SEÇMƏ

Bitməyən xəbərdarlıqlar, inzibati həbslər, pozulan hüquqlar. Sülh istəyən İlham Əliyev hakimiyyətinin “nowar”çulara rəftarı

Azərbaycanda 2020-ci ilin sonlarından indiyə kimi ictimai-siyasi fəalları narahat edən məsələlərdən biri də sülh çağırışı edənlərin, müharibə əleyhinə çıxanların məruz qaldığı təzyiqlərdir. Ermənistan-Azərbaycan arasında 2 il əvvəl baş vermis 44 günlük savaş zamanı və ondan sonra müharibə istəmədiyini dilə gətirənlərin bir müddət sonra hüquq-mühafizə orqanlarına çağırıldığı müşahidə edilirdi. Bu tendensiya bu gün də davam etməkdədir.

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli sentyabrın 20-də Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib. Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən açılan canlı yayımda demişdi ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub.

“Sülh İlham Əliyevin monopoliyasıdır”

“Sərhəddə toqquşmalar başlayandan sonra mən İlham Əliyevi bu toqquşmanın əsas yaradıcısı kimi təsvir elədim Facebookda, həm Facebook, həm də Twitter üzərindəki hesablarımda”, – Məmmədli artıq həbsdən azad olunandan sonra Meydan TV-yə müsahibəsində dedi. – İlham Əliyevin bu sərhəd pozuntusuna görə birbaşa məsuliyyət daşıdığını, nəinki Azərbaycan xalqına qarşı,  eyni zamanda Ermənistan xalqına qarşı məsuliyyət daşıdığını bildirdim. Və daha sonra Azərbaycan xalqına bir sıra müraciət xarakterli “tvitlər” atdım ki, sizi əzən, haqlarınızı əlinizdən alan, sizi bütün təməl hüquqlarınızdan məhrum edən insana bu qədər bağlı olmayın. Çünki siz ona bağlandıqca, o sizi əzməli olacaq”.   

Bu il sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında baş verən silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar oldu. Toqquşma Dağlıq Qarabağ ərazisindən kənarda baş verdi. Azərbaycan və Ermənistan münaqişənin gərginləşməsində bir-birini ittiham etdilər.

Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 16-da qarşıdurma nəticəsində 77 azərbaycanlı hərbiçinin həlak olduğunu bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə 105 erməni hərbiçisinin öldüyünü dedi. Paşinyan həm də bildirdi ki, “son hücum zamanı Azərbaycan Ermənistan ərazisinin 10 kvadrat kilometrini işğal edib”. Rəsmi Bakı isə bunu “iki ölkə arasında real sərhədlərin ədalətli bərpası” adlandırdı.

Əhməd Məmmədli

“Müharibə dəhşətini görən, yaxınlarını itirənlər hazırkı hərbi toqquşmaların əleyhinə olduğu halda klaviatura arxasında qana susayanlar insanları ölümə itələyir. Bunu başa düşmək, deyəsən, eyforiyada olanlar üçün xeyli qəliz məsələyə çevrilib. Müharibəyə YOX!”, “Sizi əzən, bütün təməl haqlarınızı əlinizdən alan, ölkəni şirkətə çevirən monarxı müdafiə etməyin. Siz onu müdafiə etdikcə o sizi daha çox əzəcək. İlham Əliyev əli qana batmış bir diktatordur. Bunu anlamaq axı bizim üçün çətin olmamalıdır”, – bu statusları Əhməd Məmmədli öz “Facebook” hesabında sentyabrın 17-si və 19-da paylaşıb.

Sentyabrın 20-də isə saxlanılıb.

“İslam Səfərli küçəsində 5 mülki polis əməkdaşı məni saxladı. Hərəkatımızın baş katibi Samir Sultanova smartfonumu vermişdim, o da saxlanıldı, telefonum ondan zorla alındı. Mən 9-cu polis bölməsinə aparıldım.Orada mənim telefonumun şifrəsini açmağı tələb elədi. Məqsədləri yazdığım statusları öz əlim vasitəsi ilə silinməsi və bir növ mövqeyimi inkar eləmək idi. Mən bunu qəbul etmədim. Buna görə də mənim barədə protokol tərtib edildi,  sonra mən Səbail Rayon Məhkəməsinə yola salındım”, – Əhməd Məmmədli Meydan TV-ə deyib.

Fəal təkidlərdən sonra ona  dövlət tərəfindən vəkil təyin edildiyini deyib.

