Bloger hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs olunub
Arzu Sayadoğlu yanvarın 16-da saxlanılıb, ayın 18-də isə 4 ay müddətinə həbs edilib.
Toplum TV xəbər verir ki, bu barədə yanvarın 29-da “Turan” agentliyinə Bakının Səbail Rayon Məhkəməsindən bildiriblər.
Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onu beş ildən on ilədək həbs cəzası gözləyir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.
Xatırladaq ki, blogerin yoxa çıxdığını yanvarın 26-da hüquq-müdafiəçiləri bildirib. Sayadoğlu “Azad Söz” onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən və vətəndaşları hökumət əleyhinə etirazlara çağırdıqdan sonra onunla əlaqə kəsilib.