2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Cəmil Həsənli: “Azərbaycan 1959-1969-cu illərdə”

cemilhesenli

Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı, Sumqayıt hadisələri, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması kimi səkkiz epizodu ilə Siz artıq tanışsınız. Doqquzuncu yazımız Şıxəli Qurbanov barədədir. Buyurun özünüz tanış olun…

Saytların yığılması Saytlarin yigilmasi

IX yazı

Şıxəli Qurbanov və respublikada Novruz təntənəsi

1964-cü ilin oktyabr ayında Nikita Xruşşovun rəhbərlikdən uzaqlaşdırılması Vəli Axundova imkan verdi ki, xalqla və xüsusilə ziyalılarla hakimiyyət arasında yaranmış məsafəni bir qədər daraltsın. 50-ci illərin sonu 60-cı illərin əvvəllərində millətçilik ittihamı ilə vəzifədən uzaqlaşdırılmış bir sıra tanınmış ziyalıları və ictimai xadimləri o, 1965-ci ildən başlayaraq yüksək partiya və dövlət vəzifələrinə qaytarmağa başladı. İlk növbədə ağır millətçilik ittihamı ilə 1958-ci ildə dövlət başçısı postundan uzaqlaşdırılmış Mirzə İbrahimov 1965-ci ildə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçildi. Ermənistan və Gürcüstana qaz çəkilişindən imtina edib yerliçilik ittihamı ilə Nazirlər Sovetinin sədri vəzifəsindən çıxarılmış Sadıq Rəhimov 1965-ci ildə Vəli Axundovun təqdimatı ilə respublika yüngül sənaye naziri təyin edildi. 50-ci illərdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasında fəal iştirak etmiş və həmin illərin sonunda respublikada keçirilmiş müşavirələrdə Moskvanın partiya rəsmiləri tərəfindən “ideyasızlıqda” ittiham edilmiş Rəsul Rza 1965-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsinə təyin edildi. Nəhayət, 50-ci illərin sonunda milli prosesdə fəal iştirakına görə Nikita Xruşşovun tələbi ilə 1961-ci ildə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsindən azad edilib Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun şöbə müdiri vəzifəsinə göndərilən Şıxəli Qurbanov 1965-ci ildə filologiya üzrə doktorluq müdafiəsini başa çatdırdıqdan sonra Mərkəzi Komitəyə ideoloji məsələlər üzrə katib vəzifəsinə gətirildi. 1966-cı ilin fevral ayının 5-də Vəli Axundov ona çox diqqətəlayiq bir xarakteristika yazdı. Xarakteristikada deyilirdi ki, respublikanın partiya aktivi və ziyalılar Şıxəli Qurbanovu nəzəri cəhətdən hazırlıqlı, tələbkar və prinsipial işçi kimi tanıyırlar. Məhz, birinci katibin təqdimatı ilə Şıxəli Qurbanovun 1966-cı ildə Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi vəzifəsinə təyin edilməsi sanki ölkəyə yeni bir mənəvi ruh gətirdi.
Axundov Şıxəli Qurbanovun neçə bacarıqlı və çılğın bir adam olduğunu yaxşı bilirdi. Şıxəli Qurbanov 1957-1961-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri kimi milli ruhun oyanmasında və inkişafında fəal iştirak etmişdi. Vəli Axundov hakimiyyətə gələndən təxminən iki həftə sonra maraqlı bir hadisə baş vermişdi. 1959-cu ilin iyul ayının 25-də Ağdam rayonuna xidməti ezamiyyətə göndərilən Şıxəli Qurbanov Bakını xəbərdar etmədən Dağlıq Qarabağ Muxtar Vilayətin partiya komitəsinin katibi Bahadur İbrahimovun dəvəti ilə muxtar vilayətdə olmuş və geri qayıdarkən maşın sürət həddini aşdığından qəza baş vermişdi. Hadisə zamanı Ş. Qurbanov, B. İbrahimov və sürücü yaralanmış, onların olduğu “Pobeda” maşını tamamilə sıradan çıxmışdı. Vəli Axundov belə “intizamsız” hərəkətlərinə görə Azərbaycan KP MK katibliyi xətti ilə Qurbanova xəbərdarlıq etmişdi. 1966-cı ildə isə o, xalqla, xüsusilə ziyalılarla hakimiyyət arasında əlaqəni möhkəmləndirməyin bir vasitəsi kimi rəhbərliyə gətirilirdi.
