SEÇMƏ

Cəbrayılda sürücü minaya düşüb

Yayımlandı: 2 Noyabr 2022 15:50

DİN: “İlqar Əhmədov maşını idarə edərkən öncədən müəyyənləşdirilən təhlükəsiz marşrutdan kənara çıxıb”

Cəbrayılda təmir-tikinti işlərilə məşğul olan şirkətin sürücüsü minaya düşüb. Hadisə noyabrın 2-də rayonun Mehdili kəndində baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü – 1972-ci il təvəllüdlü İlqar Əhmədov maşını idarə edərkən öncədən müəyyənləşdirilən təhlükəsiz marşrutdan kənara çıxıb. O, nəticədə piyada əleyhinə minaya düşüb.

«Sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq, xəstəxanaya çatdırılıb. Araşdırmalar davam etdirilir”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Prokurorluq da artıq hadisə ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Meydan TV-yə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Oktyabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi açıqlamışdı ki, 2020-ci il noyabrın 10-da – 44 günlük müharibənin başa çatmasıyla bağlı Üçtərəfli bəyanatın imzalanmasından bu yana Azərbaycanda 266 nəfər minaya düşüb. Onlardan 45 nəfər həlak olub. Ölənlərin 35-i mülki şəxsdir.

Meydan TV

Gözdən qaçırmayın:  DTX: İranla işbirliyində şübhəli bilinən 19 nəfər istintaqa cəlb olunub (Yenilənib)

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button