2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Boş qalmış kənd evləri

Dolanışıq üçün Bakıya üz tutanların sayının artdığı bildirilir

“Şəhər varlılar üçündür, kasıblara hər yer eynidir. Mən burada yaşamıram, sadəcə hər aşağı təbəqənin nümayəndəsi kimi sürünürəm”.

Bu sözləri uzun illər öncə kəndindən, el-obasından Bakıya köçmüş Hüsniyyə Hüseynova deyir. O da nicat yolunu Bakıda görən minlərlə insanlardan biri kimi paytaxta üz tutsa da, kəndini unuda bilmir, imkan olan kimi oraya qayıdacağını düşünür.

2021-сi ilin əvvəlinə olan statistikaya görə Bakıda 2 milyon 300,5 min nəfər əhali rəsmi qaydada yaşayır. Əhalinin sıxlığı isə 1 km² üçün 1075 nəfər təşkil edir. Bu, onu göstərir ki, Bakı şəhərində sıxlıq var. Buna baxmayaraq, kənd əhalisi sürətlə şəhərə köçməyə davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə kəndlərdən biri də Araz çayının sol sahilində yerləşən, İmişli rayonunun Mirili kəndidir. Kənd rayon mərkəzindən 17 km uzaqlıqda yerləşir. Sakinlərin dediklərinə görə, 200 ildən çox yaşı olan kəndin yolları zaman-zaman yerli imkanlar hesabına təmir edilsə də, yenə bərbad vəziyyətdədir. Xüsusilə payız və qış aylarında bu yolların vəziyyəti daha pis olur. Uşaqlar məktəbə getmək üçün uzunboğaz çəkmələrdən istifadə etməyə məcburdurlar. Kənd əhalisinin yalnız 6-7 faizi kabel internet xəttindən istifadə edə bilir.

Sakinlər deyir ki, əhalinin əsas gəlir mənbəyi olan əkinçilik son on ildə getdikcə zəifləyib. Buna səbəb vaxtilə ən gəlirli sahə olan əkinçiliyə lazımınca gübrə verilə bilməməsi, eyni sahənin təkrar-təkrar əkilməsi, əhalinin şəxsi traktorlarının ya heç olmaması, ya da çox köhnə olması və lizinqlərin baha xidmətinə möhtaclığıdır.

Həmçinin heyvandarlıqda da vəziyyət ürəkaçan deyil. Əkin sahələrinin müxtəlif səbəblərdən neçə illərdir lazımınca suvarıla bilməməsi vəziyyəti daha da dözülməz edib”, – sakinlərdən biri Meydan TV-yə deyib.

Kənd sakinləri onu da bildirdilər ki, suvarma suyunun olmamasına səbəb iqlim dəyişikliyi ilə yanaşı vaxtı ilə dövlət fondu deyilən qışlaq sahələrin müxtəlif vəzifəli şəxslər tərəfindən mənimsənilərək min hektarlarla əlavə əkin sahələrinə çevrilməsidir.

Vaxtilə daha az sahələr üçün nəzərdə tutulmuş su kanallarının qarşısı kəsilərək, ilboyu həmin sahələrə yönləndirilir. Nəticədə kənd sakinləri ailə büdcəsindən kəsərək əkdikləri sahələri suvara bilmədikləri üçün həmin sahələrdən gəlir əldə edə bilmirlər”, – daha bir sakin söyləyib.

Burada kim qalar? İmkanı, fərasəti olanlar buralardan uzaqlaşır. Belə getsə, çox çəkməz, bu kənd tamamilə boş qalacaq”, – deyə sakin əlavə edib.

Kənd ağsaqqalı, uzun müddət kənd məktəbinin direktoru işləmiş Tofiq Tağıyevin dediyinə görə bu kənddən Bakıya və digər yerlərə insanların köçməsi hələ Sovet dövründən başlayıb. Lakin o vaxt həmin adamlar azlıq təşkil edirmiş, bütün kənd üzrə cəmi 2-3 nəfər. Ötən əsrin 90-cı illərindən başlayaraq kənd cavanlarının köçü hər il artmağa başlayıb. 2000-ci ildən sonra isə artıq orta nəslin nümayəndələri də bu köçə qoşulub.

Təsəvvür edirsinizmi, yurd salasan, ev tikəsən, bağ-bağça əkəsən və bir gün hər şeyi atıb buralardan gedəsən? İnsanı buna nə məcbur edə bilər axı?”-Tofiq Tağıyev sorğulayır.

Vaxtilə bir sinifdə 22-24 şagird oxuyurdu. Bəzən, hətta 28-30 uşaq olan siniflərimiz də olurdu. Amma indi əksər siniflərdə 12-13 uşaq var. Təsadüfən qonşu kəndlərdən gələn şagirdlər hesabına 14-15 nəfər olur”, – keçmiş direktor deyib.

