2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Brüsseldə mühüm nəticə: birinin adı çəkilmir, birindən imtina edilib…

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşiniyan arasında keçirilmiş növbəti görüş müsbət sonluqla bitib. Avropa İttifaqı rəsmisi bəyan edib ki, 5 saat çəkən müzakirələrdə mühüm irəliləyişlər əldə olunub. 

Onun bəyanatına keçməzdən əvvəl qısaca olaraq xatırladaq ki, liderlər bundan əvvəl ötən ilin 15 dekabrında Brüsselə dəvət olunmuşdular. O zaman da həm münaqişə tərəfləri, həm də Avropa İttifaqı təmsilçisi müzakirələrin konstruktiv əhvalda keçməsindən razı qalmışdılar. Sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkinlərin taleyi və mədəni irisin qorunması ilə bağlı ilkin razılıq əldə edilmişdi. Amma aradan keçən 100 gündən artıq zaman kəsiyində problemlərin həlli ilə bağlı bir addım da məsafə qət edilməyib. 

O tarixdən bəri regionda və dünya köklü dəyişikliyə səbəb olan Rusiya-Ukrayna müharibəsi başlayıb və davam etməkdədir. Cənubi Qafqazda hərbi-siyasi nəzarət imkanlarını əlində saxlayan, bu siyasətini münaqişələri idarə etməklə həyata keçirən Moskva indi çətin günlərini yaşayır. Müharibədəki uğursuzluq, Qərb tərəfindən tam iqtisadi blokada, Rusiya hərb maşını mifinin dağılması, Avropa və ABŞ-ın bölgədə fəallaşması, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinə təsir etməyə bilməz. ABŞ Dövlət katibi Entoni Blinkenin danışıqlardan əvvəl İlham Əliyevə və Nikol Paşinyana zəng etməsi, Avropa İttifaqının vasitəçilik təşəbbüsünün uğurlu alınması və 5 saatlıq görüşdə əldə olunan razılaşmalar prosesdə yeni mərhələnin başlandığını göstərir.  

Saytların yığılması Saytlarin yigilmasi

Şarl Mişelin jurnalistlərə verdiyi açıqlamaya görə, məhsuldar keçən görüşdə qərara alınıb ki, mümkün sülh sazişini hazırlamaq üçün konkret prosesə start verilsin və bunun üçün lazım olan bütün elementlər müzakirə edilsin. Həmçinin qərara alınıb ki, delimitasiya kimi həssas məsələylə məşğul olmaq üçün birgə komitə yaradılsın. Həmin komitə güclü kommunikasiya və koordinasiya yoluyla bu yöndə qarşıdakı həftələrdə hansı irəliləyişlərin olacağını diqqətdə saxlasın.

Görüşlə bağlı Şarl Mişelin adından yayılan bəyanatda isə Aİ-nin gərginlikləri aradan qaldırmaq, Cənubi Qafqazı regionda yaşayan insanların hamısı üçün təhlükəsiz, sabit, dinc və çiçəklənən məkana çevirmək üçün Ermənistan və Azərbaycanla əməkdaşlığı dərinləşdirmək öhdəliyi bir daha vurğulanır. Prezident Mişel qarşılıqlı inam və dinc birgə yaşayışdan ötrü hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. Saxlananların buraxılması, itkinlərin məsələsinin hərtərəfli həlli daxil, bütün humanitar məsələlərin tam və sürətli həllinin gərəkdiyini, Aİ-nin bu səylərə dəstək verməyə hazır olduğunu deyib. Bəyanatda deyilir ki, Aİ Azərbaycanla Ermənistan arasında inam yaratma tədbirlərini, o cümlədən ərazilərin minalardan təmizlənməsinə dəstəyi davam etdirəcək.

Bəyanata görə, Prezident Əliyev və baş nazir Paşinyan iki ölkə arasında sülh sazişinin tezliklə əldə olunmasını istədiklərini dilə gətiriblər. Bütün vacib məsələləri yoluna qoyacaq gələcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün iki ölkənin xarici işlər nazirlərinə göstəriş vermək qərara alınıb.

Sərhədin demarkasiyası və delimitasiyası üzrə yaradılacaq Birgə Sərhəd Komissiyasının mandatına isə ikitərəfli sərhədin delimitasiyası və sərhəd boyunca, eləcə də sərhəd yaxınlığında daimi təhlükəsizliyi təmin etmək daxil olacaq.

“Prezident Mişel onu da qeyd edib ki, qüvvələrin düzgün məsafədə saxlanması insidentlərin önlənməsi və gərginliyin azaldılmasının əsas elementidir. Prezident Mişel Aİ-nin tövsiyə və dəstək verməyə hazır olduğunu vurğulayıb”, – bəyanatda deyilir.

