2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“Bu, mənim balama atılan şər-böhtandır” VİDEO

Müsəlman Birliyi Hərəkatının üzvü, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin tərəfdarı olan Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Oğlunun günahsız olduğunu vurğulayan Zeynəb Hüseynova deyir ki, Əhsənə verilən narkotik ittihamı şər-böhtandan başqa bir şey deyil.
“Mehriban xanım da anadır, onun da üç balası var. Yaxşı bilir ki, ana balalarından ötrü nələr çəkir. Mənim tək oğul balamı günahsız yerə tutublar. Bu, mənim balama atılan şərdi, böhtandı.
Bizim yaşayışımız, ev-eşiyimiz göz qabağındadı. Narkotik satanın yaşayışı belə olar? Evin tavanı başımıza uçur, bir “emusya” alıb divara çəkə bilmirik, uçub-tökülür. Allahın bir böyük stolu yoxdur ki, rahat çörək yeyəsən. Belə şər-böhtanı Allah götürməz axı…”, – Zeynəb Hüseynova keçirdiyi mətbuat konfransında bildirib.

“Oğlumu dəfələrlə oğurlayıblar”

Saytların yığılması Saytlarin yigilmasi

Ananın dediyinə görə, Əhsən Nuruzadə oktyabrın 6-da günorta saat 12 radələrində yasa getmək üçün evdən çıxıb. Həmin vaxt evlərinin yaxınlığında iki şübhəli avtomobil olub. Qonşular görüb ki, Əhsəni həmin maşına zorla basıb aparıblar. Bunu eşidən kimi, ailə üzvləri onun telefonuna zəng eləyib, amma cavab verməyib. Ardınca da telefon söndürülüb: “Mən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng elədim, 18-ci polis bölməsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət elədim. Heç bir xəbər çıxmadı. Bir müddət sonra yenə “102”yə zəng eləyəndə cavab verən xanım məni acıladı. Dedi ki, “bir dəfə müraciət eləmisiz, qeydə almışıq. Hara müraciət elədik, dedilər ki, “xəbərimiz yoxdur, axtarırıq”. Dörd gün balamdan xəbər çıxmadı. Xəstə adamam, bu dörd gündə nə boğazımdan bir qurtum su keçdi, nə də gözümə yuxu getdi. Dörd gün axtarandan sonra ayın 10-da həyat yoldaşı internetdə yayılan xəbərlərdən bildi ki, Əhsən həbs olunub, artıq Kürdəxanı təcridxanasındadır. Ona narkotik ittihamı verilib”.
Zeynəb xanım deyir ki, oğlunun oğurlanması ilk dəfə deyil. Bundan əvvəl də iki dəfə oğurlanmışdı. Birinci dəfə yanvar ayında Əhsən Nuruzadə yaşadıqları evin yaxınlığından mülki geyimlilər tərəfindən aparılmış və altı gün ondan xəbər çıxmamışdı. Bu altı gün ərzində anasının dəfələrlə Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına və Mehriban Əliyevaya müraciətindən sonra onun yeri haqda məlumat verilmişdi. Məlum olmuşdu ki, Əhsən bu müddətdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) saxlanılıb. Sonradan onun haqqında polisə tabe olmamaq ittihamı ilə 10 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Ana deyir ki, oğlu ikinci dəfə sentyabrın 19-da oğurlanmışdı. İkinci dəfə də dörd gün ondan xəbər çıxmayıb. Dörd gündən sonra bir vəkil zəng eləyib deyib ki, ona yenə 10 sutka həbs cəzası verilib: “O həbs qərarını oxuyanda dəhşətə gəldim. Mənim balam çörək almaq üçün evdən çıxmışdı – ev paltarında, başmaqda. Onu elə mağazanın qarşısından maşına basıb aparmışdılar. Qonşular, məktəbli uşaqlar görmüşdü. Yazıblar ki, guya, Əhsən “bandotdel”in qabağında söyüş söyüb, polislərdən qaçmaq istəyib. Bu boyda yalan olar? Adam ev paltarında, başmaqda “bandotdel”in yanında nə gəzirdi?”

