Loading...
Loading...
Xəbərlər

BMT ukraynalı hərbi əsirlərin ölümü ilə bağlı araşdırmaya hazır olduğunu bildirir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı bölgədə onlarla ukraynalı hərbi əsirin həlak olması faktını araşdırma aparmaq üçün əraziyə müstəntiqlər göndərməyə hazır olduğunu bildirib.

BMT-nin sözçüsü Farhan Haq bildirib ki, hər iki tərəf razılaşarsa, BMT insidentin baş verdiyi cəbhə bölgəsindəki Olenivka şəhərinə ekspertlər göndərməyə hazırdır. Bundan başqa, təşkilat yaralıların təxliyyəsinə də yardım təklif edib.

Ukraynalı hərbi əsirlərin saxlandığı yer raket arəşinə tutulub. Nəticədə onlarla ukraynalı əsir həlak olub.

Rusiya iddia edir ki, Ukrayna ordusu Olenivka həbsxanasını hədəfə almaq üçün ABŞ-ın verdiyi raket sistemlərindən istifadə edib.

Ukrayna hərbçiləri isə Olenivkaya hər hansı raket və ya artilleriya zərbəsi endirilmədiyini bəyan edir. Kiyev Rusiyanı ukraynalılara verilən işgəncələri və edam hallarını ört-basdır etmək üçün həbsxananı atəşə tutmaqda ittiham edir. Ukrayna kəşfiyyatı isə hesab edir ki, ukraynalı hərbi əsirlərin olduğu yeri ‘Vaqner’ vurub, məqsəd əsirlərin köşürüldüyü binanın tikintisi və təmiri zamanı yol verilən mənimsəmələri gizlətmək olub

Ukrayna prezidenti Vladimir Zelenski BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin Olenivkadakı hücumdan sonra reaksiya verməyə borclu olduğunu deyib. Zelenski iyulun 30-da videomüraciətində deyib: “Bu, qəsdən Rusiyanın hərbi cinayəti, ukraynalı hərbi əsirlərin qəsdən kütləvi şəkildə öldürülməsi idi.

Müxtəlif məlumatlara görə, Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Olenivkadakı həbsxanasının atəşə tutulması nəticəsində ən azı 50 ukraynalı hərbi əsir həlak olub.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  MN: Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button