2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bu seçki növbədənkənar ənənəvi seçkidir

9 fevralda keçiriləcək parlament seçkilərinin təbliğat və təşviqat mərhələsindəyik. Bu dəfə bu mərhələdə ilk dəfə maraqlı nüanslarla qarşılaşırıq. Bundan əvvəl deputat olmuş yenidən deputatlığa namizədliyini verən şəxslər öz dairələrində seçicilərin etirazı ilə rastlaşırlar. Həmin görüntülər sosial şəbəkələrdə yayılır və maraqla qarşılanır. Hətta həmin yenidən deputat olmaq istəyən köhnə deputatlara təbliğat və təşviqat üçün inzibati və yerli icra orqanları yardım etsələr də seçicilər etirazlarını dilə gətirməkdən çəkinmirlər. Bütün baş verənlərlə bağlı siyasi şərhçi Nəsimi Məmmədli ASTNA-nın suallarına cavab verib.

Saytların yığılması Saytlarin yigilmasi

-Nəsimi bəy, son vaxtlar yenidən namizəd olan köhnə deputatlar təbliğat-təşviqat prosesi zamanı seçiciləri ilə görüşlərində bəzi problemlərlə üzləşirlər. Bəzi yenidən namizəd olmuş deputatlara sadə vətəndaşlar görüşlərdə etirazlarını bildirirlər. Bu, nədən xəbər verir? İnsanların islahat təbliğatına ciddi inamından, yoxsa artıq insanların həqiqətən yeni, onların sözünü deyəcək yeni insanlara ehtiyac hiss etmələrindən?

-Biz seçki prosesini yaxından izləyirik və müxtəlif istiqamətlərdə monitorinqlər aparırıq. Əhali, ümumiyyətlə, seçki məsələsinə həm laqeyddir, həm də inamsızdır. Yetkin insanların tək bir nəfəri belə siyasi islahatlar vədinə inanmır. Seçkilərin ənənəvi şəkildə sonuclanacağı fikri yenə də hakimdir. Əksəriyyət anlayır ki, bu şəraitdə onun səsi həlledici olmayacaq. Ölkəmizdə “seçici” termini artıq öz hüquqi mahiyyətini itirib. Onun əvəzinə “səsverənlər” ifadəsi daha uyğundur. Çünki səsverənlərin seçməsinə imkan verilmir. Hakimiyyət yenə də kimi istəyirsə mandatla təmin edəcək. Bütün instansiya seçki komissiyaları hakimiyyətin sərt nəzarətindədir. Qanunvericilik aktları və normativ sənədlərdə öncəki kimi qalıb. Ölkədə ən minimum demokratik şərait yoxdur. Ənənəvi basqıçı siyasi iradə də dəyişməyib. Seçki islahatlarını yaxına buraxmayan hakimiyyətdən demokratik seçki gözləmək sadəlövhlükdür. Bu günə qədər olan dövrün müşahidə və analizi göstərir ki demokratik seçkidən əsər-əlamət yoxdur.

Ola bilər çox kiçik istisnalarla kimlərsə islahat olacağına inanıb və ya indiki halda şəxsi maraqlarına görə özünü belə göstərir. Cəmiyyətdə islahat vədinə inanan tək bir gerçək müxalif və gerçək müstəqil şəxs yoxdur. Amma yeni insanlara, yeni yanaşmalara cəmiyyətin müsbət reaksiyasının olması da qanunauyğunluqdur. Əhali bütün dönəmlərdə onun sözünü deyə bilən şəxslərə rəğbətlə yanaşıb, dəstək verib və bundan sonra da verəcək.

-İnsanlarda həmin köhnə deputatlara olan aqressiya haradandır?

-Burada səbəblər çoxdur. Qabarıq görünən bir neçə halı qeyd edə bilərik. Əhali seçki prosesinin yenə də demokratik olmadığını bilir. Bu şəxslərin yenidən onların təmsilçisi kimi mandat almalarına belə cavab verirlər. Əhali özünü buraxan deputatların çoxundan və köhnə yerli icra hakimiyyətlərindən narazıdır. O deputatların mütləq əksəriyyəti seçicilərə saymazyana münasibət göstərib, cəmiyyətin aktual problemlərini parlamentdə səsləndirmək və həll etmək əvəzinə daim cəmiyyətin maraqlarına qarşı danışıb və iş görüblər. Seçkilər vaxtı vəd versələr də seçkilərdən sonra seçicilərdən gizləniblər. İnsanların nə fərdi, nə də ümumi probləmlərinin həllinə kömək ediblər. Əhali onları təkrar görəndə istər-istəməz etirazla qarşılayır.