Vəkil də iddiaları absurd hesab etdi. Lakin video faktlar daxil olmaqla heç bir sübuta məhkəmədə istinad edilmədi və inzibati cəza aldım. Həbsxanada zorakılıq görməsəm də, müxtəlif vasitəçilərlə mənə təkliflər gəlirdi. Əsas təklif bu idi ki, sən hakimiyyət ilə bağlı tənqidlərinə davam elə bu problem deyil, hətta ölkə rəhbərini də tənqid edə bilərsən. Amma elə məsələlər var ki,  yalnız biz danışa bilərik. O, xalqlar dostluğu məsələsidir, sülh məsələsidir”, – Məmmədli Meydan TV-ə deyib.

Ölkələr sentyabrın 21-də Beynəlxalq Sülh Gününü qeyd etdiyi vaxt Əhməd Məmmədli həbsə aclıq aksiyası keçirib.

D18 hərakatının sədri “sülh ölkə prezidenti İlham Əliyevin monopoliyasıdır, kiminsə buna qarışmasını istəmir” söyləyib.

İlham Əliyev illərdir ki, dırnaqarası sülh danışığı aparır və bundan ictimaiyyətin, onun opponentlərinin belə xəbəri yoxdur. Sadəcə manipulyativ xarakterli məlumatlar sızdırılır ki, Azərbaycan sülhə cəhd edir, amma alınmır. Lakin bilmirik ki, sülhün baş tutmamasında şəxsən İlham Əliyevin rolu nədən ibarətdir. Bəlkə bütün avtoritarlar  kimi onun özünə maraqlıdır ki, ölkəsində qaynar nöqtələr olsun və daim müharibə şəraitində olsun, insanların fikri heç vaxt daxili məsələlərə yönəlməsin. Daimi xarici düşmən axtarışındadır, çünki bu olmasa daxildəki problemlərin qarşısını ala bilməz. Ona görə də o, özündən başqa sülh danışıqlarına alternativ görmək istəmir. Ondan kənar kimsə bu barədə təklif, tələb irəli sürsə və ya onun xəbəri olmadan erməni ictimaiyyəti, siyasi təşkilatları ilə Cənubi Qafqazda yeni bir siyasi dalğalanma yaratsa bu ona sərf etməyəcək. Buna görə də hər üsul ilə bu ehtimalın qarşısını alır”, siyasi fəal Meydan TV-ə danışarkən vurğulayıb.

Fərqli fikirlərə sanksiya

Əhməd Məmmədli Azərbaycanda sülh çağırışlarına görə təzyiqlərə üzləşən ilk və yeganə insan deyil.

İctimai fəal Rüstəm İsmayılbəyli Azərbaycan Türkiyənin rəhbəri olmuş Mustafa Kamal Atatürkün “xalqın azadlığına təhlükə olmadığı müddətcə müharibə başlatmaq cinayətdir” sitatını tviter hesabında yazdıqdan bir az sonra Baş Prokurorluğa çağırılmışdı.

İctimai fəal Meydan TV-ə bildirib ki, ona müharibə əleyhinə olan paylaşım ilə bağlı cari ilin avqustun 4-də  Prokurorluq haqqında Qanunun 22-ci maddəsinə əsasən xəbərdarlıq edilib.

Rüstəm İsmayılbəyli
Foto: Rüstəm İsmayılbəylinin şəxsi arxivi

“Türkiyənin qurucusu Atatürkdən sitat yazmışdım. Paylaşım İkinci Qarabağ müharibəsinin bitməsi zamanı imzalanan 10 noyabr bəyanatından iki il keçsə də yaranan münaqişələr,  gedən döyüşlərə olan narazılıq barədə idi. Paylaşımı yazdığım günün axşamı zəng gəldi, Baş Prokurorluğa dəvət edildim, amma niyəsi deyilmədi. Səhəri gün vəkilim Aqil Layıc ilə Dərnəgüldə yerləşən inzibati binaya getdim. Suallar məhz həmin sitat ətrafında oldu.  “Xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir” paylaşımını prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb. Bildirdim ki, mən Azərbaycanın müharibə başlatdığını iddia etməmişəm. Sadəcə dayanmadan davam edən müharibənin əleyhinəyəm. Lakin mənim verdiyim açıqlama heç nəyi dəyişmirdi, əvvəlcədən verilmiş tapşırıq ilə rəsmi xəbərdarlıq edildim”, – İsmayılbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan höküməti özünün yeritdiyi sülh siyasətindən kənara çıxaraq alternativ fikirlər səsləndirənlərin olması istəmir.

