SEÇMƏ

“Bu gün Qarabağda Rusiyanın nəzarətində olan bir ərazi əmələ gəlib”

***

Sual: Şahin bəy, Hikmət Hacıyev “Bakı və Moskva hələlik Rusiya sülhməramlılarının Qarabağda mandatını razılaşdırmayıblar”açıqlaması ilə nə demək istəyib?

Cavab: Hikmət Hacıyevin açıqlaması kifayət qədər aydındır. Yəni ortada Rusiya sülhməramlılarının hüquqi statusunu tənzimləyən bir sənəd var. Həmin sənəd Rusiya tərəfindən hazırlanıb. Amma Azərbaycanı qane etmədiyi üçün hələlik Azərbaycan tərəfi həmin sənədə imza atmayıb. Bununla bağlı tərəflər arasında müzakirə davam edir. 

Sual: Belə çıxır ki, hazırda Qarabağda sülhməramlıların mövcudluğunun hüquqi əsası yoxdur və onların fəaliyyəti şifahi razılaşma əsasında həyata keçirilir? Yəni Azərbaycan istənilən vaxt Rusiya sülhməramlılarını öz ərazisindən çıxarmaq hüququna malikdir?

Cavab: Rusiya sülhməramlıları Qarabağda 10 noyabr 2020-ci il tarixli razılaşma, yəni birgə bəyanat əsasında fəaliyyət göstərir. Lakin bu bəyanat sülhməramlıların fəaliyyətini tənzimləyən bir sənəd deyil. Orada yalnız sülhməramlıların əraziyə daxil olması, onların sayı və sərəncamındakı hərbi texnikanın miqdarı göstərilib. Eyni zamanda sülhməramlıların harada yerləşdiriləcəyi qeyd olunub. Yəni təmas xəttində və Laçın dəhlizi boyunca. Yeri gəlmişkən, əslində bu müddəaya Rusiya zidd fəaliyyət göstərir. Qeyd etdiyim kimi, bəyanatda sülhməramlıların təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdirilməsi yazılsa da, amma faktiki olaraq bu gün Qarabağda Rusiyanın nəzarətində olan bir ərazi əmələ gəlib. De-fakto Rusiya tərəfindən nəzarət olunan ərazi var və orada Azərbaycan dövlətinin suverenliyi təmin olunmur. Azərbaycan dövlət orqanları həmin əraziyə daxil ola bilmir. Bu əslində 10 noyabr bəyanatına ziddir. O ki qaldı, Azərbaycanın Rusiya sülhməramlılarını öz ərazisindən çıxarmaq hüququna malik olmasına, 10 noyabr bəyanatında konkret müddət göstərilib. Orada bir “deadline” müəyyən olunub. İlk 5 illik müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri etiraz etməsə, sülhməramlıların mandatı avtomatik olaraq daha 5 il müddətinə uzanmış olacaq.  

Sual: Rusiya mediasının 10 noyabr ərəfəsində yazdıqlarına istinad etsək, belə bir məlumatlar var ki, məlum bəyanatla bərabər sülhməramlıların statusu ilə bağlı ayrıca bir sənəd də masa üstündə olub. Həmin sənədi Rusiya və Ermənistan imzalasa da, Azərbaycan həmin sənədi imzalamaqdan imtina edib. Azərbaycan niyə həmin sənədi imzalamaqdan imtina edib? Həmin sənəddə nələr olub ki, bu Azərbaycanı qane etməyib? 

Cavab: Alınan məlumatlar onu göstərir ki, Azərbaycan tərəfinin həmin sənədi imzalaması üçün şərtləri var. Əsas şərt də Laçın dəhlizinə nəzarət etməkdən ibarətdir. Eyni zamanda digər şərtlər də var. Bu qeyri-rəsmi məlumatdır. Digər şərtlər isə Qarabağdakı bütün qanunsuz erməni silahlı dəstələrinin oradan çıxarılması və Xankəndidə yerli idarəçiliyin qurulmasında Azərbaycanın da söz sahibi olmasıdır. Yəni Bakı tərəfindən əsasən bu 3 şərt irəli sürülüb. Bu şərtlər Azərbaycanın həm Laçın dəhlizi üzərində, həm də Qarabağda Rusiyanın de-fakto nəzarətində olan ərazi üzərində suverenlik hüququnun bərpasına yönəlib. Amma belə görünür ki, Rusiya bu şərtlərlə razı deyil, onları qəbul etmir. Bu səbəbdən məsələ uzanır. Bu şərtlər təbii ki, beynəlxalq hüquqa tam uyğundur. Çünki söhbət məhz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən gedir. Həmin ərazidə Rusiya faktiki olaraq qeyri-qanuni şəkildə de-fakto idarəçilik qurub. Azərbaycan indi həmin ərazilər üzərində öz nəzarətini, suverenlik hüquqlarını bərpa etmək istəyir. Məhz bu yöndə də şərtlər irəli sürüb. Şərtlər qəbul olunarsa, Azərbaycan sülhməramlıların mandatı ilə bağlı sənədi imzalaya bilər. 

