ÖLKƏ

Biz necə dəli olduq?

İlham Hüseyn

Bu ölkədə həqiqəti demək, yalanın ünvanın göstərmək, zalıma etiraz etmək ən böyük cinayətdi. Bu “cinayət”lər Cinayət Məcəlləsində deyil, rejimin “Rəzalət Məcəlləsi”ndə öz əksin tapıb. Ona görə də həqiqəti deyənlərə “narkoman”, “xuliqan”, “ermənipərəst”, “vətən xaini” və digər “fəxri adlar” verilir. Ötən gün AXCP üzvü Aqil Hümbətovu oğurladılar və 10 saatdan sonra səsi Ruhi Dispanserdən gəldi. Yəni, həqiqəti deyənə “dəli” adı verdilər. Aqil Hümbətov azyaşlı övladlarını dolandırmaq üçün zibilxanaları gəzirdi. Zibilxanalardan plastik qablar, karton yığıb satmaqla, evinə çörək aparırdı. O, hər dəfə zibilxanadan pulsuz qayıdanda, canlı yayım vasitəsilə ölkə başçısına müraciət edib, “necə dolanım” sualı ünvanlayırdı.
Əlbəttə, onun çağırışına cavab verildi. Onu zibilxanadan götürüb, dəlixanaya apardılar.
Bəlkə də haqlıdılar. Bəlkə də bu ölkədə azadlıq, ədalət istəyənlərin ən dəqiq diaqnozu “Dəli” dir. Aqilin uşaqları hələ çox kiçikdilər. Əgər düşünə bilsəydilər, onlar da atalarına dəli kimi baxardılar. Çünki neft-qaz ölkəsinin vətəndaşı övladlarına “sizi dolandırmaq üçün zibil eşələyirəm” desəydi, bunu ağıll adamın sözü kimi qəbul etmək çətin olardı.
Bu ölkədə dəli olmaq üçün ideal şərait mövcuddu. Yaltaqlığın, talançılığın, saxtakarlığın dövlət siyasətinə çevrildiyi ölkədə, ləyaqətli, vicdanlı, əqidəli insanlar dəli kimi görünür. Pula səcdə edənlər, puldan imtina edənlərə dəli kimi baxır. İllərlə zindan həyatı yaşasa da, prinsiplərinə xəyanət etməyən adamları dəli hesab edirlər.
Tofiq Yaqublu, Aqil Məhərrəm, Fuad Əhmədli, Babək Həsənli, Orxan Baxışlı, Tale Bağırzadə və digərləri bu ölkənin ən möhtəşəm dəliləridi. Bu ölkə mübarizə dəlilərinin sayəsində diri qalıb. Bu ölkə “analoqsuz ağıllı”ların sayəsində dəli olub. Bu ölkə mübarizə dəlilərinin sayəsində ağıllanacaq.
Zülmün ərşə dirəndiyi, haqsızlığın meydan suladığı, şər-böhtanın normaya çevrildiyi ölkədə ağıllı olmağın göstəricisi nədir? Yaltaq olmaq, qorxaq olmaq, zalımın qarşısında təslim olmaq, zülmü alqışlamaq?
Əgər bu gün mübarizə aparan adamlar dəlidirsə, ağıllı olmaqdan imtina edirik. Biz miskin ağıllı olmağı yox, ləyaqətli dəli olmağı seçirik.
Biz bu ölkəni, bu xalqı təmənnasız sevə-sevə dəli olduq. Kiçik komamızda alnı açıq yaşamağı, bahalı villada başıaşağı yaşamaqdan üstün tutaraq, dəli olduq.
Biz ağılı dayaz adamların başa keçirildiyini gördük və dəli olduq.
Bu ölkənin, bu xalqın dəlilərə ehtiyacı var. Növbəti dəfə şərlənərək həbs olunmuş Tofiq Yaqublunun dəliliyi, Qarabağ qazisi Babək Həsənlinin dəliliyi, ötən gün “dəlilik kursu” na yazdırılan Aqil Hümbətovun dəliliyi möhtəşəmdi.
Allahdan bu xalqa dəlilik arzulayıram. Marketdən 1 aylıq bazarlıq edəcək qədər ağıllı olmaqdansa, dünyaya qaranlıq çökəcək deyə bir maşın şam alacaq qədər ağıllı olmaqdansa, ölkəyə azadlıq gətirəcək qədər dəli olmaq yaxşıdı.
Bir gün hamı bu dəlilərin ağlının işığına yığışacaq…

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

Back to top button