Cəmiyyət

Blitskriq və Fransanın 44 günə məhvi

(ikinci hissə)

Artıq mayın 18-də general Con Qort vəziyyətin ümidsiz olduğunu əsas gətirərək komandanlıq etdiyi Britaniya ekspedisiya qüvvələrinin (BEQ) dəniz vasitəsilə təxliyə edilməsini təklif etdi. Amma Çörçill bununla razılaşmadı. İngiltərə hökuməti almanların qərbə doğru uzanan dar dəhlizinə şimaldan və cənubdan zərbə endirmək barədə fransızların yeni baş komandanı Veyqanın təklifini müdafiə etdi.

Mayın 21-də ingilislər elə də çoxsaylı olmayan qüvvələrlə iştirak etdikləri Arras döyüşündə almanlara xeyli təlaş yaşatdılar. Fransızlardan fərqli olaraq ingilislərin döyüş əhvalı xeyli yüksək idi. Arras döyüşü əslində almanların xeyrinə nəticələndi, onlar britaniyalıların hücumunu dəf etdilər. Bu işdə onların hava üstünlüyü önəmli rol oynadı. Demoralizə olmuş fransızların cənubdan hücumu isə heç baş tutmadı.

Amma almanlar kampaniya zamanı ilk dəfə idi ki, ciddi hücuma məruz qaldılar və Hitlerin cinah hücumları qarşısındakı fobiyası bir az da böyüdü. Çox güman ki, onun üç gün sonra verdiyi və ingilislərlə fransızların Dünkerkdən təxliyəsinə fürsət yaradan “Dayan!” əmri də bu qorxudan doğurdu.

Almanların avanqard hissələri isə artıq mayın 20-də Abvil yaxınlığında Atlantik okeanı sahilinə çıxdılar və beləcə Belçikadakı şimaldakı BEQ və Fransa ordularını mühasirəyə aldılar. Bundan sonra onlar şimala doğru hərəkət edərək həmin ərazidəki limanları nəzarətə götürməyə çalışdılar.

Fransanın şimal-qərbində britaniyalıların və fransızların təxliyəni həyata keçirə biləcəkləri üç liman vardı: Bulon, Kale və Dünkerk. Almanlar artıq mayın 22-də Bulonu tutdular, 23-də isə Qravlini tutaraq Kaleyə gedən yolu kəsdilər. Beləcə, təkcə Dünkerk qaldı.

Almanlar Dünkerkə daha yaxın idilər. Onlarla Fransanın ən şimal-qərb ucqarındakı bu liman arasında 15 km məsafə vardı. Alman ordularının zərbələri altında Belçikanın cənubu və Fransanın şimalı ilə geri çəkilən ingilis və fransızların isə Dünkerkə çatmalarına təxminən 100 km vardı. Amma məhz bu zaman Adolf Hitler “Dayan!” əmrini verdi və almanların Dünkerkə doğru hərəkəti durdu.

80 ildən artıqdır ki, Hitlerin bu əmri tarixçilərin, hərbçilərin müzakirə mövzusudur. İntriqanı artıran əsas amil odur ki, alman arxivlərində də bu əmrin səbəbi barədə məlumata rast gəlinmir. Buna görə də ən müxtəlif versiyalar irəli sürülür. Çox güman ki, Hitler təxliyənin o qədər də uğurlu olacağına inanmırdı, buna görə də risk etməməyi və çox irəli getmiş qüvvələrinin möhkəmləndirilməsini istəyirdi.

Digər tərəfdən ehtimal olunur ki, fürer döyüş və texniki səbəblərdən sayı azalmış tanklarını Fransaya qarşı sonrakı əməliyyatlar üçün saxlamağı, mühasirədəkiləri hərbi aviasiyanın köməyi ilə darmadağın etmək istəyirdi. Luftvaffenin komandanı German Gerinq bu işin öhdəsindən uğurla gələcəyinə Hitleri inandırmışdı.

Generalların əksəriyyəti bu əmrdən narazı idi. Quru qoşunlarının baş qərargah rəisi Frans Halder mayın 26-da gündəliyində yazırdı: “Tanklar, motrolu birliklər ali göstərişə əsasən yerə mıxlanmış kimi qalıblar”. Elə həmin gün axşam Hiter fikrini dəyişərək hücum əmri verdi. Amma bu iki gün ərzində ingilislər, fransızlar və belçikalılar Dünkerkin müdafiəsini təşkil edə bildilər.

Doğrudur, mayın 28-də Belçika təslim oldu və Dünkerkin müdafiəsində iştirak edən belçikalılar silahı yerə qoydular. Nəticədə müdafiənin sol cinahında boşluq yarandı. Amma britaniyalılar həmin istiqamətə dərhal öz qüvvələrini atdılar və boşluğu doldura bildilər.

