ÖLKƏ

Bürün totalitar rejimlər sərbəst düşüncəyə qarşıdır

Tofiq Yaqublu

Bu hadisələrdə riyakarlıq təkcə sərnişin təyyarəsinin vurulmasını boynundan atmaq deyildi. Bundan əvvəl də bilə-bilə ağ yalan danışmışdılar. Dəqiq bilirdilər ki, hərbi bazaya raket hücumu nəticəsində ABŞ-ın bir əsgəri də ölməyib və bu ölkədə əsgər ölümünü gizlətmək mümkün deyil. Dini hisslərini istismar edərək cuşa gətirdikləri və həmişə məzhəb ekstazı vəziyyətində saxladıqları cəmiyyətə çəkinmədən 80 düşmən əsgərini öldürdüklərini sırıdılar. Heç onu da dillərinə gətirmədilər ki, atılmış raketlərin bir neçəsi həfəfə çatmamış yarı yolda düşdü. Çünki belədə gecə-gündüz təriflədikləri hərbi texnikalarının deyildiyi kimi olmadığını etiraf etmiş olacaqdılar. Fərqi yoxdur hansı olsun, bütün totalitar cəmiyyətlərdə xalqı küyə verirlər, onun sərbəst və ayıq başla düşünməsinə mane olurlar. Ona görə də cəmiyyət hadisə və prosesləri dəyərləndirəndə reallığı görə bilmir və ya görmək istəmir. Baxın, bir statusumda yazmışdım ki, bu münaqişədə kimin haqlı olmasını bir kənara qoyaq (ifadəyə fikir verin), ABŞ İrandan həm iqtisadi, həm də hərbi cəhətdən ölçüyəgəlməz gəlməz dərəcədə güclüdür. Bu, göydə Günəş kimi obyektiv bir faktdır. Amma iransevərlər bu fakta etiraz etdilər, baxmayaraq ki, həmin statusda haqlı-haqsız məsələsini qaldırmamışdım. Uzaq olsun, bu günlərdə Azərbaycan İran arasında müharibə təhlükəsi yaranarsa, nə qədər Azərbaycan vurğunu, fədaisi olsaq da, İranın hərbi cəhətdən Azərbaycandan qat-qat güclü olduğunu etiraf etməsək, ciddi yalan danışmış və cəmiyyətin reallıq hissini itirməsinə səbəb olarıq. İranın rəsmi təbliğatı ondan ibarətdir ki, ABŞ İranın, insanlığın və islamın düşmənidir. Halbuki ABŞ-da bütün dinlərin və məzhəblərin (təbii ki, müsəlmanların da) nümayəndələri azad, təhlükəsiz yaşayırlar, ölkənin idarə olunmasında digər vətəndaşlarla birlikdə bərabərhüquqlu iştirak edirlər və yüksək mövqelərdə təmsil olunurlar. İndi İranın və islamın “düşməni” olan ABŞ-da saysız-hesabsız iranlı yaşayır. Əgər bu ölkə İran vətəndaşları üçün qapılarını açsa, milyonlarla iranlı bu ölkəyə köçər. SSRİ də ABŞ “imperializminə” qarşı uzun illər ideoloji, iqtisadi və hərbi mübarizə apardı və sonunda dağıldı. Dağılanda məlum oldu ki, ABŞ-a qarşı ideoloji və əməli mübarizənin başında duran sovet rəhbərlərinin övladları hələ SSRİ-nin mövcudluğunda müxtəlif yollarla qaçaraq ABŞ-a sığınıblar. Bölgədə baş verənlər qətiyyən din davası deyil, geopolitik mövqelər uğrunda savaşdır. Çağdaş dünyada hələ də ordular dövlətlər üçün zərurətdir və deməli onlardan hələ istifadə olunacaq. Ordu istifadə olunursa, ortada ölüm-itim, dağıntı, qaçqınlar və dəhşətli faciələr var. Heç bir ölkənin öz hüdudlarından kənarda ordusunu kullanması birmənalı qarşılanmır. Hansı ölkə olursa olsun. Hamı ölkə hüdudlarından kənarda keçirilən hərbi əməliyyatlara öz mənafeyi və rəğbəti mövqeyindən yanaşır. Hamının xoşuna gələn müharibə olmur. Bir anlığa təsəvvür edin ki, ABŞ-ın hərbi potensialı Moskvanın, Pxenyanın və ya Tehranın əlində olaydı, dünyada nə baş verəcəyini gözləriniz önünə gətirin.
Daha çox yazıb vaxtınızı almaq istəmirəm, hər kəs hansı ölkəyə rəğbət göstərməkdə sərbəstdir, sadəcə olaraq reallıq hissini itirmək olmaz.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close