Loading...
Loading...
SEÇMƏ

Böyük Britaniyanın yeni Baş naziri seçilib

Yayımlandı: 5 Sentyabr 2022 17:45

Liz Truss sələfi Boris Consonu “dostu” adlandırıb

Xarici işlər naziri Liz Truss liderlik yarışında qalib gələrək Böyük Britaniyanın növbəti Baş naziri və Mühafizəkarlar Partiyasının lideri seçilib.

O, rəqibi Rishi Sunakı məğlub edərək Mühafizəkarlar Partiyası (Tori) üzvlərinin 57.4 faiz səsini qazanıb.

Keçmiş kanslerin 60,399 (42,6 faiz) səsinə qarşı Tori üzvlərinin 81,326 səsini (57,4 faiz) qazanan Liz Truss bu vəzifəni yayın əvvəlində öz deputatları tərəfindən istefaya göndərilən Boris Consondan alacaq.

Xəbəri “The Guardian” yayıb.

Xəbərdə bildirilir ki, qələbə eyforiyası tezliklə qışda enerji borclarını ödəmək üçün mübarizə aparan ailələrin həyatındakı çətinliklərlə əvəzlənəcək.

Truss vəzifəyə gəldikdən sonra bir həftə ərzində ev təsərrüfatlarına dəstək planlarını açıqlayacağını söyləyib.

Müttəfiqlərin enerji xərclərinin dondurulmasını da əhatə edə biləcək 100 milyard funt sterlinqlik paketin müzakirə ediləcəyi də gözlənilir.

Truss qələbə nitqində Boris Consonu tərifləyib və onu “dostu” adlandırıb:

“Boris, sən Brexit etdin, Ceremi Korbini əzdin, peyvəndi yaydın və Vladimir Putinə qarşı durdun”.

Bundan əlavə, o, vergiləri azaldacağını və iqtisadiyyatı inkişaf etdirəcəyini deyib.

O bildirib ki, enerji böhranını aradan qaldırmaq, insanların enerji ödənişləri ilə məşğul olmaq, eyni zamanda, enerji təchizatı ilə bağlı uzunmüddətli problemləri həll etmək üçün “cəsarətli plan” hazırlayacaq.

Truss çıxışını iki ildən sonra partiyasına “böyük qələbə qazandıracağına” söz verərək yekunlaşdırıb.

Boris Conson 2022-ci il iyulun 7-də tutduğu vəzifədən istefa verib.

Onun istefasına səbəb kimi cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi göstərilir.

Bundan sonra hökumətdə ard-arda istefalar baş verib.

Bəzi nazirlər və hökumət üzvləti Consona etiraz olaraq vəzifələrindən gediblər.

İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Consona etimadsızlıq səsverməsi keçiriblər.

Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu, amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi.

Meydan TV

Gözdən qaçırmayın:  Kabildə Rusiya səfirliyinin qarşısında partlayış: 2 əməkdaş həlak olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button