Kənd sakini Əlizamin Qasımov bildirib ki, 1014 nəfər sakini olan Mirili kəndində hazırda 10 ev tamamilə boşdur. Proses bununla bitmir. Şəhərə təhsil almağa gedən tələbələr təhsillərini tamamladıqdan sonra rayonda iş tapmayacaqlarını, həyatlarını istədikləri kimi qura bilməyəcəklərini bildiklərindən Bakıda qalıb minimum əmək haqqıyla işləməyə məcbur olurlar.

Sakin deyir ki, vaxtilə kəndin yaxınlığında yerləşən Becarə stansiyasından gündə 3 sərnişin qatarı Bakıya, eyni sayda da geri qayıdırdı:

“Bizim kəndin, həmçinin qonşu Bəcirəvan, Ağcüyür, Qaravəlli, Məzrəli, Naharlı kəndlərinin sakinləri də o qatarlarla 5-6 manata rahatca Bakıya gedib-gələ bilirdilər. Sonradan həmin qatarların hərəkəti ləğv edildi. İndi bir nəfərin Bakıya gedib qayıtması 30 manat tutur. Bunun dərdindən Bakıda oxuyan tələbələrimiz aylarla evlərinə gələ bilmirlər. Beləcə kənddən uzaqlaşmanın əsası qoyulur. Siz də deyirsiniz gənclər niyə bu kənddən köçürlər? Axı gəlib burada nə edəcəklər? Kənd cavanları arasında axtarsan 80-90 nəfər diplomlu adam var. Harda işləsinlər, nə qazansınlar? Bu cavanlar arasında elələri var ki, 27-30 yaşları var, amma evlənməyiblər. Çünki sabaha ümidləri yoxdur. Evlənib ailə-uşağı necə saxlayacaqlar?”.

Hazırda Bakıda yaşayan kənd sakini Hüsniyyə Hüseynova deyir ki, fəhlə üçün, işçi üçün şəhərdə yaşamaq çox çətindir:

Burada demək olar ki, fəhləni 12 saat işlədirlər. Bir insanı 3 nəfərin əvəzinə işlədib 1 nəfərin pulunu verirlər. O pul da sənin üçün şəhərdə demək olar ki, heç nəyə yaramır. Əgər kənddə yaxşı bir həyat şəraitim olsa, mənim nə işim var şəhərdə? Özüm tibb bacısıyam, kənddə müəyyən çətinliklər yaşayırdım. Tibb məntəqəsi demək olar ki, sovetin dövründə tikilib. Yəni o məntəqəni tikən adamların özü də indi sağ deyil. Heç nəyə yaramayan, müasirliyə aidiyyəti olmayan bir tibb məntəqəsidir. Orada işləmək mümkün deyil, insanlara xidmət etmək də çox çətindir. Bunun gecəsi, gündüzü var. Kənd həyatıdır, insanlar gecə-gündüz demədən öyrəşiblər ki, ehtiyacı olanda köməyə çağırsınlar”.

Kənddə pis-yaxşı evimiz var, həyətimiz, meyvə ağaclarımız, kiçik təsərrüfatımız vardı. Yoldaşım xeyli müddət xəstə yatdı və sonra rəhmətə getdi. Evdə tək qalmışdım. Bundan sonra mənim bu işlərə həm maddi, həm də fiziki olaraq gücüm çatmadı. Həmin dövrlərdə qardaşımın qızları Bakıda ali məktəbə qəbul oldular. Fikirləşdim ki, mən də şəhərə gedim. Həm onlara göz-qulaq olaram, həm də maddi köməyim dəyər. Beləcə mənim Bakı həyatım başladı və o vaxtdan da burada qalmışam.  Əgər öz imkanım daxilində olsa, heç vaxt  Bakıda yaşamaram. Çünki mən öz elimi-obamı sevən bir insanam. Yenə də deyirəm, şəhər varlılar üçündür, kasıblara hər yer eynidir. Mən burada yaşamıram, sadəcə hər aşağı təbəqənin nümayəndəsi kimi sürünürəm”, – Hüsniyyə Hüseynova deyib.