-Ard-arda prezident və ya Prezident Administrasiyasının rəsmiləri elan edirlər ki, bu dəfəki seçkilərdə xalqın seçimi əsas olacaq, ənənəvi üsullar işləməyəcək. Amma yenə də xəbərlər gəlir ki, bəzi namizədlər inzibati üsullardan, yerlərdəki icra strukturlarının yardımından istifadə edirlər. Və ya digər namizədlərə qarşı təzyiqlər edirlər. Hətta yayılan məlumatlara görə, bəziləri dilə gətirir ki, seçsəniz də, seçməniz də mən deputat olacam. Belə çıxır ki, həmin namizədlər prezidentin və rəsmilərin dediyini heçə sayırlar? Yoxsa bütün bu bəyanatların həqiqətən də heç bir əhəmiyyəti yoxdur?

-Bu dəfəki seçkidə xalqın seçiminin əsas olacağı, ənənəvi üsulların işləməyəcəyi bəyanatları gəlişi gözəl sözlərdir. İqtidar gerçəkdən xalqın seçiminə hörmət etsəydi cəmiyyətin etimad göstərdiyi seçki islahatları aparardı. Əlində bütün imkanlar olduğu halda bunu etmədi. Tələm-tələsik və qışın ən sərt çağında növbədənkənar seçki təyin etdi. Ölkə televiziyalarında bir saniyə olsun ödənişsiz seçki təbliğatına imkan vermədi. Sərbəst toplaşmaq azadlığını təmin etmədi. Siyasi məhbuslar azad olunmadı. Hətta namizədlərin seçicilərlə görüşünə ayrılan yerlərə baxsaq, gerçək iradəni məhz orada görərik. Məmurlar mediadakı çıxışlarla və sözlərlə deyil, xüsusi tapşırıqlarla işləyirlər. Onlara kabinetlərdə nə tapşırıblarsa canla-başla onu icra edirlər.

-Bu dəfəki namizədlər arasında köhnə deputatlarla yanaşı, daha çox Paşayevlər klanı kimi təqdim olunan hakimiyyət qolunun adamlarının olduğu deyilən, eyni zamanda neft sahəsində çalışanların, Vəkillər Kollegiyasının üzvlərinin sayı çoxluq təşkil edir. Bu, onu deməyə əsas verirmi ki, hakimiyyət daxilində yeni güclər yaranıb?

-Əslində hakimiyyət düşərgəsində 2016-cı il referendumundan sonra kadr yenilənməsi prosesi başlayıb. Hüquq-mühafizə orqanları istisna olmaqla digər sahələrdə müəyyən yeniliklər müşahidə olunur. İqtidara cəmiyyətdə rəğbət və siyasi dəstək xeyli itirilib. Ölkədə siyasi sabitlik yalnız güc strukturlarının qanunsuz müdaxilələri ilə təmin olunur. Bu hal uzunmüddətli ola bilməz və mütləq siyasi vasitələrə baş vurmaq zərurəti yaranacaq. İqtidar özünü gücləndirə biləcək addımları müəyyən edir və bir-bir atır. Məhz parlamentdə də istisnasız olaraq bu mərhələdə onu gücləndirəcək şəxsləri görmək istəyir. İndiki halda bunu necə adlandırmaqdan asılı olmayaraq, idarəetmə köhnə komandadan təmizlənir. Hakimiyyətin əsas sosial bazasını təşkil edən ənənəvi regional güc mərkəzlərinin ciddi təsir riçaqları əllərindən alınır. Oliqarx məmurların maliyyə marşrutlarına sərt nəzarət sistemi tətbiq olunur. Hakim ailə öz təhlükəsizliyini heç bir sosial qrupdan və kateqoriyadan, dövlət və hökumət qurumlarından, regional təsir klanlarından asılı etmək istəmir. Bütün resurslar nəzarət altına alınır və tək əldə cəmləşdirilir. Buna yeni güc mərkəzi də demək olar.