“Onların əsas istəmədiyi şey alternativ fikrin olmamasıdır. Dövlət bir təbliğat aparırsa sən hər hansı fiqur kimi, hər hansı insan kimi bunun əksinə bir deməməlisən. Onlar təbliğatlarının ziddinə olan fikrin yayılmasından çəkinirlər. Hakimiyyətin etdiklərinin, düşüncələrinin əleyhinə olanlara qarşı təzyiq göstərir. Hakimiyyət sülh siyasəti barədə fərqli fikirlərə sanksiya qoymaq niyyətindədir ”, – İsmayılbəyli Meydan TV-ə müsahibəsində söyləyib.

Gözdən qaçırmayın:  “Tərtər işi”nə görə həbs olunmuş daha 8 nəfərin işi yenidən istintaqa qaytarıldı

Onun fikrincə, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin hakimiyyətə gəlişindən başlayaraq bu gün oğlunun idarə etdiyi dövlətdə bir mövzuda fərqli fikirlərin müzakirəsi görmək mümkün deyil. Fəal qeyd edir ki, sülh məsələsinə dövlət necə yanaşırsa eyni yanaşmanı hər kəsdən görmək istəyir.

“Milyonlar ilə vəsait xərclənərək xalq üçün təbliğatlar aparılır. Bu təbliğatlar nəticəsində təsir altına düşən xalq fərqli fikir səsləndirənlərə vətən xaini kimi baxır”, – o deyib.

Azərbaycan hökuməti üçün sülh nədir?

2020-ci il sentyabrında müharibə əleyhinə fikirlərini yazandan bir az sonra Dövlət Təhlükəsizlik Xidmətinə aparılan fəal Qiyas İbrahimov da  təzyiqlərin səbəbini sülh anlayışlarındakı fərqdə görür.

“Mən DTX-ə dəvət edildiyim ildə yalnız kiçik, marginal qrup  müharibənin əleyhinə idi, həmin vaxt dövlətin apardığı siyasətə qarşı olanlar az sayda idi. Çünki müharibə getdiyi vaxtda hakimiyyətin bu siyasətinə qarşı çıxmaq cəsarət tələb edirdi. Bununla yanaşı, hökümət ”xalq sənin müharibə fikirlərinə qarşıdır, xalq sənin davranışından narazıdır” deyərək rahat formada təzyiqlər edə bilirdi”, – İbrahimov bildirib.

Hazırda vəziyyətin fərqli olduğunu düşünən fəal Meydan TV-ə deyib ki, İlham Əliyevin inhisarında olan sülh məsələsindən fərqli fikirlər ilə danışanlar susdurulmağa davam edir.

“2022-ci ildə isə müharibə əleyhədarları artdı. 2020-ci ildən fərqli olaraq sülh məsələləri dövlət səviyyəsində meydana çıxmağa başladı. Lakin sülh danışıqları fonunda Ermənistan-Azərbaycan sərhədində yeni qarşıdurmalar müşahidə edildi. Qarşıdurmaların ən kəskinlərindən biri 13 sentyabrda baş verdi ki, bu da 2020-ci ildən sonra danışılan sülh müqaviləsini gözləməyin sadəlövhlük olduğu ortaya çıxardı. Eləcə də hamı sülh istəsə də, onların sülh anlayışı fərqlidir. Dö Əhməd Məmmədlinin timsalında bir sıra fəalların sülh istəyi bir ideologiyaya söykənir, bu da hakimiyyətin daxili və xarici siyasətinə əks cəbhədədir. Bu da, hakimiyyətin siyasətinə əngəl törətməkdədir. Bu əngəli törədənlər isə ciddi təzyiqlər ilə üzləşir. Hazırda dövlət öz niyyətini açıq şəkildə nümayiş etdirir. Mesaj ötürürlər ki, sülhün necə olacağına yalnız dövlətin başındakı qərar verə bilər. Əksini düşünən isə təzyiqlərə məruz qalır”, – o söyləyib.

“Azərbaycan hakimiyyəti ifadə azadlığını kobud şəkildə pozur”

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-də açıqlamasında bildirib ki, sülh çağırışına görə təzyiqlər ifadə azadlığının pozulmasıdır.

“Bizim həm ölkə konstitusiyası, həm qoşulduğumuz beynəlxalq hüquqi sənədlər, xüsusən də Avropa Konvensiyasının 10-cu maddəsi ifadə azadlığına təminatlar verir. İfadə azadlığı da yalnız  qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilir. Sülh çağırışı qanunla məhdudlaşıdırıla bilən hal deyil. Buna görə də sülhün təbliğatı, təşviqi,  bu barədə çağırışlara görə təzyiqlər qanunla yolverilməzdir. Əgər kimsə bu çağırışlara görə təzyiq ilə üzləşibsə yerli məhkəməyə müraciət edə bilər. Ölkədaxili məhkəmə instansiyalarında müsbət qərar verilməzsə Avropa məhkəməsinə müraciət edə bilər”,- Cəfərov deyib.