Qeyd etmək lazımdır ki, Britaniya hökuməti də təxliyə ilə bağlı nikbin deyildi. Onlar ən yaxşı halda 45 min nəfəri xilas edəcəklərini proqnozlaşdırırdılar. Amma mayın 26-da başlayan və iyunun 4-nə kimi davam edən “Dinamo əməliyyatı” zamanı 338 226 hərbçi təxliyə edildi. Onlardan 140 mini britaniyalı, 90 mini fransız, qalanları isə digər ölkələrin hərbçiləri idilər. Təxliyəni hücumlardan qoruyan 40 min fransız əsir düşdü.

Dinamo əməliyyatında irili-xırdalı 861 (693 Britaniya, 168 digərləri) dəniz nəqliyyatı iştirak etdi. Bunlardan 147-i hərbi gəmilər idi. Bir çox sıravi vətəndaşlar sahib olduqları xırda qayıqlar, katerlər, balıqçı və gəzinti gəmiləri vasitəsilə təxliyədə iştirak etdi.

İngiltərənin cənub-şərqindən qalxan kral aviasiyası La-Manş üzərində lüftvaffe ilə döyüşə girərək təxliyənin mühafizə etdi. Məlum oldu ki, britaniyalı pilotlar almanlara müqavimət göstərəcək qədər hazırlıqlıdırlar. İngilis və fransız hərbi gəmilərin zenit artilleriyası da lüftvaffenin planlarını pozmağa öz töhfəsini verdi.

Dünkerkdən yalnız canlı qüvvə və yüngül silahlar təxliyə edildi. 700 tank, 45 000 avtomobil, 20 000 motosikl, 11 000 pulemyot, 850 tank əleyhinə silah, 500 zenit silahı, 1190 artilleriya silahı, eləcə də çoxlu sayda sursatlar, yanacaq və başqa materiallar Dünkerkdə atıldı.

***

Dünkerkin alınması ilə Gelb planı bitdi, Fransa uğrunda döyüşlərin ikinci mərhələsi başladı. Almanlar bu mərhələni “qırmızı” mənasını verən Rot planı əsasında aparırdılar.

Fransızlar almanların Paris üzəriə hücumlarının qarşısını almaq üçün Somma və Ena çayları arxasında müdafiə xətti yaratmağa çalışırdılar. İndi Fransa Almaniya ilə demək olar ki, təkbətək qalmışdı. Uzunluğu 965 km-ə çatan müdafiə xəttini cəmi 64 diviziya qoruyurdu. Cəbhənin təhlükəli vəziyyət yaranan nöqtəsinə və ya düşmənin yardığı yerə göndərmək üçün isə heç bir ehtiyat yox idi.

Rot planı iki hissədən ibarət idi. Birinci hissədə iyunun 5-9-da almanlar Somma çayı üzərindən yayındırıcı zərbələr endircəkdilər. İyunun 9-da isə Ena çayı üzərindən əsas hücum başlayacaqdı. Birinci hücumu B ordular qrupu, ikincini isə A ordular qrupu həyata keçirəcəkdi.

Fransızlar isə almanlara şiddətli müqavimət göstərə-göstərə geri çəkilməyi planlaşdırırdılar. Onlar bir qədər çəkilib yeni müdafiə hüdudlarında dayanmalı, müqavimət göstərməli, yenə döyüşə-döyüşə geriləməli idilər. Bununla da almanların xüsusilə tank qoşunlarına ağır itkilər yaşatmağa ümid bəslənilirdi.

Amma bu planı həyata keçirmək mümkün deyildi. Fransızların bəzi hallarda qəhrəmancasına döyüşmələrinə və almanlara həqiqətən ağır itkilər yaşatmalarına baxmayaraq, şəxsi heyət, tank, aviasiya üstünlüyü öz sözünü dedi. Tanklar geri çəkilən fransızların müdafiə xəttini bir neçə yerdə yardılar. Fransa komandanlığı əvvəl planlaşdırdığı kimi Sena çayı üzərində müdafiə təşkil edə bilmədi.

Qonşusunun vəziyyətinin ümidsiz olduğunu görən İtaliyanın faşist diktatoru Mussolini qələbədə pay sahibi olmaq üçün tələsik Fransaya müharibə elan etdi. Amma İtaliyanın müharibədə iştirakı biabırçılıqdan başqa bir şey olmadı. Alp cəbhəsində italyanlardan sayca iki dəfə az olan fransızlar əlverişli mövqelərindən istifadə edərək onların bütün hücumlarını dəf etdilər.

Bu zaman alman qoşunlarının bir hissəsi şimal-şərqdən, bir hissəsi də şimal-qərbdən Paris üzərinə yürüyürdü. Qüvvələrin azlığını, onların mühasirəyə düşə biləcəklərini, eləcə də şəhər döyüşünün tarixi abidələrə vuracağı ziyanı nəzərə alan Fransa hökuməti Parisi müdafiə etməmək qərarına gəldi və açıq şəhər elan etdi. İyunun 14-də almanlar Parisə daxil oldular.

