2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Birinci vitse” təyinatından sonrakı repressiyalara Milli Şuradan sərt reaksiya

Milli Şura ölkədə insan haqları sahəsində son baş verənlərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

Azərbaycanda insan haqları sahəsində uzun illərdir mövcud olan acınacaqlı vəziyyət son bir neçə ayda daha təhlükəli və dözülməz hal alıb. Bu, ölkə başçısı İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse prezident təyin etdiyi fevral ayından bəri olan dövrü əhatə edir. Açıq-aşkar görünür ki, ölkədə ailə hakimiyyətini gücləndirmək, qeyri-rəsmi monarxiyanı bərqərar etmək naminə cəmiyyəti daha sərt şəkildə qorxutmaq yolu seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət orqanlarının əli ilə ağır cinayətlər törədilir, hakimiyyətin tənqidçilərinə, müxalifət təmsilçilərinə qarşı inzibati terror hətta ölkə sərhədlərini də aşır.

Mayın 30-da Azərbaycanın tanınmış müxalifətçi fəalı, araşdırmaçı jurnalist Əfqan Muxtarlı xeyli vaxtdır siyasi mühacir kimi sığındığı Gürcüstanın paytaxtı Tbilisidə oğurlanaraq, Bakıya gətirilib və guya sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq etmək ittihamları ilə həbs olunub. Təəssüf ki, Azərbaycan hakimiyyətinin bu faktiki adam oğurluğu əməliyyatına dünyada demokratik hakimiyyət kimi tanınıb hörmət bəslənilən Gürcüstan hakimiyyəti də şəriklik edib və bu ləkəni üzərindən təmizləmək vəzifəsi onun qarşısında durur.

Bundan 4 gün qabaq – mayın 26-da isə AXCP sədrinin müavini və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ölkənin ən populyar xanım siyasətçilərindən biri Gözəl Bayramlı Gürcüstandan müayinədən qayıdarkən Azərbaycan sərhədində saxlanılıb və guya üzərində bəyyannamədə göstərilməyən 12 min dollar tapılıb şərləməsi ilə (pulu onun çantasına sərhəd-buraxılış məntəqəsində əməliyyatçıların özləri atıb) məhkəmə qarşısına çıxarılaraq barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qərarı verilib.

Bu iki hadisəni birləşdirən bir əlamət var ki, bu da Dövlət Sərhəd Xidmətinin də artıq inzibati terrorun alətlərindən birinə çevrilməsidir.

Həm Gözəl Bayramlıya, həm də Əfqan Muxtarlıya qarşı atılan addımlar şübhəsiz ki, Azərbaycan ailə hakimiyyətinin ən yuxarı qatından verilən siyasi sifarişlə həyata keçirilib və onları mövqelərinə, fəaliyyətlərinə görə cəzalandırmağa xidmət edir. Təsadüfi deyil ki, Gözəl Bayramlı saxlanılarkən səhhətində ciddi problemlərin olması nəzərə alınmayıb, onunla kobud rəftar olunub, özü ilə gətirdiyi həkim təyinatlı dərmanları belə əlindən alınıb, 2 gün ac saxlanılıb, məhkəməsi gecə saat 1-ə qədər yubadılıb və bütün bunlar xanım siyasətçiyə mənəvi-fiziki işgəncə verməyə hesablanıb. Eləcə də Əfqan Muxtarlı oğurlanarkən fiziki zorakılığa məruz qalıb.

Milli Şura Gözəl Bayramlının və Əfqan Muxtarlının həbsini qətiyyətlə pisləyir, onların təcili azad olunmasını tələb edir.

Milli Şura təəssüflə bildirir ki, Əliyevlər rejiminin rəqiblərini şərləyərək həbs etməsi Azərbaycan cəmiyyəti və demokratik düşərgə üçün görünməmiş hadisə deyil. Lakin bu həbslər ümumən ölkədə daha idbar xarakter alan repressiyanın tərkib hissəsi kimi ayrıca narahatlıq doğurur. Söhbət birinci vitse-prezident təyinatından sonra başlanan yeni repressiya dalğasından gedir. Bu dalğanın məqsədi, belə görünür ki, həqiqəti deyən bütün dilləri bağlamaq, cəmiyyətin gözünü hətta ölümlərlə qorxutmaqdır.

