2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Böhran modeli: idarəetmə sistemi dəyişməsə…

Azərbaycanda son həftələrdə əsas hadisələrin bir qismi yerli icra hakimiyyəti sisteminin ətrafında baş verib. Sabirabadda Qarabağ qazisi yerli məmurlara etiraz edərək özünü yandırdı, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev 6 milyonluq əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edildi və nəhayət, prezident Masallı və Göygöl rayonlarına gənc icra başçıları təyin etdi. 

Konstitusiyaya görə, icra hakimiyyətləri prezident hakimiyyətinin yerlərdə əsas təmsilçisi olmaqla dövlət siyasətinin icrasını həyata keçirir. Dövlət başçısı tərəfindən təyin edilən icra hakimiyyəti başçıları isə Prezidentin səlahiyyətli nümayəndələridir. 

İcra hakimiyyətləri kənd, qəsəbə və şəhər icra nümayəndəlikləri vasitəsi ilə öz funksiyasını həyata keçirir, habelə digər dövlət qurumları arasında əlaqələndirmə də onun səlahiyyətlərinə daxildir. Bununla belə, rayonlarda hüquq mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət, sosial qurumlar, aqrar strukturlar, kommunal təşkilatlar birbaşa əlaqədər nazirliklərin tabeliyində olmaqla icra hakimiyyətlərindən heç bir asılılığı yoxdur. Bu sahədə son illər aparılan islahatlar nəticəsində regional idarəçilik sisteminə keçid həyata keçirilir və idarəetmə mərkəzləşdirilir. Sonuncu belə addım bu il uşaq bağçalarının yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq, Təhsil Nazirliyinə verilməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda bələdiyyələr də var, amma seçkili əsaslarla formalaşdırılan bu yerli özünüidarə qurumları tamamilə formal xarakter daşıyır və icra hakimiyyətinin əlavəsinə çevrilib. Səlahiyyət məhdudiyyətləri ilə yanaşı, bələdiyyələr maliyyə, infrastruktur çatışmazlığından əziyyət çəkirlər. 

Azərbaycanda yerli özünüidarə sisteminin vəziyyətini qısaca olaraq belə ifadə etmək olar. O zaman sual olunur: nədən əsas narazılıqlar bu qurumun ətrafında baş verir və icra başçıları, onların yaxın ətrafı ictimai qınağın, sosial narazılığın mərkəzi fiquruna çevrilirlər?

Bunu bir neçə obyektiv və subyektiv səbəbləri var:

Birincisi, icra başçıları rayonun gəlirli sahələrini ələ keçirirlər, mərkəzləşmiş xərcləri, habelə yerli gəlirləri müxtəlif maxinasiyalarla, o cümlədən saxta tenderlər vasitəsi ilə mənimsəyərək, varlanırlar. Buraya əkin sahələri, su mənbələri, dövlət subsidiyaları və s. daxildir.

İkincisi, respublika üzrə həyat səviyyəsi üzrə ən aşağı göstəricilər rayonlardadır. İş yerləri məhduddur, təsərrüfat sahələri gəlir gətirmir, iri torpaq sahələri, fermer təsərrüfatları məmurlara və böyük iş adamlarına məxsusdur, korrupsiya və bərbad sistem ucbatından dövlət yardımlarının əksəriyyəti əhaliyə çatmır. Nəticədə, qısa müddətdə varlanan məmurlarla əhali arasında kəskin sosial bərabərsizlik yaranır.

Üçüncüsü, şikayət, müraciət mexanizmləri, xüsusən məhkəmə, polis və prokurorluq orqanları əhalinin hüquqlarına hədsiz biganə münasibət sərgiləyir. Mətbuata çıxan hadisələr də göstərir ki, bir çox hallarda kriminal, zorakılıq halları da bu biganəlikdən qaynaqlanır.

Dördüncüsü, əhalinin öz hüquqlarını yetərli səviyyədə bilməməsi, dövlət qurumları ilə yaranmış uçurum şikayətlərin düzgün istiqamətlənməsinə imkan vermir. Məsələn, əlillik dərəcələrinin verilməsi, müavinətlər, sosial yardımlar, işsizlik və s. problemlər daha çox icra hakimiyyətinə yönləndirilir ki, bu sahədə onların konkret addım atması üçün heç bir səlahiyyəti yoxdur. Nəticədə özünəqəsd kimi ağır etiraz aksiyalarının şahidi oluruq.

Burada sadalanan və digər bənzər problemlər göstərir ki, Azərbaycanda yerli özünüidarəetmə sahəsində ciddi böhran var və onu təcili şəkildə aradan qaldırmaq lazımdır. Hazırda siyasi kuluarlarda payızda ölkədə referendum keçiriləcəyi və bu sahədə də dəyişikliklər aparılacağı barədə müzakirələr gedir. Prezident ötən ildən alternativ modelin əsasını qoyub və bu, icra hakimiyyəti sisteminin ləğv olunaraq regional idarəçiliyə keçilməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda 14 iqtisadi zona yaradılıb və gözlənilir ki, idarəetmə də bu bölgü üzrə prezidentin səlahiyyətli nümayəndələri tərəfindən təşkil edilməlidir. Habelə bələdiyyə institutunun gücləndirilməsi, səlahiyyətlərinin genişləndirilməsi də alternativi olmayan islahat tələbidir. Hökumətin bələdiyyələrə hansı imkan tanıyacağı məlum deyil. Amma böyük şəhər bələdiyyələrinin yaradılması, yerli özünü idarəetmədə güclü bələdiyyə institutunun bərqərar edilməsi Azərbaycanın da qoşulduğu Avropa Şurasının Xartiyasında birbaşa əksini tapıb. Ölkəmiz yeganə dövlətdir ki, bu sahədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Prezidentin icra strukturlarına yeni kadrlar təyin etməsinə gəlincə, güman etmək olar ki, bu, yeni sistemə keçid dövrünə qədər yaranmış narazılıqları azaltmağa və hakimiyyət-əhali münasibətlərindəki gərginliyi yumşaltmağa yönəlib. Güman ki, gənc kadrlar yeni regional idarəçilik sistemində etimad göstərilən əsas isimlər olacaq.

Turqut

24 saat” “Böhran modeli: idarəetmə sistemi dəyişməsə…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button