Liderlər Azərbaycanla Ermənistan arasında, eləcə də geniş anlamda Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər. Şarl Mişel dəmiryolu əlaqəsinin bərpasına yönəlik addımları alqışlayıb, tərəfləri magistral yol əlaqələrinin bərpasını da səmərəli şəkildə yoluna qoymağa çağırıb.

Brüssel görüşünün nəticələri şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Şarl Mişel dekabr görüşündən sonrakı irəliləyişlərdən danışsa da, həmin tarixdən bu yana yalnız Azərbaycan irəliyə doğru addım atıb: “Naxçıvana quru yolun çəkilməsi ilə bağlı İranla anlaşma memorandumunun imzalanması, sərhədlərin möhkəmləndirilməsi işlərinin davam etdirilməsini bura aid etmək olar. Şarl Mişel minaların təmizlənməsi, bölgənin yenidən qurulmasına və İqtisadi və İnvestisiya Planına maliyyə dəstəyi vəd etdi. Görünür, bu yardımlar  Avropa İttifaqının region ölkələrinə elan etdiyi maliyyə paketi çərçivəsində həyata keçiriləcək”.

Fərhad Məmmədov bildirir ki, Brüssel görüşündə ən böyük yenilik ikitərəfli formatın dərinləşməsidir. Onun sözlərinə görə, bu istiqamətdə ilk addım ötən ilin noyabrında Soçi görüşündə atılmışdı: “Biz sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması və daha sonra keçən ilin dekabrında təkbətək görüş haqqında razılığa gəlmişdik. Bu dəfə üzbəüz görüş olmasa da, söz verdilər ki, yeni formatlar, konkret gündəm yaranacaq. Bu formatlar nədən ibarət ola bilər: 

– Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşləri;

– Xarici işlər nazirlərinin vasitəçilər olmadan ikitərəfli formatda sülh müqaviləsini müzakirə edəcəkləri barədə razılaşma;

– Şəxsi nümayəndələrin görüşü;

– Aprelin sonuna kimi delimitasiya və təhlükəsizlik məsələləri ilə məşğul olacaq mandatlı, ikitərəfli Birgə Sərhəd Komissiyasının yaradılması planlaşdırılır. Beləliklə, Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələr genişlənməyə və dərinləşməyə başlayır”.

Bressel görüşündə əldə olunan razılıqların yerinə yetiriləcəyi barədə gözləntilərini açıqlayan politoloq o qədər də nikbin deyil: 

“Artıq bundan əvvəlki razılaşmaların icra səviyyəsi, konkret tarixlərə qədər addımlar atılmaması kimi mənfi təcrübəmiz var. 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatda hökumətlərarası komissiya üçün son tarixlər müəyyən edilib, lakin heç bir irəliləyiş olmayıb. Bu dəfə çox gözləməyəcəyik, cəmi bir ay müddət var”.

Ekspert vurğulayır ki, ikitərəfli əməkdaşlıq çərçivəsi Ermənistana prosesi uzatmağa imkan verir, lakin konkret müddətlərin müəyyən edilməsi onların manipulyasiya imkanlarını məhdudlaşdırmalıdır. “Təcrübə göstərir ki, bu dəfə onlar axmaqlıq etsələr, Bakı təzyiq mexanizmlərindən istifadə etməyə davam edəcək”, – o, qeyd edib.

Politoloq əlavə edib ki, Rusiyanın Brüssel anlaşmalarına reaksiyası 10 gün ərzində Paşinyanın Moskvaya səfərindən sonra məlum olacaq: “Ötən il yarım ərzində Rusiya məhz Qərbin vasitəçilik təşəbbüsləri artdıqdan sonra fəallaşıb. Bundan sonra baxaq, görək, Moskva nə edəcək. Ümumiyyətlə, bu görüşdə ortaya çıxan müsbət nəticələrdən biri odur ki, ATƏT-in Minsk qrupu daha yoxdur. Məsələlər yalnız dövlətlərin özləri arasında müzakirə olunur”.

Politoloq Elxan Şahinoğlu isə bildirir ki, görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür: 

“Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə “erməni əsirlərin qaytarılması” mövzusunu qaldırırlar. Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır. 

İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub. Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Üçüncüsü, bəyanata əsasən, xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını tapşırmaq qərara alınıb.

Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər”.

Politoloq əlavə edir ki, liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur: “Bu, Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsilə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu, daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və İttifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neftinə və qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq, rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişinin imzalanması prosesini sürətləndirməsinə ehtiyac var”. 

E.Şahinoğlu vurğulayıb ki, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir, ancaq bu o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. 

Ekspert hesab edir ki, Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır: “Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbirli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi, Tovuzda atəşkəs pozulub. Digər tərəfdən, Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatı tələb ediləcək”.

Turqut

24 saat” “Brüsseldə mühüm nəticə: birinin adı çəkilmir, birindən imtina edilib…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button