Loading...
Loading...
SEÇMƏ

Birlik sədri: “Azərbaycanda autizm qazanç mənbəyinə çevrilib”

Autizm mərkəzlərinin qeyri-peşəkarlar tərəfindən idarə olunduğu iddia edilir

“Övladım 1 yaş 8 aylıq olanda ona autizm diaqnozu qoyuldu. Üç yaşına kimi demək olar ki, Bakıdakı bütün mərkəzlərə müraciət etmişəm. Uşaq 1 ildən sonra “ayaqqabını qoy, götür” öyrəndi. Sonra səlis danışıq mərkəzinə apardım, 1 il də burda heç bir vərdişə yiyələnmədi”.

Bunu Meydan TV-yə adının çəkilməsini istəməyən valideynlərdən biri deyib. Onun sözlərinə görə, daha bir mərkəzdə isə əksinə, uşaq aqressivləşib, bildiyi vərdişi də unudub.

“Bədən tərbiyəsi məllimləri var, yer götürüb mütəxəssis kimi autizmli uşaqla işləyirlər”

Valideyn deyir ki, övladını Türkiyənin İzmir şəhərinə aparıb, uşaq orada tualet vərdişini, sosiallaşmanı öyrənib:

“Bir il orada qaldıq, sonradan maddi imkansızlığa görə geri qayıtdıq”.

“Təsəvvür edin, bir dəfə təsadüfən gördüm, psixoloq telefonla oynayır, uşaq ətrafı dağıdır. İzmirdəki mütəxəssislə danışdım, dedi ki, sıfırdan başlamaq lazım deyil, davam etdirsinlər, ancaq bizimkilər bacarmırlar. Bədən tərbiyəsi məllimləri var, yer götürüb mütəxəssis kimi autizmli uşaqla işləyirlər. Hara gedirsən ilk növbədə ödənişi istəyirlər, bizim uşaqları pul gözündə görürlər”, – valideyn deyir.

“Azərbaycanda autizmli uşaqlar üçün təhsil yox dərəcəsindədir”

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli də Meydan TV-yə deyib ki, autizmli uşaqlarla əsasən qeyri-peşəkarlar məşğul olur:

“Azərbaycanda autizm qazanç mənbəyinə çevrilib. Valideynlər küllü miqdarda pul xərcləyirlər, amma nəticə olmur”.

Onun sözlərinə görə, Azərbaycanda autizmli uşaqlar üçün təhsil də yox dərəcəsindədir.

“Özəl klinikalar, özünü psixoloq, psixoloji xidmət mərkəzi adlandıranlar autizmli uşaqlarla məşğul olur, ancaq valideyn nəticə görmür. Bizim təşkilat autizmli uşaqlarla təmənnasız işləyirdi, ancaq yer problemi olduğundan işləyə bilmirik. İndi az qala hər gün valideynlər zəng vuraraq klinikalardan, psixoloqlardan narazılıq edirlər”.

Çiçək Məmmədli deyir ki, Dövlət Autizm Mərkəzi fəaliyyətə başlayıb, ancaq həmin mərkəzin pullu, yaxud pulsuz xidmət göstədiyi bəlli deyil:

“Varlının, məmurun övladı xidmət ala bilir, kasıbın balası kənarda qalıb. Autimlə məşğul olmaq üçün bir kursa ən azı 800-2000 manat lazımdır. Həftədə 3 saat psixoloq dəstəyi 800 manata başa gəlir”.

“Ölkədə autizmlə bağlı iş getmir”

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov “Trend”ə müsahibəsində deyib ki, 2020-ci ilin hesabatına görə, qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir. Bundan əlavə, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk dəfə müraciət edən autizimli uşaqların sayı 367, ilin sonunda isə atipik autizimli uşaqların sayı 10 nəfər olub.

Gözdən qaçırmayın:  Bakı sakininin İçərişəhər divarına “Z” yazarkən saxlanıldığı bildirilir

Çiçək Məmmədli isə hesab edir ki, Azərbaycanda autizmli uşaqların dəqiq statistikası aparılmır, ümumiyyətlə, ölkədə autizmlə bağlı iş getmir. Onun sözlərinə görə, problemlə bağlı dəfələrlə dövlət qurumlarına müraiət etsə də, nəticəsiz qalıb:

“Nə Bakıda, nə də regionlarda diaqnoz düzgün aparılmır, hər danışmayan uşağa autizm diaqnozu qoyulur. Təsəvvür edin ki, psixoloji mərkəz hər danışmayan uşağa möhürlü sənədlə autizm diaqnozu qoyur, valideyni aylarla kurslara cəlb edir. Bir ölkədəki deputat autizmli uşaqlarla işləyən mərkəzlər açır, pul qazanır, başqa nə demək olar? İki ay kurs keçən adam mütəxəssis hesab edilir. Halbuki autizmli uşaqlarla işləyən mütəxəssisin həm nəzəri, həm də praktiki biliyi olmalıdır, təlimlər keçməlidir”.

“Valideynlər arasında narazılıq böyükdür”

“Valideynlər arasında narazılıq böyükdür”

Təşkilat rəhbəri bildirib ki, leysan yağışlardan sonra evi qəzalı vəziyyətə düşüb, mərkəzi də fəaliyyətin dayandımaq məcburiyyətində qalıb:

“Dünən manikür edən biri kurs keçib psixoloq kimi çalışır, çünki bu sahə başlı-başına qalıb, yoxlayan yoxdur. Valideyn pul ödəyir, qazanc yeri var. Buna görə də valideynlər arasında narazılıq böyükdür, polisə, məhkəməyə müraciətlər edənlər olur. Əlac ona qalır ki, valideynlər məlumatlı olsun, aldanmasınlar”.

“Autizmin medikamentoz müalicəsi yoxdur”

Meydan TV autizmli uşaqlarla işləyən iki mərkəzlə əlaqə saxlasa da, müsahibə vermək istəməyiblər.
Yerli mətbuat ötən ilin dekabrın 31-də Bakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinin istifadəyə verilməsi il bağlı məlumat verib. Məlumatda deyilir ki, Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. İndi autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var.

Fuad İsmayılov isə müsahibəsində deyir ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu proqramlar vasitəsilə müəyyən irəliləyiş əldə etmək mümkündür:

“Ölkəmizin 14 regionunda uşaq poliklinikaları bazasında uşaq psixi sağlamlıq bölmələri yaradılıb. Müəssisələrdə uşaq psixiatrı, psixoloq, psixopedaqoq, sosial işçi, loqopedin daxil olduğu multidisiplinar komanda fəaliyyət göstərir. Uşaq və yeniyetmələrdə rast gəlinən psixi sağlamlığın digər problemləri ilə yanaşı, bu mütəxəssislər autizm spektrli pozuntusu olan uşaqlara da yardım göstərir”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button