2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Biz dövləti devirməyə çağırışlar etmişikmi?

Qənimət Zahid

« Azərbaycan dövləti pis deyil, İlham Əliyev pis prezidentdir »

Saytların yığılması Saytlarin yigilmasi

Nəhayət, 1 aydan artıq davam edən rəsmi-inzibati kiberquldurluğa hüquq donu geydirmək ağıllarına gəldi. Rabitə Nazirliyinin müraciəti əsasında məhkəmə qərarı çıxartdılar ki, bir neçə sayta Azərbaycan ərazisində giriş bloklansın. Bu saytları siz bilirsiz. Məhkəmə qərarının nədən ibarət olduğunu da, artıq, bilənlər çoxdur. Girişi məhdudlaşdırılan saytlar qanuni dövlət quruluşunun dəyişdirilməsinə, kütləvi iğtişaşlara çağırışda ittiham edilir. İronik nəticədir. İroniya bundan ibarət deyil ki, bu saytların qanuni dövlət quruluşunu dəyişməyə çağırışları ilə bağlı bircə dənə də olsun, fakt yoxdur. Haqqında qərar çıxarılan medya resurslarına qarşı bu zamana qədər bircə dəfə də olsun, analoji xəbərdarlıq olmayıb, bu məsələ ilə bağlı cinayət işi qaldırılmayıb, məhkəmə qərarının altında da bircə dənə də olsun, fakt dayanmır. İroniya bundan ibarətdir ki, Azərbaycanda dövlətin qanuni əsaslarını dağıdan, onu, artıq, felən kökündən dəyişən bir hökumət var, çıxarılan məhkəmə qərarı da məhkəməyə siyasi təzyiqin və sifarişin nəticəsi olaraq dövlət anlayışının necə təhrif edildiyinin sübutudur. Bu hökumət özünün mövcudluğu ərzində ən azı 3 dəfə prezident seçkilərini, ən azı 3 dəfə parlament seçkilərini, ən azı 3 dəfə də bələdiyyə seçkilərini saxtalaşdıraraq dövləti zorla ələ keçirib. Buna baxmayaraq adı məhkəmə qərarlarında hallanan saytların heç birində bu uzurpasiyanın nəticələrinin zorla aradan qaldırılması kimi yozula biləcək bircə fakt, bircə yazı belə olmayıb. Bütün hallarda, bu saytlar informasiya vasitəsidir, qanunsuz silahlı birləşmələrin və ya qanunsuz ictimai birliklərin tərkib hissəsi olmayıblar. Sadəcə olaraq, xəbər resursları olublar və elə də fəaliyyət göstərirlər. Bu saytların məhkəmə qərarına qədər ən azı 1 ay bloklanmış vəziyyətdə olması da dövlət hakimiyyətinin qanunsuz məqsədlərlə, qanunsuz yollarla istifadə edilməsi ittihamını yaradır, həm də bunu həyata keçirən hakimiyyətin özünə qarşı.

Azərbaycanda qanuni dövlət quruluşunun dəyişdirilməsinə çağırış bu saytların heç birində, hətta onlar arasında ən radikalı hesab edilən azadliq.info-da və ya azerbaycansaati.com- da da qeydə alınmayıb, qeydə alına bilməzdi. Amma ölkədə respublika idarəçiliyinin faktiki olaraq ləğv edilməsi faktı ortalıqdadır. Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə respublika quruluşunun felən təhrif edilməsi, bir qədər daha adekvat desək, ləğv edilməsi faktı baş verib. Prezident hakimiyyətinin monarxiya institutu ilə əvəz edilməsi faktı baş verib. İndiki prezidentin hakimiyyətə gətirilməsi şəklində və uduzduğiu seçkidə prezident elan edilməsi ilə də hakimiyyətin daha bir dəfə qəsb edilməsi faktı ilə baş verib. Ölkədə hakimiyyətin qanuni əsasları darmadağın edilib və o, daha yoxdur. Mövcud hakimiyyət özünün hüquqi əsaslarını itirib. Ölkədə hakimiyyətin siyasi əsasları yox edilib. Diktatura qurulub. Siyasi əsasları ləğv edilmiş hakimiyyət ləğv edilmiş. qanunların əvəzinə heç bir hüquqi sistem yaratmayıb. Anlaşılmaz, heç bir prinsipə və hüquq sisteminə, cəhənnəmə ki, qaydalar məcmusuna əsaslanan bir quruluş yaranıb və bu da kortəbii olaraq yaranıb. Yəni, prezident, onun komandası (əgər siyasi birlik formasında hansısa hakimiyyət komandası varsa) Azərbaycanda respublika üsul- idarəsini ləğv edib, onun əvəzində feodal qaydaların da təhrif edildiyi, sabit olmayan siyasi-iqtisadi münasibətlərin var olduğu bir sistemsizlik yaradıb.

Bu, bir monarxiya da deyil. Çünki, monarxiyanın mövcudluğunu təsbit edən hüquq və qaydalar sstemi yoxdur. Baxmayaraq ki, tipinə, idarəetmə qaydasına monarxist təfəkkürə daha çox yaxındr. Amma monarxiyanın olduğunu təsdiq edən qanunların qəbul edilməsi də hansısa hüquqi münasibətlərin mövcudluğunu zəruri etməli idi. Bu da yoxdur. Qanun, hakimiyyəti zəbt etmiş bir güruhun yaxına buraxmadığı, özünə məhdudiyyət kimi dəyərləndirdiyi fenomen olaraq ölkənin gündəmindən çıxarılıb.

