SEÇMƏ

Büdcədən Kino Agentliyinin fəaliyyətinə 100 min manat ayrıldı

Yayımlandı: 16 Noyabr 2022 18:08

Prezident yeni sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Qeyd olunub ki, Kino Agentliyinin nizamnamə fondu 100 000 (yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Mədəniyyət Nazirliyinə tapşırılıb ki, dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.

ARKA-nın nizamnaməsində deyilir ki, məqsəd Azərbaycan kinematoqrafiyasında dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirmək, milli kinonun beynəlxalq rəqabətə davamlılığını təmin etmək, yerli istehsal və yayım infrastrukturunu müasirləşdirməkdir.

Agentliyin rəhbəri Baş direktor olacaq.

Ümumi rəhbərliyi və nəzarəti isə sədr və iki müavindən ibarət Müşahidə Şurası edəcək.
Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Kino Agentliyinin yaradılması ilə bağlı sərəncam Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də imzalayıb.
2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yayımlayıb.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

2022-ci il noyabrın 1-də isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev və nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov məsuliyyətə cəlb olunub.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham olunur.
Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Meydan TV

Gözdən qaçırmayın:  Rəsmi Bakı Fransa Senatının qətnaməsini pislədi: “Revanşistləri həvəsləndirir…”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button