2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Birləşmiş Ərəb Respublikası

Böhrandan qısa müddət sonra Suriya parlamenti Misirlə bir dövlətdə birləşməyin lehinə səs verdi…

Süveyş böhranından sonra Misir Prezidenti Camal Əbdül Nasirin ərəb ölkələrində nüfuzu son dərəcə yüksəldi. Onun ən populyar olduğu ölkələrdən biri və bəlkə də birincisi panərəbizm meylinin ənənəvi güclü olduğu Suriya idi. Tezliklə burada Misirlə bir dövlətdə birləşmək ideyası populyar oldu.

Saytların yığılması Saytlarin yigilmasi

Suriyanın hərbi diktatoru Ədib Çiçəklinin devrilməsi ilə nəticələnən 1954-cü il çevrilişindən sonra ölkədə demokratik rejim quruldu. Hələ 1949-cu ildə prezident seçilən və hərbi çevrilişlə kənarlaşdırılan Haşim Ətasinin səlahiyyətləri bərpa edildi. Həmin il keçirilən seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı.

Bu dövrdə ölkədə Misirlə inteqrasiya istəyi hələ tam hakim deyildi. Ətasi İraq monarxiyası ilə yaxınlaşmağa meyl edirdi. Eyni siyasətin tərəfdarı olan Xalq Partiyası parlament seçkilərində birinci yeri tutmuşdu və onun liderlərindən biri, ingilispərəst Nazim Qüdsi parlamentin spikeri idi.

1955-ci ilin sentyabrında əl-Ətasinin səlahiyyət müddəti başa çatdı və Misirlə birləşmə tərəfdarı olan Şükrü Qüvvətli prezident seçildi. Süveyş böhranı zamanı Suriya Böyük Britaniya ilə diplomatik münasibətləri kəsdi. Böhranın Misirin siyasi qələbəsi ilə başa çatmasından sonra birlik tərəfdarlarının mövqeyi gücləndi.

Həm baş nazir, həm də xarici işlər naziri olan Səid Qazi istefaya getdi. Baş nazir birlik tərəfdarı Səbri Əsali, xarici işlər naziri isə ərəb birliyi ideologiyasının daşıyıcısı olan BƏƏS partiyasının quruculurından Səlahəddin Bitar oldu. Parlamentin spikeri postunda Nazim Qüdsini BƏƏS üzvü Əkrəm Hourani əvəzlədi.

Camal Əbdül Nasir özü inteqrasiya ideyasına ehtiyatla yanaşırdı. O anlayırdı ki, belə addım qarşısına yeni problemlər çıxaracaq və onları həll etmək heç də asan olmayacaq. Misirlə Suriyanın xeyli fərqli özəllikləri vardı, onlar heç həmsərhəd də deyildilər. Amma carçısı olduğu panərəbizm ideyası Nasirin əl-qolunu bağlamışdı və birbaşa imtina edə bilmirdi. Buna görə də müxtəlif bəhanələr gətirir, vaxt udmağa çalışırdı.

1957-ci ilin yayında beynəlxalq münasibətlərdə “Suriya böhranı” deyilən gərginlik yaşandı. Avqustun ortalarında Qüvvətli polkovnik Əfif Bizrini Suriya ordusunun Baş qərargah rəisi təyin etdi. Bizri özünün kommmunst baxışları ilə tanınırdı, hərçənd rəsmən partiya üzvü deyildi. Buna görə də bu təyinat və Suriyada kommunistlərin hakimiyyətə gələ biləcəyi ehtimalı qonşuların və ABŞ-ın narahatlığına səbəb oldu.

İraq, İordaniya və Livanda Suriyaya müdaxilə etmək və ya Amerikanın müdaxiləsini – əgər belə bir müdaxilə olarsa – dəstəkləmək barədə müzakirələr başladı. Türkiyənin Menderes hökuməti isə Suriya sərhədləri yaxınlığına minlərlə əsgər topladı. Sovet lideri Nikita Xruşşov Türkiyəni hədələdi, ABŞ isə Türkiyəni müdafiə edəcəyini bildirdi. Səudiyyə Ərəbistanı və Misir isə Dəməşqi dəstəklədilər. Nasir Suriyanın Latakya limanına 1500 misirli hərbçi göndərdi.

