Now Reading:
”Burada şəraitsizlik insanların həyatına qənim kəsilib”

General Şıxlinski küçəsindəki yataqxananın sakinləri şikayətçidir

“3 gün əvvəl binanın divarlarından yenə bir neçə daş qopub düşdü. Yaxşı ki, binanın yanından ötənlərin başına düşmədi. Belə “daş tökümü” son günlər burda tez-tez baş verir”.

Bunu Xətai rayonu, General Şıxlinski küçəsindəki 42 ünvanda yerləşən 4 saylı yataqxananın sakinləri deyir. Binada 130 ailə yaşayır.

1970-ci illərdə istismara verilən beşmərtəbəli bina 10 ildir ki, qəzalı vəziyyətə düşüb. Binanın əsaslı təmir-bərpaya ehtiyacı var. Sakinlər binanın hər an çökə biləcəyindən ehtiyat edirlər. Ancaq köçüb getməyə başqa yerləri olmadığından elə bu binadaca özləri demiş, “Allah ümidinə” yaşamağa davam edirlər.

Bina sakini Adilə Səfərova

“Tez-tez birinci mərtəbəni su basır. Döşəmələr çürük-çürükdür, eyvanlar dağılıb. Pilləkənləri qorxa-qorxa düşüb-çıxırıq. Xüsusən də, yayda binanın mərtəbələri qurd-quşla dolu olur. Binada yaşayanlar rütubətdən revmatizmaya tutulublar. Buradakı sakinlərin çoxu bronxitdən, revmatizmadan, böyrək çatışmazlığından əziyyət çəkir. Şəraitsizlik insanların həyatına qənim kəsilib”.

Sovetlər vaxtı yataqxana Bakı Məişət Kondisionerləri Zavodunun işçiləri üçün inşa olunub. 2008-ci ildə yataqxana binası Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Yataqxanadakı mənzillər sakinlər tərəfindən özəlləşdirilib. Ancaq elə o vaxtdan bəzi sakinlər binanın qəzalı vəziyyətə düşməsindən narahat olaraq mənzillərini satıb köçüblər. Bəzi mənzillərdə isə hələ də buraya ilk köçən sakinlər yaşayır. Binada yaşayan Əli Cəfərovun deməsinə görə, 10 il əvvəl onların müraciəti əsasında binaya baxış keçirilib və qəzalı tikili kimi siyahıya alınıb:

“Binanın divarından hər gün üzlük daşlar qopub düşür. Zirzəmi su ilə doludur, uşaqlar revmatizmalı doğulur. Zirzəminin siçovulları yuxarı mərtəbələrdə ayaq altında qalır, uşaqlar qorxur. Su, kanalizasiya, qaz, işıq xətləri qəzalıdır. Hansı quruma müraciət ediriksə, deyirlər, bina qəzalı olduğu üçün xətləri təzələyə bilməzlər. Özümüz aradabir pul toplayıb, usta çağırıb xətlərdə yüngül təmir işləri gördürürük. Gücümüz buna çatır”.

Sakinlərin bir qismi binadan köçürülməsini, bir qismi isə elə indiki binanın əsaslı təmir-bərpa olunmasını arzulayır. Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumu binanın qəzalı olması barədə rəy verib. Lakin binanın yaxın vaxtlarda söküləcəyi gözlənilmir. Ən yaxşı halda, binada əsaslı təmir-bərpa işləri aparıla bilər:

“Oradakı vəziyyət qurumumuzun nəzarətindədir. Hansı qərar veriləcəyini yaxın vaxtlarda biləcəksiniz. Düzdür, binanın istismar müddəti bitib, ancaq qəzalı vəziyyətə düşməsinin səbəblərindən biri də sakinlər tərəfindən tikilidəki artırmalar olub”.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Xətai rayonu ərazisindəki qəzalı binalar siyahıya alınıb. Bu siyahıya yataqxana binaları da daxildir. 3 ildən çoxdur ki, hökumət belə binaların sökülərək yerində yenisinin tikilməsi ilə məşğuldur.
meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.