Bütün bunlara baxmayaraq, girişi ölkə ərazisində məhdudlaşdırılmış saytlar hətta bu qanunsuz, qaydasız, heç nəyə bənzəməyən, heç bir örnəyin standartı üzərində qurulmayan amorf idarəçiliyin də zorla ləğv edilməsi üçün çağırışlar etməyib, yazılar yayınlamayıb.

Adı şəkilən saytlar vətəndaş cəmiyyətinin təşkilatlanmasına, siyasi birliklərin ehtimal edilən hər hansı qanunsuz davranışlarını da təbliğ etməyib, baxmayaraq ki, cəmiyyətdə belə fəaliyyətlər də faktiki olaraq, yoxdur.
Deməli, alternativ medya bu qanunsuz hakimiyyət darğalarını cilov gəmirəcək həddə qədər qəzəbləndirir.

Bu hakimiyyətin yuxarı pillələrini təşkil edən insanlar hesab edirlər ki, qanunsuz kontrolların tələbinə uymayan, müstəqil mövcudluqlarını davam etdirən kütləvi informasiya vasitələri vətəndaşlar üçün pis örnəkdir. Azadlıq bütün hallarda və bütün formalarda müstəbid bir rejimin cəmiyyətə örnək olaraq tanımaq istəmədiyi fenomendir. Çünki, azad fikir və müstəqil mövcudluq ona bənzəmək istəyənlər üçün stimuldur. Hakimiyyət Azərbaycanda azadlıqları məhv edir. İsrarla, davamlı olaraq məhv edir. Həm də, qanunsuz olaraq məhv edir.

Bəs, Azərbaycan? Bəs, Azərbaycan cəmiyyəti? Məhkəmə qərarı qanunsuzdur və biz bunu sübut edəcəyik. çalışacağıq ki, ən qısa müddətdə ləğv edək. Amma bu müddət ərzində məhkəmənin, ondan daha əvvəl isə bir qrup avantüristin qanunsuz təşəbbüsləri ilə bloklanan saytlara giriş üçün ictimai təşəbbüslərin arrtırılmasına nail olmaq lazımdır. Ölkə ərazisində bloklanan saytlara giriş üçün çoxlu sayta texniki yollar var. Əgər bu saytlara giriş bloklanmadan əvvəl hakimiyyətin və ya hakimiyyət ailəsinin qanunsuz izləmələri ilə təqib edilə bilərdis., indən belə bu ehtimal da yoxdur. Yəni, alternativ giriş proqramları Mədət Quliyevin kontrolunun texniki imkanlarının xaricindədir. Bu proqramları kompyuterlərinizə, telefonlarınıza yükləməklə siz qadağan edilən saytlara rahatlıqla girə bilərsiz, həm də əmin olaraq ki, sizin həmin saytlara girişininzi ən müasir nəzarət cihazları və proqramları da qeydə ala bilməz…Bu proqramlarla bağlı məlumatların ən kütləvi şəkildə yayılmasının təşkilatçıları sırasında yer almaq vətəndaşlıq ləyaqətidir… Yəni, bu bloklama əməliyyatı, faktiki olaraq, çarəsizlik aktıdır və yeni texnologiyalar onu istisna edəcək qədər yayğındır.
O ki qaldı Turan TV-nin proqramlarına. Bu proqramları əvvəlki kimi youtube üzərindən izləyə bilərsiniz. Daha əlverişlisi isə televizorlarınızda izləyə biləcəksiniz. Mobil telefonlarınıza Azerbaycan Saati applikasyonunu yükləyərək də rahatca izləyə biləcəksiz.

Bloklama, bütün hallarda müvəqqəti tədbirdir. Yəni, bir müddətdən sonra qəbul etdikləri qanunsuz məhəmə qərarlarını kpnüllü olaraq ləğv edəcəkləri anlamında deyil. Sadəcə olaraq, bu bloklamaya qarşı başqa vasitələr tətbiq ediləcək. Bunu indicə qeyd etdiyim vasitələrlə siz edə bilərsiz. Bu, zərərli qərarın nəticələrini zərərsizləşdirmək vasitəsidir. Bizdən asılı olan isə öz fəlaiyyətimizin ictimai təqdimatı üçün daha başqa platformaları axtarmaq, tapmaq, seçmək və sizə təqdim etməkdən ibarət olacaq….

Biz, konkret olaraq, Azadlıq qəzeti, Turan TV olaraq Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsinə yox, hakimiyyətin dəyişdirilməsinə çağıranların yanındayıq. İrinləmiş bir sistem, yıpranmış bir hakimiyyət komandası Azərbaycanı təmsil etməməlidir. Bu, bizim ölkəmizin mənafelərinin tələbidir. Hakimiyyətin dəyişdirilməsinin isə zor variantlarına çaöğırış etməməmişik. Həmişə vətəndaşlara o informasiyaları təqdim etmişik ki, fəal vətəndaş mövqeyinə sahib olmaqla ölkədə necə qanuni və hüquqi bir sistem yaratmaq olar. Bu isə qanunsuz çağırış deyil. «Azərbaycamn dövləti pisdir » çağırışı bizə məxsus olmayıb. « İlham Əliyev pis prezidentdir » çağırışı isə bizə məxsusdur və bu çağırış qanunsuz deyil. Tamamilə qanunidir, həm də aktualdır….

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button