Böhran oktyabrın sonlarında bitdi. ABŞ-ın çağırışı ilə Türkiyə qoşunlarını sərhəddən geri çəkdi. Xruşşov isə gözlənilmədən Moskvadakı Türkiyə səfirliyini ziyarət etdi. Amma Nasirin göndərdiyi simvolik hərbi yardım inteqrasiya tərəfdarlarını daha da həvəsləndirdi.

Böhrandan qısa müddət sonra Suriya parlamenti Misirlə bir dövlətdə birləşməyin lehinə səs verdi və Qahirəyə nümayəndələr göndərildi. Amma Nasir bu təklifə soyuq yanaşdı. Suriyanın çoxpartiyalı sistemi, hərbçilərin siyasi müstəvidə güclü mövqeləri, kommunistlərin nüfuzu onu çəkindirirdi.

İlin sonlarında BƏƏS partiyası Misirlə federasiya yaratmağı təklif etdi. Buna cavab olaraq kommunistlər unitar birlik təklif etdilər. Əslində Suriya qırmızıları Misirlə birləşməyin tərəfdarı deyildilər. Onlar Misir hakimiyyətinin yerli kommunistlərə tutduğu divandan xəbərdar idilər. Amma güman edirdilər ki, Nasir onsuz da birləşməyə razılıq verməyəck. O zaman niyə bu populyar ideyanı istismar edib nüfuz toplamasınlar?

1958-ci il yanvarın ortalarında Əfif Bizri heç prezidentlə məsləhətləşmədən bir qrup zabitlə Qahirəyə yollandı və Nasirə yenə birlik təklif etdi. Bu, çox güman ki, yenə də populyarlıq üçün atılan addım idi. Səfər haqqında Qahirədəki Suriya səfiri vasitəsilə xəbərdar olan Şükrü Qüvvətli xarici işlər naziri Bitarı Misirə göndərdi.

Bu dəfə Nasir birliyə razılıq verdi, amma üç şərt irəli sürdü: iki ölkədə referendum keçiriləcək, partiyalar buraxılacaq və ordu siyasətdən çəkiləcək. Beləcə, aydın oldu ki, Nasir birgə dövlətdə Suriyaya heç bir özünüidarə vermək fikrində deyil. Şərtlər nə bəəsçilərin, nə kommunistlərin, nə də digər birlik tərəfdarlarının ürəyincə deyildi. Amma onlar özləri cini şüşədən buraxmışdılar və birlik ideyasının Suriya ictimai rəyində populyarlığını nəzərə alaraq razılaşmalı oldular.

Fevralın 1-də Qahirədə Misir və Suriyanın Birləşmiş Ərəb Respublikası adlı dövlətdə birləşmələri haqqında müqavilə imzalandı. Fevralın 21-də isə hər iki ölkədə referendum keşirildi. Bülletenlərdə iki sual vardı:

– Siz Birləşmiş Ərəb Respublikasının yaranmasını istəyirsinizmi?

– Siz Camal Əbdül Nasirin BƏR prezidenti olmasını istəyirsinizmi?

Misirdə 6,1 milyondan çox adam səs verdi və mütləq əksəriyyət hər iki suala “hə” dedi. Birincinin əleyhinə 247, ikincinin əleyhinə 265 nəfər səs verdi. Suriyada səs verənlərin sayı 1,3 milyondan çox idi. Cəmi 139 nəfər birinci suala, 190 nəfər də ikinci suala “yox” dedilər.

Misirdə 6,1 milyondan çox adam səs verdi və mütləq əksəriyyət hər iki suala “hə” dedi. Birincinin əleyhinə 247, ikincinin əleyhinə 265 nəfər səs verdi. Suriyada səs verənlərin sayı 1,3 milyondan çox idi. Cəmi 139 nəfər birinci suala, 190 nəfər də ikinci suala “yox” dedilər.

Fevralın 22-də Birləşmiş Ərəb Respublikasının yaranması elan edildi və Camal Əbdül Nasir onun prezidenti oldu. Qırmızı, ağ, qara zolaqlı, ortadakı ağ zolağın üzərində iki ulduz (iki ölkəni ifadə edirdi) olan bayraq BƏR-in dövlət bayrağı oldu.

