma rejim və rəsmi İrəvan Azərbaycanın Qarabağdakı ermənilərə qarşı “etnik təmizləmə” apardığını bütün dünyaya car çəkib. Hələlik, hansısa xarici ölkədən ciddi bir tənqid və ya etiraz səsi yüksəlməyib, bircə Vladimir Putin İlham Əliyevə zəng edib.

Beləliklə, bir qrup ictimai fəal və jurnalistin vasitəsilə, bir güllə atmadan Azərbaycanın Laçın dəhlizini bağlaması əslində anlıq olaraq böyük bir diplomatik həmlə, ciddi uğur sayıla bilər. Çünki bu addımla həm separatçılar üzərindəki təzyiqi artırmış olduq, həm də ermənilərin silahlanmasına göz yuman, hətta bəzi məlumatlara görə buna dəstək verən sülhməramlıları çətin vəziyyətə saldıq. Lakin strateji baxımdan ortada əllə tutulacaq bir nəticə yoxdur. Çünki gec-tez yol açılacaq və bunun üçün separatçılar yenə sülhməramlılara minnətdar olacaq. Digər tərəfdən, mövcud vəziyyətdə çətin duruma düşən Qarabağ ermənilərinin rəsmi Bakıya qarşı olan-qalan simpatiyası da azalacaq. Amma o da var ki, diplomatiya böhranı fürsətə çevirmək sənətidir. İndi Qarabağın erməni əhalisinə nicatının sülhməramlının silahında deyil, Bakının mərhəmətində olduğunu göstərmək zamanıdır…

The post Bir güllə atmadan Xankəndiyə… appeared first on 24 saat.

24 saat” “Bir güllə atmadan Xankəndiyə…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button