2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəbhəçilərə qarşı yeni repressiya – “ya işdən çıx, ya AXCP-dən”; Liderlərdən etiraz

Milli Şura liderləri AXCP üzvlərinə işdən çıxarma ilə təzyiq göstərilməsini pislədi

Milli Şuranın sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli Neftçalada AXCP şöbəsinin sədri Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadənin məhz siyasi mənsubiyyətlərinə görə müəllim olduqları məktəbdən işdən çıxarılmalarını pisləyən geniş yazı paylaşıblar. Hər iki yazıda həmçinin, son vaxtlar ümumiyyətlə AXCP üzvlərinin işdən çıxarma ilə repressiya olunduğu vurğulanır. Onların feysbuk səhifələrində paylaşdıqları yazıları təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

Cəmil Həsənli: “Bu hərəkərin müstəbidlikdən başqa ayrı adı yoxdur”

Aprelin 27-də siyasi mülahizələrlə Əflatun müəllimi və onun xanımını işdən çıxardılar. Hər ikisi uzun illərdir Neftçala rayonunda müəllim işləyirdilər. Əflatun Əhmədzadə rayonun Mayak kənd 1 saylı orta məktəbində fizika müəllimi, Ülkər xanım Əhmədzadə isə Neftçala şəhər 3 saylı orta məktəbində rus dili müəlliməsi işləyirdi. Hər ikisi ömürlərini təhsilə həsr etmiş nümunəvi müəllimlər, hər ikisi şagirdlərin sevimlisi, valideynlərin hörmətlə yanaşdıqları təhsil işçiləri idilər. Nədən bu nümunəvi müəllimlər əmək müqaviləsini “pozduqlarına” görə öz sevimli peşələrindən uzaqlaşdırıldılar?

Əflatun müəllim AXCP Neftçala rayon təşkilatının sədridir, Ülkər xanım isə sadə cəbhəçidir. Qanun buna icazə verir. Onlar əmək fəaliyyətindən sonra partiyanın nizamnamə və proqramından irəli gələn vəzifələri yerinə yetirməyə can yandırırdılar. Neftçalada Xalq Cəbhəsinin nüfuzu Əflatun müəllimin şəxsiyyəti ilə sıx bağlıdır. O, ali təhsilli, vətəndaş mövqeyi olan, doğru-dürüst həyat yolu keçən, yaşadığı rayonun sosial mənəvi həyatında mühüm rol oynayan və bu meyarlara görə də yerli əhalinin etimadını qazanan bir ziyalıdır.

Bir ailədən olan iki nümunəvi müəllimin eyni gündə işdən azad edilməsi ilk növbədə anti-pedaqoji hərəkətdir. Dərs ilinin başa çatmasına iki ay qalmış müəllimi işdən azad etmək tədris prosesinə ağır zərbə vuran, onların şagirdlərinə sarsıntılar yaşadan bir addımdır. Əgər söhbət müqavilə öhdəliklərindən gedirdisə, təhsil şöbəsi bir az səbirli olub növbəti tədris ili üçün həmin müqaviləni imzalamazdı. Bir ailədən olan iki müəllimin eyni gündən işdən azad edilməsi həmin ailəni çörəksiz qoymaq, yaşayış imkanlarından məhrum etmək deməkdir. Hakimiyyətin öz vətəndaşına qarşı belə amansız hərəkətinin dövlət adından törədilən zorakılıq, anti-konstitusyon qanunsuzluq, siyasi qisasçılıq, bir zialı ailəsini çörəklə sınağa çəkmək kimi despotik müstəbidlikdən başqa ayrı adı yoxdur. Bu yaxınlarda korrupsiya faktlarını araşdıran beynəlxalq araşdırma qrupu Əliyev hakimiyyətini sərrastcasına Kleptokratik rejim adlandırıb. Ancaq həmin rejimdə belə eybəcər şeylər baş verə bilər.

İşin siyasi tərəfi açıq ortadadır

Şübhəsiz ki, Əflatun müəllimi və Ülkər xanımı Milli Şuranın 8 aprel mitinqinə görə işdən azad ediblər. Qalan bütün məsələlər, o cümlədən əmək müqaviləsi də bəhanədir. Əmək müqaviləsinin pozulması ilə bağlı hallar olubsa, bu ilk növbədə müəllimin nəzərinə çatdırılmalı, xəbərdarlıq edilməli, bu halın aradan qaldırılması istiqamətində pedaqoji tədbirlər görülməli idi. İşdən azad etmək (dərs ilinin ortasında bu yolverilməzdir) ən ağır cəza kimi sonda tətbiq edilə bilərdi. İlk addımda cəzanın ən ağırından başlamaq bu işin siyasi tərəfinin açıq təzahürüdür. Əflatun müəllimi də, Ülkər xanımı da yaxşı, ya pis müəllim olduqlarına görə deyil, məhz ölkənin aparıcı müxalifət partiyasının üzvləri olduqlarına görə işdən çıxarıblar. Burada ikinci bir versiya yoxdur. Çünki hələ işdən azad etməzdən iki gün öncə onlara təklif ediblər ki, AXCP-ni tərk etsinlər, etməsələr işdən çıxaracaqlar. Axı necə ola bilər ki, rayonun ayrı-ayrı məktəblərində işləyən, bir ailədən olan iki müəllim ikisi də eyni gündə əmək müqaviləsini “pozmuş” olsunlar? Məsələnin daha doğru tərəfini Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov “Turan” informasiya agentliyinə çox aydınca şərh edib . O, bir ailədən olan hər iki müəllimin eyni gündə işdən azad edilməsinin səbəbini belə izah edir: “…həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm hakimiyyət əleyhinə danışıblar”. Budur başlıca səbəb, qalan nə varsa bəhanədir.

