2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Bu, artıq biabırçılıqdır''

Saytların yığılması Saytlarin yigilmasi
Xalid Bağırov
Xalid Bağırov.

”Məgər bu hadisədə hüquq var? Adamı başqa ölkənin paytaxtından oğurlayaraq Bakıya gətiriblər”

Mayın 29-u axşamdan “yoxa” çıxan jurnalist Əfqan Muxtarlı mayın 30-da Bakıya gətirilib.

Bu barədə Meydan TV-yə vəkil Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, Əfqan Muxtarlı ona zəng edərək Dövlət Sərhəd Xidmətində olduğunu deyib.

Digər vəkil Elçin Sadıqov isə deyib ki, Efqan Muxtarlı dövlət sərhədini pozma (318.1) və qaçalmalçılıqla (206.1) günahlandırılır.

“Jurnalist mayın 29-da başına torba keçirilərək Tbilisidə saxlanılıb. Ürəyi ağrıdığını və nəfəs ala bilmədiyini dedikdən sonra başına köynək keçirib, skoçla bağlayıb və döyüblər. Maşınla 2 saat aparıblar, sonra hardasa başqa yerdə azərbaycanlılar olan maşına mindirilib. Üstünə 10 min avro pul qoyulub. Üzünün müxtəlif hissələrində yaralar var, qabırğasının qırıldığından şübhələnir”,-vəkil belə deyib.

 Gürcüstan Daxili İşlər Nazirliyi baş verən olayla bağlı Cinayət Məcəlləsinin 107-ci (qanunsuz adam oğurlama) maddəsilə cinayət işi açıb.

Jurnalistin xarici pasportu Tbilisidə olsa da, özü Bakıya gətirilib.

“Gürcüstan hökumətinin Azərbaycan səviyyəsinə düşməsi acı təəssüf doğurur”

 Vəkil Xalid Bağırov baş verən olayı biabırçılıq adlandırıb.

 

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva
Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva.

Vəkil hesab edir ki, jurnalistin Tbilisidən oğurlanaraq Bakıya gətirilməsində ilk növbədə Gürcüstan hökumətini təqsirləndirmək lazımdır:

 “Şübhəsiz, Gürcüstan hökumətinin razılığı olmadan jurnalisti oğurlayaraq Bakıya gətirmək mümkün olmazdı. Bəli, Azərbaycan hakimiyyəti ilə bağlə məsələ aydındır. Çünki rəsmi Bakı heç bir hüquqi və siyasi sərhəd tanımır, öz maraqları üçün bütün qanunsuz vasitələrə əl atırlar. Bu hadisədə Gürcüstan hökumətinin Azərbaycan səviyyəsinə düşməsi acı təəssüf doğurur”.

O, jurnalistin Bakıya gətirilməsinə hüquqi qiymət verə bilməyəcəyini deyib:

“Məgər bu hadisədə hüquq var? Adamı başqa ölkənin paytaxtından oğurlayaraq Bakıya gətiriblər. Əslində Əfqan Muxtarlı hansısa məsələdə təqsirləndirilirdisə, barəsində cinayət işi açılmalı, sonra axtarış verilməli, yeri bəlli idisə, həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət olunmalıydı. Beləliklə, məqsədə müvafiq sayılsaydı, orada həbs olunub ölkəyə gətirilməli idi. Ancaq Əfqan Muxtarlını oğurlayıb Bakıya gətiriblər. Məsələ ondadır ki, onu tutmaq istəyirdilərsə, Gürcüstanda məhkəmə keçirilməli idi. Heç biri olmayıb və cinayət işi açılıbsa, bu, artıq biabırçılıqdır”.

 “Bu hadisə mətbuatın tamamilə müdafiəsiz olmasının göstəricisidir”

 “Turan” İA-nin redaktoru Şahin Hacıyev hesab edir ki, jurnalistin Gürcüstandan oğurlanaraq Bakıya gətirilməsi çox ciddi və təhlükəli hadisədir.

Şahin Hacıyev
Şahin Hacıyev.