İki həftə sonra BƏR və Yəmən Mütəvəkkili krallığı arasında Birləşmiş Ərəb Dövlətləri adlı konfederasiya yaradıldı. Amma BƏR-ə nisbətən BƏD amorf birlik idi. Yəmən dövləti ləğv olunmadı, BMT üzvü olaraq qaldı və öz kralı tərəfindən müstəqil idarə olunurdu.

İyulun 14-də isə İraqda hərbi çevriliş baş verdi və qərbpərəst monarxiya devrildi. Bundan sonra BƏR-ə qoşulmaq fikri İraqda da populyarlaşdı, bu cərəyana “qövmiyyə” deyirdilər. Amma baş nazir Əbdülkərim Qasım İraqın müstəqilliyinin (“vətəniyyə”) tərəfdarı idi və buna görə də BƏR-ə qoşulmağa qarşı çıxdı.

Birlik isə suriyalıların gözlədiyi effekti vermədi, əksinə, onların məyusluğuna səbəb oldu. İsrail tarixçisi Eli Padeh “Ərəb millətçiliyinin tənəzzülü: Birləşmiş Ərəb Respublikasının yüksəlişi və süqutu” məqaləsində bu barədə yazır: “Suriyalılar öz müstəqilliklərini itirəndən dərhal sonra anladılar ki, sən demə, misirlilərdən fərqli identikliyə malikdirlər”. Bu qeyd haqlı olsa da, BƏR-in uğursuzluğunun yeganə səbəbi deyildi. Digər əsas səbəb Nasirin yürütdüyü siyasət idi.

Nasir hər vilayətdən iki nəfəri vitse-prezident təyin etdi. Bunlar Misirdən Əbdülhakim Amer və Əbdüllətil Boğdadi, Suriyadan isə Səbri Əsali və Əkrəm Hourani oldular. 600 nəfərlik parlamentin 400 üzvü Misiri, 200 üzvü Suriyanı təmsil edirdi. Amma proporsiyaya zahirən əməl olunsa da, suriyalılar idarəçilikdə cüzi rol oynayırdılar, ən yüksək vəzifələr belə formal xarakter daşıyırdı.

BƏR yaranması ərəfəsində Misirlə müqayisədə Suriyada həm siyasi, hm də iqtisadi azadlıqlar daha yüksək səviyyədə idi. İndi Nasir bunları addım-addım məhv edirdi. O, BƏR-in mütləq hakimi idi. Bütün siyasi partiyalar qadağan olundu. Xüsusən kommunistlərə qarşı repressiyalar başladı. Əfif Bizri BƏR-in yaranmasındakı roluna görə 1959-cu ilin yayında “mükafatlandırıldı”: Suiya ordusunun Baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırıldı. Partiyanın lideri Xalid Bakdaş Moskvaya qaçmalı oldu.

İqtisadiyyatda bir sıra sosialist addımlar atıldı, banklar, sığorta şirkətləri, ağır sənaye müəssisələri milliləşdirildi. Bu da Suriya iqtisadiyyatını xeyli geriyə saldı. Xarici sərmayə ölkədən getdi. Torpaq sahibliyi limiti 200 fəddandan 100 fəddana endirildi (1 fəddan = 4200 kv metr).

Suriyalı siyasətçilər tezliklə Nasirin avtoritarlığını və qurduğu polis rejimini tənqid etməyə başladılar. 1959-cu ilin son günlərində BƏR hökumətində vəzifə tutan BƏƏS-çilərin hamısı (Bitar, Hourani, Hamdun, Kannut və b.) istefa verdi. Şükrü Qüvvətli də BƏR prezidentinin tənqidçisinə çevrildi. Ən ciddi narazılıq isə Suriya ordusunda idi.

1961-ci il sentyabrın 28-də səhər saatlarında Suriyada hərbi çevriliş baş verdi. Bundan sonra radio ilə oxunan kommünikedə ərəb birliyi ideyasını gözdən salan despotizm və korrupsiyadan şikayət olunurdu. Günün sonunda isə prezident açıq-aşkar tiran adlandırılırdı.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button