İlham Əliyev rejimi Xalq Cəbhəsinə qarşı dövlətin resurslarından istifadə edir

Şübhəsiz ki, Neftçala da baş verənlər yeganə hadisə deyil. Milli Şuranın ötən ilin sentyabrında keçirdiyi mitinqlərdə iştirak etdiklərinə görə Qəbələ rayonunda İlham Quliyevi, Oğuz rayonunda Yaşar Məmmədovu rayon təhsil şöbələri tutduqları müəllim vəzifəsindən azad etmişdi. Hər ikisi yaşadıqları rayonda Xalq Cəbhəsinin rayon təşkilatlarının sədrləridi. İstər Neftçalada, istər Qəbələ və Oğuz rayonlarında maarif işçilərinin siyasi mənsubiyyətlərinə görə dövlət işindən azad edilmələri belə bir faktı təkzibolunmaz şəkildə ortaya qoyur ki, İlham Əliyev rejimi dövlətin resurslarından öz opponentlərinə, Xalq Cəbhəsinə, ölkənin aparıcı müxalifət partiyasına qarşı təqib məqsədilə istifadə edir. Bu açıq-açığına onun bir zamanlar təntənəli şəkildə and içdiyi konstitusiyanı pozması faktıdır.

Milli Şuranın 8 aprel mitinqindən sonra AXCP-nin bütün ölkə boyu təqibi daha intensiv xarakter alıb. Azərbaycan hakimiyyətinin bu eybəcər hərəkəti ötən əsrin 30-cu illərində Sovet hakimiyyətinin bütün cəbhə boyu hücumunu xatırladır. Yalnız son təqiblərin gedişində partiyanın Suraxanı şöbəsinin sədr müavini Aydın İsalı SOCAR-da tutduğu adi bir işdən azad edilib. Cəbhə fəallarından İlkin Əliyev “Azəriqaz”da, digər fəal Novruz Tağıyev isə “Neftçi” idman sağlamlıq cəmiyyətindəki işlərindən çıxarılıblar. Səbəb onların Milli Şuranın 8 aprel mitinqinin təşkilində aktiv iştiraklarıdır. Şəkidən AXCP-in Ali Məclisinin üzvü Əli Abdullayev də 8 aprel mitinqindən dərhal sonra öz işi ilə vidalaşmalı oldu. Onun qarşısına sərt şəkildə şərt qoydular ki, cəbhəni tərk etməlisən etməsən işi tərk etməli olacaqsan.

Cənab Əliyevin cəmiyyətə vəd etdiyi hüquqi dövlətin, dünyaya vermək istədiyi “nümunəvi dövlət” idarəçiliyinin iç üzü, astar tərəfi bax bundan ibarətdir. İndi o, əminliklə növbəti müşavirədə siyasi mənsubiyyətinə görə işdən azad edilmiş cəbhəçilərin yerinə işə qəbul edilənləri yeni “açdığı” 85 min iş yerinə əlavə edə bilər.

Əli Kərimli: “AXCP-yə qarşı repressiyanın növbəti mərhələsi başlayıb”

Buyurun, günümüzün qəhrəmanları ilə daha yaxından tanış olun. Şəkildə gördüyünüz, polislərin saxlamağa çalışdığı nümayişçilər AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə və onun AXCP üzvü olan xanımı Ülkər Əhmədzadədir. Eyni əqidəni bölüşən, hər zaman bir-birinə dayaq olan bu ailə həm də müəllim ailəsidir. Əflatun bəy fizika müəllimidir, Ülkər xanım isə rus dili müəlliməsi. Bir çox digər AXCP funksionerləri kimi bu cəsur ailə də xeyli müddətdi ki, rejimin hədəfində idi. Əflatun bəyi polis dəfələrlə saxlamışdı, onu da, xanımını da siyasi mövqeyinə görə dəfələrlə hədələmişdilər.