1959-cu ilin avqust ayında Azərbaycan KP MK-nın ikinci katibi təyin edilmiş Sov. İKP MK-nın şöbə müdiri Vladimir Semiçastnıy Azərbaycanda ilk addım kimi milli kadrları nəzarətə aldı. Semçastnıy yaxşı başa düşürdü ki, respublikada ideoloji işin mərkəzi fiqurlarından biri MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanovdur. 1959-ci ilin iyununda respublikaya Moskvadan göndərilmiş İvan Şikin komissiyasının hazırladığı arayışda tarixin yazılmasında baş qaldıran millətçilik meylləri bilavasitə Şəxəli Qurbanovla əlaqələndirilmişdi. İvan Şikinin keçmiş müdiri kimi Vladimir Semiçastnıy həmi arayışla tanış idi və sənəd məhz onun qoşma məktubu ilə Mərkəzi Komitəyə göndərilmişdi. 1958-ci ilin noyabrında “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının Bakıda keçirilmiş müzakirəsindən sonra Sov.İKP MK yanında Marksizm – Leninizm İnstitutunun direktor müavini N. Şataqin, institutun elmi işçiləri A. Lukaşev və Ş. Çivadzenin hazırladığı arayış əsasında müttəfiq respublikalar üzrə təbliğat və təşviqat şöbəsinin müdiri L.İliçev və onun müavini A. Romanov MK-ya yazdıqları məlumatda Ş. Qurbanovu kəskin şəkildə tənqid etmişdilər. Qeyd edilən müşavirə ilə bağlı Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun rəhbərliyi Azərbaycan filialının fəaliyyəti haqqında qərar qəbul edirkən Azərbaycan tarixçiləri (İ. Hüseynov, M. Vəkilov, M. İsgəndərov, Q. Əfəndiyev və başqaları) ilə yanaşı, onların çıxışlarına haqq qazandıran məsul partiya işçisi Şıxəli Qurbaovu da kəskin tənqid etmişdi. Azərbaycan KP MK Bürosu 1959-cu ilin oktyabrında Azərbaycan partiya təşkilatının tarixinin hazırlanmasında buraxılan səhvlərlə bağlı partiya tarixi institutunun fəaliyyətini müzakirə etdikdə məlum müşavirədə Şıxəli Qurbanovun da yekun çıxışını kəskin tənqid etdi. Orada göstərilirdi ki, Azərbaycan tarixçilərinin müşavirədəki çıxışlarında səhv mövqelərinə müqavimət göstərmək əvəzinə Şıxəli Qurbanov onları öz müdafiəsi altına almış, “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının ünvanına səsləndirilən “ədalətli” tənqidi inkar etmişdir. 1959-cu ilin dekabr ayının 16-18-də Moskvada Sov. İKP MK yanında marksizm-leninizm institutunun Qafqaz filiallarının nümayəndələrinin müşavirəsi keçirildi. Əsas müzakirə mövzusu Qafqaz respublikaları partiya təşkilatlarının tarixinin hazırlanması məsələsi olsa da, lakin bütün tənqidi mülahizələri “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının üzərində quruldu. Moskva müşavirəsində bir daha kitabın millətçilik ruhunda hazırlandığı, müəlliflərin milli məhdudluğu, “hümmət”in rolunun şişirdildiyi, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi inkişafının həqiqətə uyğun olmayan təqdimatı, MK-nın şöbə müdiri Şıxəli Qurbanovun müəllif heyətini himayə etməsi kəskin tənqid edildi. Nikita Xruşşov ideoloji işlər üzrə Sov. İKP MK-nın müttəfiq respublikalar üzrə təbliğat və təşviqat şöbəsinin müdirir Leonid İliçevə tapşırıq verdi ki, “Kommunist” jurnalında bu kitabın daşın-daş üstə qoymasınlar, “külünü göyə sovursunlar.” Lakin Moskvadan təzyiqlər olmasına baxmayaraq Vəli Axundov Şıxəli Qurbanovu 1961-ci ilə qədər vəzifəsində saxlaya bildi. Lakin Semiçastnının təşəbbüsü ilə Nikita Xruşşov Şıxəli Qurbanovun MK-dan uzaqlaşdırılması məsələsini qoyanda artıq onu rəhbər partiya işində saxlamaq mümkün olmadı. Büronun qərarı ilə o, 1961-ci ildə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsindən azad edilib Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutuna şöbə müdiri vəzifəsinə göndərildi.
