Loading...
Loading...
Texnologiya

Britaniya Yer kürəsinin orbitində Günəş elektrostansiyasını inşa etməyi planlaşdırır

    Britaniya hökuməti kosmosda Günəş elektrostansiyasının inşasını nəzərdən keçirdir. Hesablamalara əsasən bu cür layihə 21 milyard dollara başa gələ bilər. Bundan əlavə olaraq bu cür layihə Britaniyaya 2050-ci ilə kimi parnik qazlarının ifrazını sıfıra endirməkdə yardımçı ola bilər. “Yeni texnologiyalar kosmosda Günəş elektrostansiyasının inşası ideyasını tamamilə reallığa çevirir. Günəş enerjisi kosmosda yığılacaq və Yer kürəsinə göndəriləcək” – deyə Portsmut Universitetinin təmsilçisi Jovana Radulovic qeyd edib. Kosmik Günəş elektrostansiyası Günəş panellərindən ibarət nəhəng kosmik aparat şəklində olacaq. Həmin panellər isə öz növbələrində Günəş enerjisini yığandan sonra onu radiodalğalar şəklində yerüstü antenə ötürəcəklər. Nəticədə yerüstü anten radiodalğaları elektrik enerjisinə çevirərək elektrik şəbəkəsinə ötürəcək. “Bu elektrostansiya 24 saat ərzində elektrik enerjisinin istehsalı ilə məşğul olacaq. Bu isə yerüstü Günəş panelləri qarşısında böyük üstünlükdür” – deyə Radulovic əlavə edib. Bu cür kosmik Günəş elektrostansiyasının 2040-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Elektrostansiyanın bütün komponentlərinin istehsalı və istifadəyə verilməsi 21 milyard dollara başa gələcək.

    Günəş enerjisini radiodalğalar şəklində qəbul edəcək yerüstü antenin ölçüsü də kifayət qədər böyük olacaq. Onun planlaşdırılan ölçüsü 6.7-13 km-dir. Kosmik Günəş elektrostansiyasının Yer kürəsinə 2 giqavatt həcmində elektrik enerjisinin ötürəcəyi güman olunur. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda Böyük Britaniyanın istehsal etdiyi elektrik enerjisinin ümumi həcmi 76 giqavatt təşkil edir. Britaniya hökumətinin fikrincə bu layihənin reallaşdırılması üçün özəl investisiyalar lazım olacaq. Belə ki, layihənin dəyəri 21 milyard dollar təşkil edir. “Proqnozlara əsasən 2050-ci ilə kimi elektrik enerjisinə tələbat 50% yüksələcək. Buna görə də kosmik Günəş enerjisi öz növbəsində artan tələbatı ödəmək üçün aparıcı rolu oynaya bilər” – deyə Radulovic qeyd edib. Lakin bu layihədə bəzi nüanslar və çətinliklər də var. Kosmik Günəş elektrostansiyası modul konstruksiyaya sahibdir. Stansiyanın bütün vacib elementləri robotlar tərəfindən Yer kürəsinin orbitində yığılacaq. Lakin bu elementləri ilk növbədə kosmosa çatdırmaq lazımdır. Bu isə öz növbəsində heç də ucuz başa gələn bir proses deyil. Bundan əlavə olaraq çoxlu sayda uçuş missiyalarının olacaqlarını nəzərə alsaq, onlar ətraf mühitə zərər vura bilərlər.

    Məlumatda qeyd edilib ki, elektrostansiya digər problemlər ilə də qarşılaşacaq. Belə ki, elektrostansiyada mövcud olacaq Günəş panellərini kosmik tullantılar zədələyə bilərlər. Bununla belə Yer kürəsinin atmosferi elektrostansiyanı qorumayacaq. Bu isə o deməkdir ki, elektrostansiya daha aktiv Günəş şüalanmasına məruz qalacaq. Bu səbəbdən elektrostansiyanın Günəş panelləri tez sıradan çıxacaqlar və bu, generasiya edilən elektrik enerjisi həcminin aşağı düşməsinə səbəb olacaq. “Bundan əlavə olaraq enerjinin orbitdən Yer kürəsinə çatdırılması məsələsini həll etmək lazımdır. Müasir texnologiyalar enerjinin yalnız kiçik hissəsinin çatdırılmasını reallaşdıra bilirlər. Bu məsələdə hələ həll üsulu tapmaq lazımdır” – deyə Radulovic əlavə edib. Radulovic-in sözlərinə əsasən bu cür layihənin 2050-ci ilə kimi Britaniyada parnik qazlarının sıfıra endirib-endirməyəcəyi də məlum deyil. Buna baxmayaraq, sözügedən layihə bu yolda atılan ilk addımlardan biridir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button