“İndiyə qədər belə bir president olmamışdı. Jurnalist Rauf Mirqədirovda məsələ fərqliydi, onu Türkiyə polisi tutub Azərbaycana təhvil vermişdi. İlkin informasiyada deyilirdi ki, Əfqan Muxtarlını SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları oğurlayıb, bu xəbərin nə qədər doğru olduğu məlum deyil. Ancaq jurnalistin Tbilisidən oğurlanıb Bakıya gətirilməsi çox pis əlamətdir, mətbuatın tamamilə müdafiəsiz olmasının göstəricisidir. Əsas məqam bu hadisənin başqa ölkədə baş verməsidir. Gülməlisi odur ki, Gürcüstan polisi Əfqan Muxtarlını hələ axtarır, halbuki, onu sərhəddən keçirib gətiriblər”,-Şahin Hacıyev belə söyləyib.

 

“Rəsmi Tbilisinin bu cür anlayışlarla dəyərlərə yanaşması onun NATO-da yerinin olmadığını göstərir”

 2014-cü il aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunan Rauf Mirqədirov hesab edir ki, bütün hallarda mühacirətdə olan şəxsin pənah gətirdiyi dövlət tərəfindən təqib olunduğu dövlətə təhvil verilməsi çox neqativ haldır:

“Fərqi yoxdur qanuni olsun, ya da qeyri-qanuni. Bu halda demokratik dövlətlərdə olan prosedurlar gözlənilməlidir. Əgər Azərbaycan hökumətinin jurnalist Əfqan Muxtarlıya hər hansı ittihamı varsa, zəruri sənədlər Gürcüstana göndərilməli və onun ekstradisiyası tələb edilməli idi. Ancaq bunlar formal baş vermir, gərək, həmin şəxs məhkəməyə müraciət etsin. Gürcüstan hüquq-mühafizə orqanları da məhkəmədə ekstradisiyanı sübut etməlidirlər. Bundan əlavə, mühacirin apelyasiya hüququ var”.

Rauf Mirqədirov
Rauf Mirqədirov.

R.Mirqədirov bildirib ki, Gürcüstanın son məqsədlərindən biri NATO-ya daxil olmaqdır, bu qurum isə yalnız təhlükəsizlik yox, dəyərlər sistemidir:

“NATO təkcə dövlətləri deyil, dəyərləri də müdafiə edir. Rəsmi Tbilisinin bu cür anlayışlarla dəyərlərə yanaşması onun NATO-da yerinin olmadığını göstərir”.

 

 “Bu “dövlət” Şevarnadzenin dönəmindəki vəziyyətə qayıdıb”

 Hüquqşünas Ələsgər Məmmədli “Facebook” səhifəsində yazıb ki, araşdırmaçı jurnalist Əfqan Müxtarlının sığındığı Gürcüstandan qanunsuz yollarla gətirilməsi və Azərbaycan tərəfində həbs altına atılması Gürcüstanın beynəlxalq imicini ayaqlar altına atan addımdır:

“Avropa Birliyi ilə bütünləşməyə qərar verən bir ölkəyə sığınan insanın təhlükəsizliyinin orta əsrlər səviyyəsində təhlükələr altında olması Gürcüstanı bir dövlət kimi bitirən addımdır. Bu olaya hansı pəncərədən baxmağın fərqi yoxdur, bütün hallarda baş verənlər Gürcüstanın dövlət və hüquq anlayışlarından uzaq olmasının göstəricisidir”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli. Fotoqraf:: Amerikanın səsi

Hüquqşünas bildirib ki, Əfqan Muxtarlının rəsmi qurumların bilgisi və iştirakı ilə hüquqa zidd, məhkəmə qərarı olmadan təhvil verilməsi halında bu hüquqi rəzillikdir və Gürcüstanın Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunan və əməl etməli olduğu beynəlxalq hüquq normalarını çiynəməsidir:

 “Əfqan Müxtarlının rəsmi qurumların bilgisi və iştirakı olmadan, mafiya tərəfindən, yaxud xüsusi əməliyyatçılar tərəfindən Gürcüstandan çıxarılması daha böyük rəzillikdir. Deməli, bu “dövlət” Şevarnadzenin dönəmindəki vəziyyətə geri qayıdıb. Bu isə Avropa Birliyinin təhlükəsizliyini də ciddi təhdid edən məqamdır. Sabah, istənilən Avropa ölkəsinin vətəndaşı Gürcüstanda eyni müamiləyə məruz qalaraq, 3-cü ölkələrə və hətta İŞID-a verilməyəcəyi qarantiyası artıq yoxdur.

Avropa Birliyi Gürcüstanla olan münasibətlərinə yenidən baxmalı, vizasız gediş məsələsini də dərhal dayandırmalıdır”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button