2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Birinci Qarabağ Müharibəsi: ailələr itkin düşmüş yaxınlarını necə xatırlayır?

“Plovu çox sevirdi, müharibə vaxtı iki dəfə icazə alıb evə gələndə də məndən plov istəmişdi”.

Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılmış Ələddin Hüseynovun anası Asya Hüseynova itkin düşmüş oğlunu belə xatırlayır.

Müharibəyə yollananda Ələddin 24 yaşında idi.

Saytların yığılması Saytlarin yigilmasi

Müharibənin ikinci ilində – 1993-cü ilin avqustundan sonra ailəsi ondan xəbər ala bilməyib.

“Hərdən elə bilirəm, bu dəqiqə qapını açıb gələcək”, – Asya Hüseynova deyir.

O, oğlunun artıq 54 yaşda olmasını təsəvvüründə canlandıra bilmir.

Deyir, həmişə Ələddinin qapıdan içəri girməsini 24 yaşında, bir gənc kimi təsəvvür edir.

“Tək təsəllim müharibə vaxtı çəkdirib göndərdiyi şəkillər, bir də düzəltdiyi heykəllərdir”, – Asya Hüseynova gözləri doluxsunmuş halda, titrək səslə cümləsini bitirməyə çalışır.

Qəhərləndiyini gizlətmək üçün qırışmış əllərini ovxalayır.

Sükutu ananın “kaş qalıqları tapılardı, heç olmazsa, bilərdik məzarı var” sözləri pozur.

Birinci Qarabağ müharibəsi

Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasında fəal döyüşlər Sovet imperiyasının dağılmasından bir qədər sonra, 1991-ci ildə başlayıb.

1994-cü ilin mayında isə tərəflər Qırğızıstanda “Bişkek protokolu”nu imzalamaqla atəşkəs barədə razılığa gəliblər.

Son rəsmi rəqəmlərə görə, müharibə nəticəsində Azərbaycandan təxminən 4 minə yaxın adam itkin düşüb.

Ermənistan isə Birinci Qarabağ müharibəsində 800-ə yaxın vətəndaşının itkin düşdüyünü açıqlayıb.

“Azərbaycanlı ana da mənim kimi əzab çəkir”

Yerevan sakini Zarine Hakobyan artıq 28 ildir əri Yuri Arustamyanın taleyindən xəbərsizdir.

Yuri Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılmışdı.

Lakin könüllülər dəstəsi 1994-cü ildə Azərbaycan ordusunun mühasirəsinə düşdükdən sonra ailəsi Yuridən xəbər ala bilməyib:

“1998 və 2005-ci illərdə buraxılan hərbi əsirlər deyirdilər ki, təlim meydanında çoxlu (erməni) oğlanlar vardı. Müxtəlif yaşda – həm gənc, həm orta yaşlı kişilər, həm qoca – ermənilər olub. Deyirdilər: bir-birimizlə ünsiyyətə icazə verməyiblər”.

O vaxtdan bəri Zarine Yerevandakı naməlum əsgər məzarına gül-çiçək gətirməklə ərinin xatirəsini yaşatmağa çalışır.

Elə bizimlə də həmin məzarın başında görüşəcəyini bildirdi.

Çiçək gətirməyi də unutmamışdı.

Ermənistan, itkin, Qarabağ
 

Daha sonra titrək əli ilə çantasından ərinin 4-5 xatirə şəklini çıxarıb bizə göstərir.

28 ildir yalnız şəkillərdə gördüyü həyat yoldaşının üzünə sığal çəkir.

Bir az fikrə getdikdən sonra “bu, hər xalq, hər ailə üçün ağır dərddir. Azərbaycanlı ana da mənim kimi əzab çəkir” deyir.

İtkinlərlə bağlı təmaslar intensivləşib

Son aylar ərzində Azərbaycan və Ermənistan liderləri arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə təmaslar artırılıb.

Keçirilən görüşlərdə hökumət rəhbərləri Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı da müzakirələr aparıb.

Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel də Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın qurulması məqsədi ilə itkin və əsir düşmüş şəxslərlə bağlı məsələnin qısa müddətdə həll edilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin 2021-ci ildə yayımladığı hesabatına əsasən, təşkilat insan qalıqlarının gələcək identifikasiyasını asanlaşdırmaq üçün itkin düşənlərin ailələrindən bioloji referent nümunələri götürür. Ötən il 316 ailədən ümumilikdə 793 belə nümunə götürülüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 10-da Ermənistan parlamentində çıxışı zamanı son bir il ərzində Birinci Qarabağ müharibəsi zamanı “itkin düşmüş 108 azərbaycanlının meyitinin qalıqlarının” Azərbaycana təhvil verildyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə mayın 18-də çıxışı zamanı “Ermənistanla düşmənçilik səhifəsini çevirmək istədiyini” diqqətə çatdırıb.

Rəsmi bəyanatlar ailələrin ümidlərini artırıb

İtkinlərlə bağlı danışıqların intensivləşməsi həm Ələddin Hüseynovun, həm də Yuri Arustamyanın ailəsində ümidləri artırıb.

Asya Hüseynova oğlunun tapılması üçün yenidən aidiyyatı üzrə bütün qurum və təşkilatlara müraciət etməyə hazırlaşır:

“İstəyərdim ki, heç olmazsa sümükləri tapılsın, o vaxtdan indiyə nə qalar, sümükləri qalar da. Sağdısa, özü tapılsın. İtki pis şeydi, həmişə gözün axtarır”.

Zarine Hakobyan son 28 il ərzində məzarı olan döyüşçülərin ailələrinə qibtə ilə baxdığını deyir:

“Bu sözlərim üçün üzr istəyirəm. Amma xoş onların halına ki, ölmüş olsalar belə, meyitləri Ermənistana gətirilib.”

Bununla belə o, ərinin də qaytarılacağına ümid edir.

Zarine Azərbaycan hökumətindən xahiş edir ki, əri sağdırsa – qaytarsınlar, yoxdursa – cəsədini versinlər, ya da paltarını:

“Ancaq ürəyim deyir ki, o sağdır”. (BBC)

24 saat” “Birinci Qarabağ Müharibəsi: ailələr itkin düşmüş yaxınlarını necə xatırlayır?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button