Loading...
Loading...
İqtisadiyyat

Bitkoinin iqtisadiyyatda rolu və gələcəyi

1999-cu ildə birinci hissəsi yayımlanan və baş rolunu Kianu Rivzin ifa etdiyi “Matrisa” blokbasteri bir çoxlarının rəğbətini qazanmışdı. Bu trilogiyada real dünyadan virtual dünyaya keçid kanalın olduğu, virtual dünyanın “Matrisa” adlı proqram tərəfindən idarə olunduğu, real dünyanın isə robotlar tərəfindən zəbt olunduğunu görürdük. Rəqəmsal dünyada baş verən mübarizənin sonunda insanın Matrisaya qalib gəldiyini və real dünyanın robotlardan azad olunduğunu seyr etməkdən zövq alırdıq.

Bu gün virtual dünya bizi təəccübləndirməkdə davam edir. Kriptovalyuta, blokçeyn, Bitkoin, Ethereum, DeFi (Mərkəzləşdirilməmiş Maliyyə) və NFT (Əvəzolunmaz Tokenlər) sürətlə dünya ölkələrinin leksikonlarına daxil olur. İri kinostudiyalar tərəfindən yaradılan blokçeyn üzərində qurulmuş auksion platformalarda dövriyyəsi on milyonlarla dollar olan rəqəmsal sənət əsərləri satılır. Hətta ölkələr arasında kriptovalyutanı özlərinin valyutası qəbul edənlər belə var. Məsələn, 6 milyonluq əhalisi olan Cənubi Amerika ölkəsi Salvador Bitkoini özünün rəsmi valyutası elan etdi. Bitkoin milyonlarla insan üçün az qala qarşısında baş əydikləri simvola çevrilir. Bəzi ekspertlər onu dünyada dollardan asılılığı bitirəcək “gələcəyin valyutası”, bəziləri isə “klassik maliyyə piramidası” adlandırır.

Bitkoin nədir?

2009-cu ildə özünü Satoşi Nakamoto adlandıran proqramist qapalı İT qrupa bir email göndərir və blokçeyn əsaslı yeni kriptovalyutanı (rəqəmsal valyuta) yaratdığını elan edir. Kriptovalyutasına “Bitkoin” adı verən Satoşi iddia edirdi ki, dövlətlərin sahib olduğu valyutalar, xüsusilə dollar daimi inflyasiyaya uğrayır. Federal Ehtiyat Sistemi istədiyi qədər dolları çap edir və nəticədə, insanların  saxladığı əmanətlər dəyərdən düşür. Satoşinin ikinci əsas arqumenti bu idi ki, dünyada milyardlarla insan bank sistemindən kənarda qalıb və qalmaqda davam edir. Sistemdən istifadə edənlər isə məcburiyyət qarşısında qalaraq banklara böyük məbləğdə komissiya ödəyir. Yəni bank sistemi əlçatmaz və bahadır.   

Bu günə kimi Satoşini görən olmayıb və onun bir şəxs, yoxsa bir qrup İT mütəxəssisi olduğunu bilən yoxdur. Lakin onun yaratdığı kriptoideyaya bu gün dünyada 50 milyona yaxın insan etibar edib. Bitkoinin ümumi bazar dəyəri 870 milyard dolları keçib və sürətlə “Apple” şirkətinin dəyərinə yaxınlaşır. Bitkoini onlayn ticarət platformalarında qeydiyyatdan keçərək debet kartı ilə əldə etmək və şəxsi elektron сüzdandan istənilən istiqamətdə köçürmək olar. Bu gün 45 min dollar dəyərində olan Bitkoinin bir milyon dollara çatacağını və ya əksinə, sıfıra enəcəyini proqnoz edənlər var. Bitkoin sahibləri onun gələcəkdə dünya miqyaslı valyutaya çevriləcəyinə və hətta bəziləri onun ölkələrin ənənəvi valyutalarını əvəz edəcəyinə inanır.

Bitkoin investorları üç əsas arqument irəli sürürlər. Birincisi, Bitkoinin məcmu sayı 21 milyonla məhdudlaşır və məhdud rəqəmsal aktiv kimi onun qiyməti daim yüksələcək. Hazırda dövriyyədə 19 milyona yaxın Bitkoin mövcuddur və qalan hissənin növbəti beş il müddətində dövriyyəyə buraxılacağı gözlənilir. İkincisi, Bitkoin heç bir dövlətin nəzarəti altında deyil və mərkəzləşdirilməmiş blokçeyn sistemi üzərində qurulub. Beləliklə, maliyyə bazarlarına nəzarət edən orqanlar Bitkoini dəyərdən düşürə biləcək monetar addımlar ata bilməz. Üçüncüsü, Bitkoinə haker hücumu texniki olaraq mümkün deyil. Deyilənə görə, dələduzlar Bitkoini hak etməyi ağıllarına gətirsələr, dəyəri yüz milyonlarla dollarla ölçülən avadanlıq almalı və hücuma 100 ilə yaxın vaxt sərf etməlidirlər.

Bitkoinə olan maraq nəticəsində 2009-cu ildən bugünədək onun dəyəri 0 sentdən pik mərhələsində 65 min dollaradək artıb və hazırda 45 min dollara ticarət olunur. Bitkoini 2009-cu ildən bu günə kimi saxlayan az sayda alıcılar “Forbes”in milyarderlər siyahısına düşməsələr də, ona yaxınlaşa bildilər. Yüksək enerji sərfiyyatını əsas gətirən Elon Mask bu ilin aprel ayından Teslanın Bitkoinlə satışına qadağa qoymuşdu. Onun bu barədə tvitindən sonra Bitkoinin dəyəri 2 dəfə düşərək 60 min dollardan 30 min dollara endi.   