Hazırda Bakıda yaşayan Xanlar Həsənov da köçmə səbəbinin işi ilə əlaqədar olduğunu, kənddə ailəsinin dolanışığını təmin edə bilmədiyini söyləyib:

Bakıda öz sənətim var, işimi qurmuşam. Artıq burda da evim, çevrəm, dostlarım var. İşimlə əlaqədar kənddən bir az kənarlaşmışam, amma uşaqlarımı yerbəyer edəndən sonra kəndə qayıtmaq fikrindəyəm. Düzü, burdan özüm də yorulmuşam, amma uşaqlarım kəndə qayıtmaq istəmir. Kənddə indiki işimə uyğun bir iş yoxdur. Əgər olarsa, elə indi qayıdardım, üstəlik də kənddəki evim tam təmirli deyil. İstəyirəm onu gələcəyim üçün təmir edim ki, rahat yaşayım. Daha qocalanda əziyyəti olmasın”.

Başqa bir Mirili kənd sakini Xalidə Verdiyeva isə Bakıya köçmə səbəbini belə açıqlayıb:

Biz kənddə yaşayırdıq və vəziyyətimiz yaxşı idi. Evimiz vardı, bostanımız, ağaclarımız, bağımız hər şeyimiz var idi. Demək olar ki, bir ailənin yaşaması üçün bizi təmin edəcək hər şeyimiz vardı. Kənd yerində əsas yaşayış kolxozla əlaqəli idi. Kolxoz dağıldı, özbaşınalıq yarandı. Mənim dörd uşağım var. Vaxt keçdi və uşaqlarımdan biri xəstələndi. Onun xəstəxana, həkim pulu, yol pulu kimi xərcləri artmağa başladı. Hər həftə Bakıya həkimə aparmağa məcbur idik. Ağır xəstə olduğuna görə taksi ilə getməli idik. Üstəlik, həkim dedi ki, uşaq asmotik-sətəlcəm xəstəsidir və yaşadığı mühit dəyişilməlidir. Bu ərəfədə də yoldaşımın ürəyində problem yarandı. Beləcə  o da işini itirdi. Kənddə bizim üçün əlavə heç bir iş yox idi. Öz sənətini də icra edə bilmirdi, üstəlik də uşaq xəstə. Yəni, məcburiyyətdən kəndi tərk edib şəhərə gəldik. Bura gələndən sonra həm həkimə yaxın olduq, həm də iş tapdıq. Beləcə şəhərdə həyatımız başladı”.

Düzdür, kəndlə əlaqəmiz var, tez-tez gedib-gəlirik. Çalışıram uşaqlarımın kəndlə, qohumlarımızla əlaqəsi itməsin. Xeyirdə-şərdə gedib qohumlarımızı görürük. Məncə, yenidən kəndə qayıtmaq artıq bizim üçün gecdir. Çünki 20 ildir ki, bura gəlmişik. Burada evimiz var, uşaqlarım həyatlarını burda qurublar. Burda əhatə dairələri, dostları, iş yerləri, qonşularımızla gözəl əlaqəmiz var. Yəni artıq kəndə getmək düzgün gəlmir. Bunu uşaqlarım da qəbul etməz. Mən də bilirəm, kənddə həyat daha gözəldir. Öz həyətində hər şeyi əkib-yeyə bilərsən. Kənddə evimiz, həyətyanı sahəmiz baxımsız qalıb. İstəyərdim ki, gedib onlara baxım, təmiz havada yaşayım, amma məcburiyyətdən burda qalmalı olduq. Burada bütün günü işləməlisən ki, pul qazanıb ərzaq alasan. Şəhərdə yaşamaq çox çətindir, inanın mənə çox çətin”, – Xalidə Verdiyeva vurğulayıb.

Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov AMEA-da keçirilən tədbirdə bu məsələyə toxunub:

“Bəzi kəndlər var ki, əhalisi barmaqla sayıla biləcək qədərdir. İnsanların miqrasiya etməsinin əsas səbəblərindən biri iqlim dəyişmələri və əlaqədar təbii proseslərdir. Bu səbəblərdən kənd təsərrüfatı ilə məşğul olan insanlar istədikləri kimi gəlir götürə bilmirlər. Ölkəmizdə regionların inkişafı ilə bağlı Dövlət Proqramı imzalanıb. Buna əsasən, regionların sosial-iqtisadi həyatı inkişaf etdirilməli, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməli, sahibkarlıq mühiti daha da yaxşılaşdırılmalı idi. Lakin verilən bu vədlər yerini tapmadığından insanlar rayonlardan şəhərə üz tumağa davam edir”.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli mətbuata açıqlamasında bildirib ki, qeyri-rəsmi məlumatlara görə, paytaxtda 5 milyon nəfərə yaxın vətəndaş yaşayır ki, bu da sıxlıqlara və yol infrastrukturunun yüklənməsinə və nəticədə yol qəzalarının artmasına gətirib çıxarır.

İndi Bakı küçələri “yükünü” azaldıb nəfəs almaq istəyir, kənddə isə sahibini gözləyən boş evlər yazda qaranquşlara, qışda sərçələrə yuva olur…

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button