Siyasi təcrübə ilə yanaşı Şıxəli Qurbanovun ədəbi və elmi təcrübəsi də onun irəli çəkilməsində az rol oynamamışdı. O, 1946-cı ildə ordudan tərxis olunduqdan sonra V.İ. Lenin adına ADU-nun filologiya fakültəsini bitirmiş, 1951-ci ilində həmin institutun aspiranturasına daxil olmuşdu. Hələ aspiranturada oxuduğu dövrdə Şıxəli Qurbanov “Rus ədəbiyatı tarixi” fənni üzrə dərs deməyə başlamış, 1956-cı ildə filologiya üzrə elmlər namizədi dissertasiyası müdafiə etmişdi. 1963-cü ildə Yazıçılar İttifaqına qəbulla bağlı ona verilən xarakteristikada göstərilirdi ki, “Azərbaycan tamaşaçıları komediya janrına həmişə böyük həvəs göstərir. Ona görə də bu sahədə çalışan yazıçılar xalq tərəfindən ümumən rəğbətlə qarşılanır. Şıxəli Qurbanov da gənc olmağına baxmayaraq son illərdə komediya janrında ilk qələm təcrübələri aparmış və tamaşaçılarımızın hüsn-rəğbətini qazanmışdır. Onun hələ 1958-ci ildə Bakı televiziyasında telekomediyası ədəbiyyatımıza istedadlı bir gəncin gəldiyini xəbər verirdi. Bundan sonra onun Azərbaycan Dövlət Akademik Dram teatrında tamaşaya qoyulan “Əcəb işə düşdük” komediyası gənc müəllifin daha da irəli getdiyini sübut elədi. Bunun dalınca Ş. Qurbanov Azərbaycan Dövlət Musiqili komediya teatrına “Özümüz bilərik” musiqili komediyasının mətnini, “Bahadır və Sona” operasının liberettosunu yazdı. Ş. Qurbanovun bütün əsərlərinə nəzər salanda kiçik qüsurlarına baxmayaraq onun dramaturqluq istedadına inanırıq.”
Yazıçılar İttifaqına üzv olmaq üçün Şıxəli Qurbanova ədəbiyyatşünas Məmməd Cəfər Cəfərov, tənqidçi Orucəli Həsənov, şair Süleyman Rüstəm və dramaturq Sabit Rəhman zəmanət vermişdilər. Məmməd Cəfər öz zəmanətində göstərirdi ki, “mən Qurbanov Şıxəli yoldaşı yaxşı gələcəyi olan bir dramaturq və nəzəriyyəçi kimi tanıyıram. Qurbanov “Əcəb işə düşdük” komediyasının, “A.S. Puşkin və Azərbaycan poeziyası, “ A.S. Puşkin və Azərbaycan” monoqrafiyasının müəllifidir…Həm bədii taradıcılıqda, həm də nəzəri sahədə istedadlı olan Şıxəli Qurbanovun Azərbaycan Sovet Yazıçıları İttifaqına üzv olmağa layiq bilib ona zəmanət verirəm və inanıram ki, ədəbi mühitimizə yaxın olmaq onun yaradıcılıq inkişafına çox kömək edəcək, yaxşı təsir göstərəcəkdir.”