Bu mərhələ ölkədə məhv edilmiş azad mətbuatın son nümunələri kimi Azadlıq qəzetinin, Azadlıq Radiosunun, TuranTV-nin, MeydanTV-nin və Azərbaycan Saatı teleproqramının saytlarına girişin ölkə daxilində qadağan edilməsi ilə başlanmış sayıla bilər. Bu həmlə ilə xalqa həqiqətləri çatdıran medianı tamamilə sıradan çıxardığını düşünən ailə hakimiyyəti qarşısına növbəti hədəf kimi sosial şəbəkələrdə tənqidlərə və həqiqətlərin dilə gətirilməsinə mane olmağı qoyub. Bunun üçün şəbəkə istifadəçilərini özünüsünzuraya məcbur etmək istəyir.

Elə bu məqsədlə də məmur-oliqarxları və hakimiyyətin korrupsiya əməllərini ifşa edən reportajları ilə məşhurlaşmış videobloqçu Mehman Hüseynov martın əvvəlində 2 il müddətinə azadlıqdan məhrum edildi. Ardınca hakimiyyətin başqa bir tənqidçisi – 2017-ci ilin 7 fevralında uydurma narkotik ittihamı ilə həbs edilmiş bloqçu Mehman Qələndərov saxlandığı istintaq təcridxanasında müəmmalı şəkildə öldü. Onun ölümünün ilk vaxtlarda gizlədilməsi, sonra isə ictimaiyyətdən xəbərsiz dəfn edilməsi və qanının faktiki batırılması deməyə əsas verir ki, M.Qələndərov təcridxanada ya öldürülüb, ya da onu özünü öldürmə həddinə çatdırıblar (rəsmi iddiaya görə o, intihar edib).

Cəmiyyət M.Qələndərovun təcridxanada ölümü şokundan ayılmamış, istintaq altında olan şəxslərin bir-bir müəmmalı şəkildə ölümü xəbərləri gəlməyə başladı. Bu dəfə odruda Ermənistan kəşfiyyatına işləməkdə ittiham olunaraq həbs edilən hərbçilərin ölümündən, daha doğrusu öldürülməsindən söhbət gedir.

Mayın əvvəlində rəsmi məlumat yayıldı ki, Azərbaycan ordusunda Erməni kəşfiyyatının ələ aldığı xəyanətkar şəbəkə ifşa edilib və bir neçə hərbi qulluqçu, mülki şəxs həbs olunub, şəbəkənin tam aşkarlanıb zərərsizləşdirilməsi üçün tədbirlər davam edir. Bundan sonra bir-birinin ardınca həbs edilən hərbçilərin istintaq altındaykən öldüyü haqda qeyri-rəsmi, lakin faktlarla və təkzib edilməyən xəbərlər yayılmağa başladı. Artıq dövlətə xəyanətdə ittiham olunan həmin şəxslərdən 7-8 nəfərin öldürüldüyü xəbər verilib. Üstəlik öldürülən həmin şəxslərin yaxınları, ailə üzvləri də repressiya hədəfin çevrilir.

Milli Şura hətta dövlətə xəyanətdə ittiham olunsalar da, hələ cinayəti sübut edilməmiş həmin şəxslərin istintaq altında öldürülməsini qətiyyətlə pisləyir və buna etiraz edir. Milli Şura bəyan edir ki, vətənə xəyanət ən ağır cinayət əməlidir və cəzası da qanunla nəzərdə tutulan ən ağır cəza olmalıdır. Lakin bunun üçün insanlar aşkar və ədalətli məhkəmə qarşısında mühakimə olunmalı, cinayətləri sübuta yetirilməli, nəhayət qanunla nəzərdə tutulan cəzanı almalıdır. İndiki halda isə biz kimlərinsə subyektiv mülahizələrlə insanların taleyinə hökm verdiyini, məhkəməsiz və qanunsuz ölüm hökmünün icra edildiyini görürük. Bu, ölkəni qarşısı alınmaz xaosa sürükləməkdir, dövlət-cəmiyyət, dövlət-vətəndaş münasibətlərini cəngəllik qaydaları üzərində qurmaqdır.