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

Salvador Bitkoini özünün milli valyutası elan etdikdən sonra Beynəlxalq Valyuta Fondu bunu “ağılsızlıq” adlandırıb ölkəyə növbəti kredit tranşının verilməsini dayandırdı. İqtisadçı akademik dairələr ölkə prezidentini qınadılar, lakin Bitkoin entuziastları bu kriptovalyutanın ölkənin az qala bütün problemlərini həll edəcəyini qeyd edirlər. Hələlik görünən budur ki, nağd ödənişlərə üstünlük verən Salvador əhalisi Bitkoinin nə olduğu anlamır və bundan gəlir əldə etmək istəyən işbazlar ölkəyə dəyəri milyon dollarla ölçülərin Bitkoin ATM-nin idxalını təşkil etmək istəyirlər. Lakin adi salvadorluları məmnun etmək istəyən İT şirkətləri Bitkoin üçün sürətli ödəniş platforması yaratdılar. Artıq xaricdə yaşayan salvadorlular öz ailələrinə köçürmələrə görə 10-15% komissiya deyil, cəmi bir neçə sent ödəyirlər.

İnvestorlar nə düşünür?

Bitkoinin ən qatı əleyhdarlarından biri bestseller “Qara Qu quşu” kitabının müəllifi Nassim Taleb Bitkoini “Ponzi hoqqası”, yəni bildiyimiz “piramida fırıldağı” adlandırır. Onun kimi düşünən elm adamları və İT dünyasının peşəkarları Bitkoini daxili dəyəri olmadığı üçün nəinki valyuta kimi, heç maliyyə aktivi kimi də qəbul etmir. Lakin bunun əksini müdafiə edən ABŞ-ın “MikroStrategiya” İnvestisiya Şirkətinin Baş İcraçı Direktoru Maykl Saylor Bitkoini “gələcəyin valyutası”, “əsas maliyyə aktivi” və dövlətlərin bütün dərdlərinin “dərmanı” adlandırır. O, idarə etdiyi investisiya şirkətinin Bitkoin portfelinin 100 min Bitkoini keçdiyini və idarəetməsində olan digər maliyyə aktivlərini satıb daha çox Bitkoinə investisiya etməyi planlaşdırdığını bir müddət öncə elan etmişdi. Aprel ayında Bitkoinin qiymətinin kəskin düşməsi səbəbindən şirkət 2021-ci ilin 6 ayını 300 mln. dollara yaxın zərərlə başa vurmasına baxmayaraq, Maykl şirkətinin investorlarını Bitkoinə inanmağa davam etməyə və hətta əlavə Bitkoin almağa inandıra bilib. Onun tövsiyəsi ilə 100 minlərlə sadə ev təsərrüfatı sahibi müxtəlif onlayn platformalar vasitəsilə Bitkoinə illər boyu əziyyətlə yığdığı “sandıqaltı” pullarını qoyur və bir neçə il sonra Bitkoinin dəyərinin milyon dollara çatacağını ehtimal edərək milyonçu olacaqlarına inanırlar. İllər boyu Mavrodilər, Ponzilər və bənzərləri vəsaitlərini onların aktivlərinə yerləşdirməklə milyoner olacaqlarına söz verməklərinə baxmayaraq, bir-iki nəfər milyonçu olsa da, böyük sayda kütlə son pullarını itirdi.

Bitkoin kriptovalyutalar arasında ən məşhuru, lakin sayca beş mindən çox olan kriptovalyutadan biridir. Hazırda müxtəlif platformalarda (binance.com, coinbase.com və.s.) aktiv ticarət olunan 20-yə yaxın kriptoaktiv mövcuddur.

Ciddi tənzimləmə gözlənilir

2021-ci ilin əvvəlindən Çin höküməti mayninq edən (Bitkoini yaradan)  fermalara qadağa qoymağa başladı. Halbuki maynerlərin 50%-dən çox hissəsi məhz Çin əyalətlərində yerləşirdi. Buna əsas səbəb kimi Çinin milli valyutası olan yuanın yaxın gələcəkdə rəqəmsal vahid kimi dövriyyəyə buraxılması və Bitkoinin onu rəqib kimi görməsini göstərirlər. Maynerlər məcbur olub əsasən ABŞ-ın soyuq ştatlarına miqrasiya etməyə başladılar. Mayninq üçün əsas tələb ucuz elektrik enerjisi və soyuq havadır. Bitkoinin mayninqi üçün kiçik Avropa ölkəsini təmin edəcək qədər elektrik enerjisi sərfiyyatı tələb olunur.

ABŞ-ın Konqres və Senatında kriptovalyuta ticarətində investorların dələduzlardan qorunması və çirkli pulların yuyulmasına qarşı tədbirləri əks etdirən düzəlişlər üzərində çalışırlar. Sürprizlərin olacağı gözlənilmir, əks halda, bu özünü Bitkoinin qiymətinin artmasında deyil, düşməsində əks etdirərdi. Hər bir halda, ABŞ konqresmenləri kriptovalyutalarla ticarət edən 20-40 milyon arası amerikalıların istək və maraqlarını nəzərə almaya bilməyəcəklər.

Müəllif: Eldar Həmidov

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun

İdarə Heyəti sədrinin müşaviri

Instagram

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button