“Belə vətənpərvər balanı görün necə damğalayıb türməyə saldılar…”

Anası Əhsənin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə, Qarabağ döyüşlərində iştirakından da danışıb: “Bu gün yaşadığımız azad Azərbaycan dövləti var, bax, o dövlət mənim oğlum və onun kimilərin sayəsində var olub. O zaman az yaşına baxmayaraq, mitinqlərə gedirdi, döyülüb-söyülürdü bu dövlətin yolunda. Evdən pul götürüb parça alıb bayraq tikdirirdi. Sonra Qarabağda vuruşub, böyrəkləri xəstəlik tapıb. Onda yaşı az idi deyə, getməyə qoymurdum, deyirdim ki, sən uşaqsan, gedib orada neyləyəcəksən? Deyirdi ki, əsgərlərə güllə də verə bilmərəm? Çörək də paylaya bilmərəm? Nəyə görə? Bundan ötrü ki, balamı belə damğalasınlar? Belə vətənpərvər balanı görün necə damğalayıb türməyə saldılar…”
Zeynəb Hüseynova deyir ki, bundan əvvəl iki dəfə tutub inzibati həbs cəzası verəndə Əhsənə xəbərdarlıq eləmişdilər. Demişdilər ki, fəallığını davam etdirsə, Taleh Bağırzadənin müdafiəçindən geri çəkilməsə, növbəti dəfə artıq haqqında cinayət işi başlayıb, uzunmüddətli həbsə göndərəcəklər: “Mənim balamın günahı günahsızlığıdır. Hacı Talehin məhkəmələrinə gedib-gəlirdi, onun rəhbərlik elədiyi Müsəlman Birliyi Hərəkatının üzvü idi. Ona xəbərdarlıq eləmişdilər ki, Talehi müdafiə eləsən, tutulacaqsan. Əhsən çəkilmədi, onlar da dediklərini elədilər.

“190 manatla bu uşaqları necə saxlayım, türməyə necə gedim?”

Əhsənin iki körpə qız övladı var. Özü ev təmiri, tavan-döşəmə vuran qohumların əlinin altında fəhlə işləyib, balalarını dolandırırdı. Yoldaşının, balalarının üzünə baxa bilmirəm. Mən özüm xəstəyəm, 190 manat pensiya alıram. İndi bu 190 manatla mən bu uşaqları dolandırım, Əhsənin yanına gedim? Mən ömrümə zəmanət almamışam ki, o, buraxılıb gələnə qədər balalarının üstündə olacam. Belə insafsızlıq olar?”

“Fəallara qarşı narkotik ittihamından istifadə olunur”

Vəkili Yalçın İmanov da deyir ki, Əhsən Nuruzadənin həbsi gözlənilən idi. Vəkilinə də deyibmiş ki, bundan öncəki tutulmalarda ona xəbərdarlıq eləmişdilər: “Təbii ki, biz Əhsənin həbsini də, ona qarşı irəli sürülən ittihamı da qanunsuz, əsassız hesab edirik. Bu ittihamın da, həbsin də heç bir hüquqi əsası yoxdur. Sırf Əhsəni ictimai fəaliyyətinə, fəallığına görə cəzalandırmaq məqsədi daşıyır. Bundan öncə iki dəfə oğurlanması, yeri haqda günlərlə heç bir məlumat verilməməsi, sonda absurd ittihamlarla haqqında həbs qərarı çıxarılması da bunu deməyə əsas verir. Əhsən ictima baxımdan fəal adam idi. İctima-siyasi fəallara qarşı narkotik ittihamı klassik metod sayılır artıq. Bu metoddan uzun illərdir istifadə olunur”.
Y.İmanov onu da qeyd edib ki, vəkili olmasına baxmayaraq, ona Əhsən haqqında heç bir məlumat verməyiblər. Bu mənada, Əhsən Nuruzadənin ailə üzvlərinə xəbər verməkdən tutmuş, seçdiyi vəkil tərəfindən müdafiə olunmağa qədər bir çox hüquqları pozulub: “Həbs qərarından apellyasiya şikayəti verəcəyik”.
Ə.Nuruzadənin yanvarda oğurlanması və bir həftə sonra 10 günlük inzibati həbs cəzası alması ilə bağlı şikayəti artıq Avropa Məhkəməsində qeydiyyata götürülüb. Sentyabrda baş verənlərlə bağlı daha bir şikayət isə yaxın vaxtlarda Avropa Məhkəməsinə göndəriləcək.

 

Azadliq.info

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button