Milli Şuranın 8 aprel mitinqindən sonra AXCP-yə qarşı repressiyanın növbəti mərhələsi başlayıb. Partiya fəalları açıq-aşkar dövlət adından hədələnir. Onlardan tələb olunur ki, AXCP-dən istefa versinlər. Açıq deyirlәr ki, əks təqdirdə işdən çıxarılacaqlar. Bu son mərhələdə Təhsil Nazirliyi xüsusilə fəallıq edir. Cəbhəçi müəllimlərə açıq deyilir ki, onlar ya siyasi fəaliyyətlərinə görə işdən çıxarılacaqlar, ya da diaqnostik qiymətləndirmədən keçməyəcəklər. Əflatun bəyi və Ülkər xanımı da aprelin 25-də Neftçala Təhsil Şöbəsinə çağırıb, onlardan AXCP-dən istefa vermələrini tələb ediblər. Əflatun bəy də, xanımı da partiyamızdan istefa verməkdən imtina ediblər. Bu gün həm Əflatun bəyi, həm də Ülkər xanımı müəllimlikdən azad ediblər. Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov müəllimlərin işdən azad edilmələrini “Turan” informasiya agentliyinə belə izah edib: “…həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm hakimiyyət əleyhinə danışıblar…”

Cəbhəçilərə bütün ölkə boyu təzyiqlər davam edir

Hətta bu sülalə hakimiyyəti də əvvəlki 24 ildə siyasi mənsubiyyyətinə görə müəllimləri işdən azad etmirdi. Ancaq birilərinin dəridən-qabıqdan çıxıb cəmiyyətə “islahatçı” nazir kimi təqdim etmək istədiyi Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirlik son vaxtlar bunu da edir. Milli Şuranın ötәnilki sentyabr mitinqlərindən sonra AXCP Qəbələ rayon şöbəsinin sədri İlham Quliyev, Oğuz şöbəsinin sədri Yaşar Məmmədov müəllimlikdən uzaqlaşdırılmışdı, indi də Neftçala şöbəsinin sədri Əflatun bəy, üstəlik həyat yoldaşı ilə birlikdə. Cəbhəçilərə bütün ölkə boyu təzyiqlər davam edir. AXCP Suraxanı şöbəsinin sədr müavini Aydın İsalı ali təhsilli olsa da, SOCAR-da sıravi işdə işləyirdi. Onu, şöbənin fəalı İlkin Əliyevi (“Azəriqaz”dan), digər fəalı Novruz Tağıyevi (“Neftçi” idman sağlamlıq cəmiyyətindən) 8 aprel mitinqinin təşkilatçıları olduqlarına görə işdən çıxardılar. Şəkidən partiyamızın Ali Məclisinin üzvü olan Əli Abdullayev də “ya iş, ya cəbhə” seçimində partiyanı seçdi, işdən azad edildi.

Görürsünüz, nə qədər bacarıqsızdırlar, siyasi rəqabətdən necə qorxurlar? Hüquqların bu dərəcədə məhdudlaşdırıldığı ölkədə də bunlar rəqiblərilə siyasi yollarla yarışa bilmirlər. Siyasi rəqiblərini həbs edirlər, işdən çıxarırlar, qohumlarını girov götürürlər, pasportunu əlindən alırlar, ofislərini partladırlar və bütün bunlardan sonra öz “siyasi qabiliyyətləri” haqda danışmağa da utanmırlar.

Hamımızın bu cəsur insanlara təşəkkür borcumuz var

Dostlar, xüsusi olaraq qeyd edirəm ki, hökumətin “ya AXCP-dən istefa verəcəksən, ya da işdən çıxaracağıq” seçimi qarşısında qoyduğu cəbhəçilərin hər biri özü müstəqil qərar verir. Partiyadan onların qərarına hər hansı formada təsir olunmur. Prinspial mövqeyimiz ondan ibarətdir ki, hər bir şəxs hansı həddə fədakarlıq edəcəyinə şəxsən özü qərar verməlidir. İşdən çıxarılmaq, həbs olunmaq hədəsi qarşısında partiyadan istefa verən (az sayda olsa da, belə hallar var və yenə də ola bilər) cəbhədaşlarımızı qınamırıq. Onların qərarına hörmətlə yanaşırıq. İndiki ağır sosial şəraitdə işsiz qalmanın nə demək olduğunu da başa düşürük. İşlərini itirmək bahasına olsa da, partiyamızdan istefa verməyə razılaşmamış fədakar cəbhədaşlarımıza isə ürəkdən təşəkkür edirik.

Məncə, toplum olaraq hamımızın hər cür çətinliyə sinə gərib, işini itirməyi də, həbsi də gözə alıb, haqq-ədalət mübarizəsindən bir addım da geri çəkilməyən cəsur insanlara təşəkkür borcumuz var. Bəli, onlar üçün, onların ailələri üçün çətindir, lakin təəssüf ki, qurbanlarsız, imtinalarsız, fədakarlıq etmədən bu rejimdən qurtuluş da yoxdur. Məhz xalqın fədakar oğul və qızlarının imtinaları, ardıcıl mübarizəsi bir gün ölkəmizin avtoritar rejimdən xilasına səbəb olacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button