Loading...
Loading...
24 saat

Bu gün əsl ziyalılar da xalqımızla bir yerdədir

AXCP sədri Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvü, dosent Eldar Hüseynovun və həkim Elnur Yusubovun siyasi fəaliyyətlərinə görə işdən çıxarılmasına fb səhifəsində münasibət bildirib:

“Bəs ziyalılar bu mübarizənin harasındadır?” deyənlər bu yazını mütləq oxusun.
Oğruların hakimiyyəti AXCP rəhbərliyindən keçirdiyimiz uğurlu mitinqlərin rəsmən qisasını alır. 200 nəfərə qədər AXCP funksionerinin polisə aparılıb “mitinqi təşkil etməyin, yoxsa sizin üçün pis olacaq” hədəsinə məruz qalması da, onların saatlarla, günlərlə mənasız sorğu-suala tutulması da, 14 nəfər fəal mitinq təşkilatçısının inzibati həbsi də AXCP funksionerlərini qorxuda bilmədi. Partiya funksionerləri gecə-gündüz demədən mitinqin təşkili ilə məşğul oldular. Xalqımız da mitinqə ciddi dəstək verdi və izdihamlı mitinqlər oğru və korrupsionerlərdən məsuliyyət tələb etdi. Mitinqçilərin də istəyilə növbəti mitinq 28 oktyabra təyin edildi.

Hakimiyyət pərtdir, acıqlıdır və bizdən qisas almağa başlayıb. AXCP mitinq komitəsinin fəalı Elnur Yusubovun 10 il çalışdığı həkimlik işindən uzaqlaşdırıldığını artıq bilirsiniz. Bu gün məlum oldu ki, AXCP Rəyasət Heyətinin, ən əsası da Mitinq Komitəsinin üzvü, dosent Eldar Hüseynov da 28 il dərs dediyi Azərbaycan Dövlət İqtisad Universitetindən işdən çıxarılıb. Eldar müəllimi də mitinqlərin təşkilindəki xüsusi roluna görə işdən çıxardılar. İndiyə qədər Universitet rəhbərliyi Eldar müəllimə siyasi fəaliyyətilə, mitinqlərin təşkilindəki rolu ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdi. Lakin veteran, əqidəli cəbhəçi Eldar müəllim haqlı bildiyi yoldan çəkilmədi, millətimizə şərəflə xidmət etdi. Bu gün işdən çıxarıldıqdan sonra da Eldar müəllim AXCP rəhbərliyindəki roluna, apardığı mübarizəyə görə heç bir peşımançılıq keçirmir (Eldar müəllimin yazısı şərh bölümündə). Eldar müəllim xalqımızın taleyi uğrunda mübarizəyə sadiqdir. Alim və müəllim olaraq tələbələrinə, gəncliyə əqidəyə sədaqət nümunəsi bəxş edir. Bəli, bu gün əsl ziyalılar da xalqımızla bir yerdədir. Milli Şuranın hörmətli sədri, dünya miqyaslı alim, professor Cəmil Həsənlinin rəhbərliyilə ölkənin gerçək ziyalıları şərlə mübarizənin ön cərgəsindədirlər. Dosent Eldar Hüseynov da o şərəfli sırada yer tutub və millətimizin azadlıq və ədalətə qovuşması üçün “yoruldum, usandım” demədən mübarizə aparır. Allah zəhmətinizi itirməsin, ey fədakar Azərbaycansevərlər!

 

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button