Now Reading:
“Bu külək Bakı üçün təhlükəlidir” – Coğrafiya İnstitutu

Bakı çox küləkli şəhər olduğundan sürəti saniyədə 20-25 metr olan küləyin əsməsi adi haldır və bu, çox da təhlükəli hesab edilmir. Lakin küləyin sürətinin saniyədə 25 metrdən çox olması artıq təhlükəli sayılır.

Bunu Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, martın 30-da və 31-i gündüzə kimi Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi – küləyin sürətinin 18-23, arabir 25-30 m/s olacağı, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi ilə bağlı sinoptiklərin verdiyi proqnozun özünü doğrulub:

“Bizim respublika ərazisi ilə ətraf ərazilər arasında atmosfer təzyiqi fərqi əmələ gəlib. Ona görə də güclü küləyin əsməsi gözlənilən idi. Ötən günlər mülayim hava şəraitinin müşahidə edilməsi soyuq hava kütlələrinin ölkəyə daxil olması üçün şərait yaradıb”.

M.Həsənov qeyd edib ki, Bakıda güclü küləklərin əsməsi keçid fəsillərinin əvvəli üçün xarakterikdir. Paytaxtda güclü küləklər mart ayında, eləcə də aprel ayının 5-dək, eyni zamanda oktyabrın sonu-noyabrın əvvəlində müşahidə edilir:

“Temperaturun kəskin enməsi və güclü küləklərin əsməsi mart ayı üçün xarakterikdir. Adətən, martda belə hava şəraiti gözlənilən olur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ölkə ərazisinə qərbdən soyuq hava kütlələrinin daxil olması nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova soyuq hava şəraitinin əsasən martın 30-da müşahidə ediləcəyini söyləyib.

Mütəxəssis hava dəyişməsi nəticəsində gözlənilən temperaturun mart üçün xarakterik olduğunu, əvvəlki illərdə daha aşağı temperaturların qeydə alındığını açıqlayıb.

Proqnozlar Bürosunun direktorunun sözlərinə görə, 2014-cü ildə mart ayında Bakıya hətta qar yağıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.