2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Bulaq suyunu əlimizdən alıb, bizə zəhərli su verirlər”

Yayımlandı: 27 İyul 2022 15:27

Qazax sakini Azər Məmmədli: “Açıq-aşkar korrupsiya layihəsidir…”

Qazax sakinləri xeyli vaxtdır ki, su problemi ilə üzləşib. Şəhərin özündə və ona bitişik olan Qarapapaq, Ağköynək kəndlərində yaşayan sakinlər təxminən iki həftə susuzluqdan əziyyət çəkiblər. Bu barədə Meydan TV-yə danışan Qazax sakini Azər Məmmədli deyir ki, iyulun 25-də axşam saatlarından su verilsə də, keyfiyyəti çox aşağıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Yeni qoyulan motorlar yandı, tikdikləri anbar su saxlamır”

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2019-cu ildən Qazaxın içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsi icra olunur. Rəsmi məlumata görə, 2022-ci ilin martında işlər başa çatıb, əhali sınaq mərhələsi olaraq yeni su sisteminə qoşulub.

Azər Məmmədli deyir ki, bu layihədən əvvəl içməli su təchizatı məsələsində əhalinin vəziyyəti xeyli yaxşı idi:

“Qazaxın 24 saat yüksək təzyiqli suyu vardı. Həmin su da dağlardan gəlirdi, tərtəmiz idi. 2019-cu ildə Qazaxın su və kanalizasiya sistemilə bağlı 130 milyonluq layihə təsdiqləndi. Onun 58 milyonu su idi, qalanı isə kanalizasiya sistemi. Bütün şəhəri darmadağın elədilər ki, su çəkirik. Bizi də bərbad günə qoydular. Şəhərdən 18 kilometr kənardan 3-4 yerdə elektrik nasosları qoya-qoya qurunt sularını gətirib Qazaxa su çəkdilər. Təsəvvür edin, yeni qoyulan motorlar yandı, tikdikləri su anbarı su saxlamır”.

“Yayın istisində ayaqyolu, yuyunmaq problemilə üzləşmişdik”

Qazax sakininin sözlərinə görə, motorlar sıradan çıxdığına görə xeyli vaxtdır əhali susuzluqdan əziyyət çəkirdi. Azər Məmmədli deyir ki, Qazax Rayon İcra Hakimiyyətindən tutmuş, “Azərsu” rəhbərliyinə qədər hər kəs problemdən xəbərdar idi. Amma vaxtında tədbir görülmədi:

Azər Məmmədov. Foto: Meydan TV

“Qazaxda 28 min, o biri iki kənddə də 7 min əhali susuzluğa görə zülm çəkdi. Yayın istisində ayaqyolu, yuyunmaq və başqa problemlərlə üzləşmişdik. Nə qədər şikayətlərdən sonra iyulun 25-dən müvəqqəti su veriblər, amma o da yararsızdır. Çünki suyun keyfiyyəti çox aşağıdır. Bu su ilə 3-4 ilə Qazaxda əhalinin əksəriyyəti böyrək xəstəsi olacaq. Paltaryuyan maşınlar, kombi sistemi sıradan çıxacaq. Texniki su da ondan yaxşıdır”.

“Onsuz da əsas məqsəd yeyintidir”

Azər Məmmədli hesab edir ki, Qazax əhalisinin üzləşdiyi problemin kökündə korrupsiya dayanır. O, su və kanalizasiya sisteminin yenidən qurulmasıyla bağlı işləri “korrupsiya layihəsi” adlandırıb:

“Təbiətdən gələn suyu niyə kəsdilər, anlamıram. Dayandığımız yerdə başımıza oyun açdılar, bulaq suyunu əlimizdən alıb, bizə zəhərli su verirlər. Açıq-aşkar korrupsiya layihəsidir, təzə qoyulan nasoslar niyə sıradan çıxmalıdır axı? Əsəbimdən deyirəm ki, o 130 milyonu xərcləyəydiniz, siləydiniz, amma suyumuza dəyməyəydiniz. Onsuz da əsas məqsəd yeyintidir…”

Azərsu” ASC: “Problem həll olunub”

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Qazaxda əhalinin bir neçə gün su problemindən əziyyət çəkdiyini təsdiqləyib. Lakin o bildirib ki, artıq problem həll olunub.

Onun sözlərinə görə, “Azərsu” ASC-nin sədr müavini Teyyub Cabbarov da Qazağa gedib, məsələ ilə yerində maraqlanıb:

“Bütün hidravlik rejimlər tam tənzimlənib. Anbarda, xətlərdə normal təzyiq var, insanlar normal su ilə təmin olunur”.

Anar Cəbrayıllı
Foto: Anar Cəbrayılının şəxsi arxivindən

Su və kanalizasiya sistemilə bağlı layihəyə gəlincə, “Azərsu” ASC-dən bildirilib ki, Qazax şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri 1970-ci illərdə yaradılıb. Həmin sistem istismara yararsız vəziyyətə düşdüyünə görə tələbatı qarşılamaq iqtidarında deyildi:

“Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastrukturun yaradılmasına başlandı”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button