Ölkədə ümumən belə qorxulu ab-havanın hökm sürməsi fonunda sivil siyasi müxalifəti də tamamilə sıradan çıxarmağa cəhdlərin gücləndiyinin şahidiyik. Bu xüsusda AXCP üzvlərinə qarşı total basqını qeyd etmək lazımdır. Bu ilin əvvəlindən bəri AXCP-nin 18 üzvü məhz siyasi mövqeyinə görə işdən çıxarılıb. Onların qarşısında “ya AXCP, ya iş” seçimi qoyulub, AXCP-dən çıxmaq təklifini qəbul etmədikləri üçün hər biri işini itirməli olub. Əliyevlər rejiminin bundan əvvəlki repressiya illərində belə, müəllimlərin siyasi mənsubiyyətinə görə işdən çıxarılması nadir hadisə olardı. Amma bu ilin əvvəlindən işdən çıxarılan AXCP üzvlərinin 7-i məhz müəllimdir.

AXCP üzvlərinin bu mərhələdə, necə deyərlər, çörəklə imtahana çəkilməsi bu partiyanın sıralarını seyrəltməyə, təşkilati strukturlarını laxlatmağa hesablanıb. Son məqsəd AXCP-ni siyasi səhnədən sıxışdırıb çıxarmaq, onun avanqard qüvvə olduğu Milli Şuranı sarsıtmaqdır.

Milli Şura üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi də bu məqsədə xidmət etməklə AXCP-yə qarşı şiddətlənən repressiyanın tərkib hissəsidir. Yeri gəlmişkən, G.Bayramlı AXCP sədrinin azadlıqda olan sonuncu müaviniydi. Onun həbsi ilə partiya sədrinin azadlıqda müavini qalmadı. Bundan başqa, AXCP sədrinin müşavirləri və köməkçisi, eləcə də qayını hazırda həbsdədir və bütün bunlar həm də bilavasitə partiya sədri Əli Kərimliyə yönləndirilən zərbələrdir.

Milli Şura hesab edir ki, ölkədə hazırda bütün bu baş verənlər ailə hakimiyyətinin mütləqliyini təmin etmək üçün İlham Əliyevin sanksiyalaşdırdığı qanunsuzluqlardır. İlham Əliyev və ailəsi 2018-ci il prezident seçkilərinə tamamilə susdurulmuş və qorxudulmuş cəmiyyət, siyasi müxalifətin hətta zəif vəziyyətdə də mövcud olmadığı bir şəraitə getmək niyyətindədir. Buna görə də hazırda bir tərəfdən cəmiyyətlə inzibati terror dililə danışır, o biri tərəfdən də qarşısında yeganə siyasi alternativə çevrilmiş AXCP və Milli Şuranı təşkilat kimi səradan çıxarmağa çalışır. Çünki öz planları qarşısında başlıca təhlükəni bu təşkilatlardan görür.

Milli Şura təəssüflə bəyan edir ki, Əliyevlər rejiminin ən pis diktaturalara xas bu davranışları beynəlxalq birliyin susqunluğu ilə müşaiyət olunur. Halbuki, Azərbaycan hakimiyyəti dünyanın bir sıra demokratik təsisatları qarşısında öhdəliklər götürüb, onlara əməl etməyə borcludur. Eyni zamanda həmin beynəlxalq təsisatlar da Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü öhədilkləri yerinə yetirməsini təmin etməyə mükəlləfdir. Bu baxımdan Milli Şura beynəlxalq birlikdən, konkret olaraq insan haqlarının qorunmasına dair Azərbaycanla qarşılıqlı öhdəlikləri olan demokratik təsisatlardan hazırda ölkədə baş verənlərə susmamağı tələb edir.

Milli Şura sonda yenə də üzünü xalqa tutur və bəyan edir ki, ölkənin müqəddaratını həll etməkdə xalqdan güclü qüvvə yoxdur. Azərbaycan xalqı ölkədə demokratiyanın qələbəsini təmin edə biləcək potensialına inanmalı, ailə hakimiyyətinin zorakı siyasətinə qarşı müqavimət imkanlarını səfərbər etməlidir. Milli Şura bəyan edir ki, Azərbaycan xalqının mənafeyi naminə tutduğu mövqedən geri çəkilməyəcək, mübarizəni və ailə monarxiyasına qarşı müqavimətin təşkilini dayandırmayacaq. Milli Şura bu mübarizədə xalqımıza güvənir və inanır ki, Azərbaycan cəmiyyəti özünün tükənməz dəstəyi ilə sonda demokratiyanı qalib edəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button