***

Bordo şəhərinə köçən Fransa hökumətinin başçısı Pol Reyno həmin gün istefa verdi və iki gün sonra Filipp Peten baş nazir seçildi. Peten kapitulyasiya tərəfdarı idi. Amma hökumətdəki çoxluq buna müqavimət göstərirdi. Bəziləri ölkənin cənubuna gedən istiqaməti əhatə edən Luara çayı üzərində müqavimət göstərməyi, bəziləri də Şimali Afrikadakı Fransa müstəmləkələrinə köçməyi və mübarizəni oradan davam etdirməyi təklif edirdilər.

Amma Luara üzərində müdafiə planı baş tutmadı. Almanlar Luaraya fransızlarla birgə çatdılar və demək olar ki, onların ardınca çayı keçdilər. Bundan sonra hökumətdə kapitulyasiya tərəfdarlarının sayı artdı və almanlara müraciət edildi. Fransızları alçaltmaq istəyən Hitler isə barışıq imzalanması üçün Kompyen meşəsini seçdi.

Birinci dünya müharibəsinin sonunda Almaniyanın təslim olmasını təsbit edən atəşkəs müqaviləsi məhz bu meşədə, fransızların baş komandanı general Ferdinand Foşun gəldiyi vaqonda imzalanmışdı. Həmin vaqon 1927-ci ildən etibarən yaxınlıqda tikilən muzeydə saxlanılırdı.

Hitlerin göstərişi ilə muzeyin divarı sökülərək vaqon çıxarıldı, 1918-ci ildə atəşkəs imzalanan yerə gətirildi. Fransızlar iyunun 22-də məhz həmin yerdə, həmin vaqonda təslim haqqında müqaviləni imzalamağa məcbur edildilər. Özü də Kompyendə olan Hitler Almaniyanın tərtib etdiyi barışıq şərtlərinin preambulası oxunduqdan sonra etinasız şəkildə vaqonu tərk etdi.

Kompyen atəşkəs müqaviləsinin şərtlərinə görə, Fransanın şimalında və bütün Atlantik sahillərini əhatə edən qərbində (ərazinin təxminən 60 faizi) işğal rejimi yaradılırdı. Cənub və cənub-qərbdəki ərazi Fransa hökumətinin nəzarətində qalacaqdı (belə vəziyyət 1942-ci ilin noyabrına kimi davam etdi, həmin ay almanlar bütün Fransanı işğal etdilər).

Fransızlar bütün alman əsirləri qaytarır, fransız əsirlər isə (onların sayı 1,5 milyon idi) isə müharibə qurtarana qədər almanlarda qalırdı. Fransa işğal rejimini xərclərini ödəməli idi. Bütün ağır silahlar almanlara veriləcəkdi. Fransanın yalnız 100 min nəfərlik ordu saxlamaq hüququ vardı. Müqavilə fransızlar üçün alçaldıcı olan başqa şərtləri də nəzərdə tuturdu.

***

Qərbdəki hərbi əməliyyatlar olduqca uğurlu keçsə də, Fransa kimi böyük dövlət 44 günə darmadağın olunsa da, Hitler qarşısına qoyduğu əsas məqsədə – Fransa ilə yanaşı Böyük Britaniyanı da sülhə məcbur etməyə nail olmadı. Halder iyulun 13-də gündəliyində yazırdı: “Fürer çox maraqlanır ki, İngiltərə niyə hələ də sülh bağlamağa can atmır”.

İngiltərənin isə belə bir fikri yox idi. Çörçill iyunun 18-də, Fransanın məğlub olduğu və Britaniyanın tək qaldığı şübhə doğurmayan zaman parlamentdə etdiyi və “Onların ən yaxşı çağı” adını alacaq nitqində bunu aydın şəkildə bir daha səsləndirmişdi.

SSRİ-nin xarici işlər xalq komissarı (naziri) Molotov Moskvadakı alman səfiri Şullenburqu “vermaxtın parlaq qələbəsi” münasibətilə təbrik etsə də, Moskvanın bu qələbədən məmnun olduğunu söyləmək olmaz. Stalin Qərbdə əməliyyatların Birinci dünya müharibəsində olduğu kimi illərlə sürəcəyinə, tərəflərin bir-birini gücdən salacaqlarına ümid edirdi. Bundan sonra SSRİ həlledici qüvvə kimi ortaya çıxmalı idi.

Amma SSRİ-nin kiçik Finlyandiya ilə 105 gün savaşması fonunda Almaniyanın Fransa kimi böyük dövləti 44 günə məğlub etməsi Stalinin gözünü qorxutdu. Bundan sonrakı bir il ərzində o, Almaniya ilə normal münasibətləri saxlamağa, SSRİ-yə hücum üçün bəhanə verməməyə çalışırdı.

Hitlerlə isə bunun tam əksi baş verdi. Əvvəllər iki cəbhədə müharibədən oddan qorxan kimi qorxan fürer indi Fransa üzərində qələbədən sərməst olmuşdu. O, artıq hesab edirdi ki, finlərə zorla qalib gələn SSRİ-ni də qısa müddət ərzində məğlub etməyə qadirdir. Bu fikrin onun ağlına gəldiyi an sonunun başlanğıcı oldu.

24 saat” “Blitskriq və Fransanın 44 günə məhvi” başlıqlı yazını “Meydan.tv”yə istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button