2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimiSEÇMƏ

Böyük köç – REPORTAJ

Ensiz küçələr, balaca evlər, sakit, dilsiz köntöy məhəllə. Küçədə kitablar qalaq-qalaq düzülüb. Ağzı bağlı kisələrin, içi dolu çantaların, yararsız hala gəlmiş təkərlərin künc bucaqları kitablarla doludu.

***

Gözə dəyən, dəyməyən bütün nöqtələr kitablarla, büroşurla aşıb-daşır. Hansı ixtisas üzrə istəsən kitab tapa bilərsən burda. Sahibi də gözə dəymir. Sadəcə kitabları küçəyə düzüb, gedib. Satılırmı? Yox. Kim istəsə götürə bilər. Bəlkə köçür, yeni mənzilində yer yoxdu deyə daşımaq istəmir. Bəlkə də bu – üzü toz basmış, vərəqləri solmuş, pərən-pərən olmuş kitablar yeni mənzilinin aurasını pozacaqmış. Bəlkə də başqa, daha dəhşətli səbəblər var…

Saytların yığılması Saytlarin yigilmasi

Sahibindən və tanrısından başqa heç kim heç nə bilmir. Yalnız bilinən odur ki, bu köçdü. Tarixdəki ən böyük, ən qəddar köçlərdən biri…

***

Yoldan ötənlər nəzəri baxışlarla kitablara göz atır. Hələ qıyğacı baxanlar, ağız büzənlər də var. Amma dəqiq bilmək olmur, bu ağız büzənlər lal kitablara istehzayla baxır, ya onların sahibinə.

Hə, uzaqdan bir əsalı qadın gəlir. Başı yaylıqlı xanım donquldana-donquldana, əlində çörək torbası yellənə-yellənə bu “kitab passajı”na yaxınlaşır. Ortalıqda qalaqlanmış daha hündür kitabların yanında çömbəlir, bir neçəsini damarları neft buruqları kimi qapqara olan əlinə alır, gözlərini qıyaraq diqqətlə nəzər yetirir və nəzakətlə yenidən yerinə qaytarır. Beləcə ondan çox kitabı gözlərinin süzgəcindən keçirir və sonda 2 kitab götürüb yola düzəlir. İçi çörək olan iri torbanın bir küncünə pərçimlədiyi kitablara yolboyu nəzər yetirir. Başını heç yuxarı qaldırmadan irəliləyir. Həm ayağının altına fikir verməli, həm də kitablara diqqət yetirməlidi.

***

Dərsdən qayıdan məktəblilər, ara məhəllələrə doluşduqca əllərini valideynlərinin əllərindən ayırıb üz tuturlar kitablara sarı. Üst-üstə düzülmüş kitablar ətrafında bir-iki dövrə vururlar, bir-birlərini kitablara tərəf itəliyib, zarafatlaşıb, gülüşüb, qəhqəhə çəkib gedirlər. Valideynlər isə “sakit qalın” deyərək mızıldanır, yenə uşaqların əllərindən tutub evlərinə doğru hərəkət edirlər.

***

Hava qaralır. Çərşənbə axşamıdı. Küçədə tonqal qalanır. Hər iki-üç evdən bir taxta parçaları kitbalar kimi üst-üstə düzülüb. Bir az keçəndən sonra yandırılacaq, bütün məhəllə küçəyə axışacaq. Ancaq birinci bu taxta parçalarını alovlandırmaq lazımdı. Benzin? Yox, bahadı, ən yaxşısı elə yaxınlıqdakı sahibsiz kitablardı. Hərə əlindən keçən bir kitabı götürüb yürüyür qalanacaq tonqalına sarı. Və beləcə taxtalar partapart alışmağa başlayır. Alovun dilimləri şaxə qalxır. Ensiz, qaranlıq küçələri tonqallar işıqlandırır. Hamının öləziyən təbəssümünə azca da olsa gülüş qonur. Bir neçə dəqiqəlik xoşbəxtlik hökm sürür.
Böyükdən-kiçiyə hamı tonqallar sönənə qədər üstündən tullanır, arzularını dilucu söyləyir.

Taxta parçaları yanıb külə dönür, məhəlləyə qaranlıq çökür, hamı yavaş-yavaş daxmasına çəkilir.

Küçədə bircə yerdə İŞIQ var – saralmış kitablar parıldayır…

Ramin DEKO

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button