-Bir neçə gün bundan əvvəl Milli Şuranın sədri Cəmil Həsənli və bloger Həbib Müntəzir 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı siyahı yaydılar. Maraqlıdır ki, həmin şəxslər bu məlumatı haradan alıblar? Və ya bu siyahıya nə dərəcədə inanmaq olar? Seçkidən öncə belə bir siyahının yayılmasının məqsədi nə ola bilər və nədən xəbər verir?

-Öncə qeyd edim ki seçki ərəfəsində “seçiləcək” şəxslərin siyahısının yayılması ilk hal deyil. Burada xüsusi məqsəd axtarmaq yalnız maraqlı tərəflərin subyektiv iddiası ola bilər. 2015-ci ildə də Milli Şuranın sədri Cəmil Həsənli belə bir siyahı yaymışdı və kiçik istisnalarla siyahıda adları olan şəxslərə mandat verildi. Siyahının dairələr üzrə tərtib edilməsi və öncədən yayılması iqtidarın seçki saxtakarlığına qarşı yönələn bir etiraz formasıdır. Qeyri-azad ölkədə belə məsələlərə normal yanaşmaq lazımdır. Tamamilə antidemokratik bir mühitdə seçkiyə qatılan şəxslərin belə bir siyahıdan təəccüblənməsi özlüyündə çox təəcüblüdür.

Məncə, xüsusi mənbə olmadan da istənilən fəal şəxs dairələr üzrə səthi araşdırma aparsa, özü də təxminən bu qənaətə gələ bilər. İqtidarın orta və aşağı təbəqəsindən informasiyaların cəmiyyətə sızması mümkün haldır. Aşağı qat daha çox insanı əhatə edir və tapşırıqların icrası məhz aşağıda həll olunur. Kimin deputat olacağını, yerlərdə kimə necə kömək etməyin vacibliyini orta və aşağı məmurlar kimlərəsə deyir. Bu informasiyanı sonadək gizləmək mümkün deyil və mütləq sızır.

İkincisi isə bəzi yerli məmurlar özləri qəsdən bunu yayırlar. Mandat alan deputatların cəmiyyətin dəstəyindən məhrum olması onların da işinə yarayır. Siyahıda müəyyən dəyişikliklərin olacağını istisna etməsəm də əsasən doğru çıxacağına şübhə etmirəm.

Hələ yay aylarında belə informasiyalar dolaşırdı ki YAP özünün əsas funksionerlərinə əhali ilə işləmək görüntüsü yaratmaq göstərişi verib. Sosial şəbəkələrdə müzakirələrə aktiv qoşulmaq, əhalinin problemlərini dinləmək və həllinə cəhd etmək tapşırıqları verilmişdi.

Seçkiyə start veriləndən sonra da ənənəvi olmayan göstərişlər olmuşdu. Xüsusilə də iqtidarın namizədlərinə xəbərdarlıq olunub ki, onlara inzibati dəstək olacaq, amma əgər dairənizdə hansısa gözlənilməyən problem yaransa və ictimailəşsə buna görə siyasi-mənəvi məsuliyyət sizin üzərinizdədir. Bütün dairələrdə əsas və yedək namizədlər var. Ya dairənin nəticələri ləğv ediləcək, ya da mandat o yedək namizədlərə veriləcək. İqtidar öz namizədləri ilə yanaşı yerli icra strukturlarına da görüntüsü fərqli olan bir seçki keçirilməsi tapşırığı verib. Buna nə qədər əməl etməyin mümkün olacağını seçki günü daha aydın görə biləcəyik.

-Biz bu seçkilərin nəticələrində ötən seçkilərin nəticələrindən fərqli nəsə görə biləcəyikmi?

-Müəyyən istisnalar olsa da xüsusilə ciddi dəyişən heç nə olmayacaq. Ola da bilməz. İqtidarın xarakteri buna imkan vermir.

Bu parlament də cəmiyyətin etimadını qazana bilməyəcək və sonadək iş başında qalmayacaq. Hətta iqtidara öncəkindən daha çox siyasi problem yaradacaq. Ölkəmiz qeyri-azad ölkə statusunda davam etdikcə müsbət hansısa siyasi dəyişiklikdən danışmağa dəyməz. Bu seçki növbədənkənar ənənəvi seçkidir.

Turan.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button