Foto: Rəsul Cəfərovun şəxsi arxivindən

Yerli hüquq müdafiəçiləri Azərbaycan hakimiyyətinin ifadə azadlığını kobud şəkildə pozduğunu vurğulayır. Onların bu iddiaları hüquq pozuntularından bəhs edən hesabatlarda da özünü doğruldur.

Belə ki, Demokratik Təşəbbüslər İnstitutunun(IDI) hesabatına əsasən, 2021-ci ildə Azərbaycanda 6 nəfərin sosial şəbəkədəki paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Hesabatda “dövlət qurumları səlahiyyətlərindən sui-istifadə edərək ifadə azadlığına legitim olmayan müdaxilələr edib” yazılıb.

“2021-ci ildə 6 nəfərin sosial şəbəkədəki paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlbi ifadə azadlığının vəziyyətində əvvəlki illərə nisbətən irəliləyiş əldə olunmaması deməkdir. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı ifadə azadlığı pozuntusu ilə bağlı indiyə qədər 16 qərar qəbul edib. Həmin hüquq pozuntusuna görə də Azərbaycan höküməti AİHM-in siyahısında 3-cü yerdə qərarlaşıb”, – 9 ildir fəaliyyət göstərən IDI-nin hesabatında qeyd olunub.

“Human Rights House Foundation” Azərbaycan hökümətinə çağırış edərək “ifadə azadlığına qarşı təhdid və zorakılığa dərhal son qoymalıdır” deyib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) mütəmadi olaraq xatırladır ki, Azərbaycanda vətəndaşların ifadə azadlığı daima həm ölkə Konstitusiyası, həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq insan hüquqları sənədləri, o cümlədən, Avropa İnsan Hüquq və Azadlıqları üzrə Konvensiyası və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt ilə qorunmalıdır.

Sülh istəyən İlham Əliyevin müqaviləni imzalaya bilməməsi illərdir davam edir

Ermənistan və Azərbaycan arasında son genişmiqyaslı müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.  Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.Bəyanata əsasən, sülh müqaviləsi imzalanmalı olsa da, proses 2 ildir ki, gerçəkləşmir.  İstər Azərbaycan, istərsə də Ermənistan tərəf zaman-zaman sülh barədə müsbət fikirlərini səsləndirsə də, tərəflər hələ ki razılığa gələ bilmir. Prosesin uzanmasında isə Rəsmi Bakı və İrəvan bir-birini günahlandırır, dövlətlər aralarında yaranan münaqişələrin məsuliyyətini qarşı tərəfin üzərinə atır. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanmaqdadır.

Sülh sözünün beynəlxalq sferada anlamı

Sülh düşmənçilik və zorakılığın olmadığı bir cəmiyyətdə dostluq və harmoniya anlayışıdır. Sosial mənada sülh adətən müharibənin olmaması, eləcə də fərdlər və ya qruplar arasında zorakılıq qorxusundan uzaq yaşamaq kimi təxmin edilir. NATO-nin hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib.

“Təzyiqlərə baxmayaraq sülh çağırışları davam edir”

İfadə azadlığına görə həbs edildiyini iddia edən Əhməd Məmmədli “hakimiyyətin bütün təzyiqlərinə rəğmən sülh çağırışlarına davam edəcəm” deyib.

“Sülh çağırışlarını davam eləmək üçün həbsdə olarkən edilən rahat həyat təkliflərini qəbul etmədim.  Eyni zamanda, gələcək təzyiqləri də gözə aldım. Nəinki mən, sədri olduğum Demokratiya 18 təşkilatı da xalqlar arasında dostluq, sülh tərəfdarıdır və bununla bağlı çağırışlar anti-sistem cəbhədə davam edəcək”, – o bildirib.

Əhməd Məmmədli Azərbaycan hökümətini “nowar”çulara, sülh istəyənlərə qarşı təzyiqlərə birdəfəlik son verməyə çağırıb.

P.S Meydan TV-nin müxbiri məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, İnsan hüquqları komitəsinin üzvlərindən məsələ barədə rəy almaq istəyib. Komitəyə üzv deputatların 70 faizi telefon zəngini cavabsız qoyub. Digərləri isə sorğunu qəbul etsə də, cavablamayıb.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button