Sual: Mediada yazılanlara inansaq, Azərbaycanın tələbi həm də ondan ibarətdir ki, Rusiya sülhməramlılarının statusu ilə bağlı sənədi ancaq RusiyaAzərbaycan imzalamalıdır. Sizcə, Azərbaycan belə bir tələb irəli sürə bilərmi və belə bir tələbi sürməkdə nə qədər haqlıdır? 

Cavab: Təbii ki, həmin sənəd AzərbaycanRusiya arasında imzalanmalıdır. Çünki söhbət Azərbaycan ərazisində həyata keçirilən sülhməramlı əməliyyatdan gedir. Ermənistan dövlətinin bu məsələyə hər hansısa bir aidiyyatı yoxdur. Bu baxımdan əgər Bakı tərəfindən doğrudan da belə bir şərt irəli sürülübsə, bu tam ədalətlidir və beynəlxalq hüquqa uyğundur. 

Sual: Sizcə, Azərbaycan ümumiyyətlə belə bir sənədi imzalayıb, rus sülhməramlılarına hüquqi əsas verməlidirmi?

Cavab:  Həmin sülhməramlıların mandatına dair sənəd mətbuata hələ ki açıqlanmayıb və biz onun məzmunundan xəbərsizik. Həmin sənəddə konkret nələrin, hansı müddəaların olduğunu, Azərbaycanın suverenliyinə zidd olacaq bəndlərin olub- olmadığını bilmirik. Amma Rusiyanın postsovet məkanındakı əvvəlki konfliktlərdə, yəni Cənubi Osetiya, Abxaziya və Dnestr regionundakı sülhməramlı əməliyyatlar zamanı qəbul olunan analoji sənədlərə nəzər salanda görürük ki, orada  sülhməramlı qüvvələrin çox geniş səlahiyyətləri var. Sülhməramlılar həm təhlükəsizliklə bağlı, həm asayişlə bağlı, həm humanitar fəaliyyətlə bağlı çox geniş səlahiyyət çərçivəsinə malikdir. Faktiki olaraq onlar həmin ərazilərdə bir yerli hökumət kimi fəaliyyət göstərirlər. Düşünürəm ki, Azərbaycan hökuməti də məhz bu kimi maddələrin sənəddə yer almamasına çalışır. Böyük ehtimal ki, bu maddələr həmin sənəddə də var. Çünki Rusiya  əvvəl həyata keçirdiyi sülhməramlıların mandatına dair hazır modeli, həmin çərçivəni Qarabağda tətbiq etmək istəyir. Azərbaycan da haqlı olaraq bunları qəbul etmir və orada qeyd etdiyim kimi Azərbaycanın suverenlik hüquqlarının təminatına yönəlmiş əlavə şərtlər irəli sürür. Bu baxımdan əlbəttə ki, Rusiyanın təklif etdiyi şəkildə həmin sənədi imzalamaq olmaz. Amma Azərbaycanın şərtləri qəbul olunarsa, o halda imzalamaq olar. Bir şərtlə ki, həmin sənəddə sülhməramlıların Qarabağda qalmaq müddətinə dair yeni bir rəqəm olmasın. Çünki belə spekulyasiyalar da var ki, Rusiya uzunmüddətli əsasda hərbi qüvvələrini Qarabağda saxlamaq istəyir. Həmin sənəddə yeni bir müddət nəzərdə tutulacaqsa, Azərbaycan buna razı olmamalıdır. 

Kamran Mahmudov

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button