Tənqidçi Orucəli Həsənov Şıxəli Qurbanova verdiyi zəmanətdə onun yaradıcılığının iki istiqamətdə – elmi və bədii sahədə uğur qazandığın vurğulayırdı. O, yazırdı ki, Şıxəli Qurbanov “hələ 1956-cı ildə “A.S. Puşkin və Azərbaycan poeziyası mövzusunda geniş və orijinal bir elmi əsər yazıb, nəşr etdirmiş, sonra bunu dissertasiya şəkilində müdafiə edərək filoloji elmlər namizədi elmi dərəcəsi almışdır. Müəllif bununla kifayətlənməmişdir. O, tədqiqatını daha da genişləndirib dərinləşdirməklə 1959-cu ildə “A.S. Puşkin və Azərbaycan” adlı dəyərli və Azərbaycan sovet ədəbiyyatşünaslığını zənginləşdirən gözəl bir monoqrafiya yaratmışdır. Bu monoqrafiya istər Azərbaycan, istərsə də rus mətbuatında yüksək qiymətləndirilmişdir…Şıxəli Qurbanovun fəaliyyət göstərdiyi ikinci sahə bədii yaradıcılıqdır. O, özünün “Rəis məşğuldur” (1958) və “Əcəb işə düşdük” (1961) komediyaları ilə tamaşaçıların rəğbətini qazanmışdır. Komediyalardan birincisi Bakı telestudiyasınd, o biri isə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulmuşdu. Həm də qeyd etməliyik ki, müəllif əsərdən əsərə yüksəlməkdədir. Onun “Əcəb işə düşdük” komediyası təkcə müəllifin yaradıcılığında yox, müasir Azərbaycan komediya nəvisliyində əsasən maraqlı hadisələrdəndir. Biz Şıxəli Qurbanovu bütün həyatı və mənəviyyatı ilə Azərbaycan sovet ədəbiyyatına, ədəbiyyatşünaslığına bağlı bir adam kimi tanıyır və onun Azərbaycan Sovet Yazıçılar İttifaqının üzvülüyünə qəbul olunması üçün zəmanət veririrk.” Süleyman Rüstəm öz zəmanətində qeyd edirdi ki, “mən Şıxəli Qurbanovu istedadlı ədəbiyyatşünas və yaxşı dramaturq kimi tanıyıram. Qurbanovun “Rəis məşğuldur”, “Əcəb işə düşdük” dran əsəri tamaşaçıların rəğbətini qazanmışdır. Ona görə də onun Yazıçılar İttifaqına qəbul olunmasını lazım bilirəm.” Yazıçı-dramaturq Sabit Rəhman da Ş.Qurbanova müsbət zəmanət verənlərin arasında idi. O, yazırdı ki, “Şıxəli Qurbanov yoldaş “Rəis məşğuldur”, “Əcəb işə düşdük” kimi komediyaların müəllifidir. Bütün nöqsanlarına baxmayaraq bu əsərlər müəllifin yumor hissinə malik olduğunu, səhnəni başa düşdüyünü və dialoq qurmaq bacarığını göstərir. Şıxəlinin aydın, səlis səhnə dili vardır. Əgər əsərlərinin üstündə dərindən, diqqətlə işləsə, həyatı yaxşı öyrənsə Şıxəli gələcəkdə səhnəmizə daha müvəffəqiyyətli pyeslər verə bilər.” Bu zəmanətlər əsasında Şıxəli Qurbanovu 1963-cü ilin oktyabr ayının 9-da Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul etdilər.
60-cı illərin ortalarında Azərbaycan rəhbərliyi kəndir üzərində gəzən adamlar kimi çox ehtiyatlı hərəkət etməyə üstünlük verir və ehtiyatlı olmağa çalışırdı. Hətta, yeni seçilmiş MK katibi Sov.İKP MK-ya yazırdı ki, rus şairi Yevgeni Yevtuşenko “Literatura Azerbaydjan” jurnalındə dərc edilmək üçün öz şeirlərini göndərmişdir. Onlardan ikisi “Çəllək haqqında ballada” və “Yalançı çağrış” ideya cəhətdən zərərli olduğu üçün artıq nəşrə imzalanmış nömrədən çıxarılmışdır.” Bu dövrdə bir sıra rus yazıçıları Moskva və Leninqaradda nəşr etdirə bilmədikləri əsərlərini əyalətlərdəki jurnallara göndərir və hətta gizli adlar altında xaricdə nəşr etdirirdilər. 1965-ci ildə DTK gizli adla xaricdə “antisovet” kitab nəşr etdirdirdiklərinə görə ədəbiyyatşünas Andrey Sinyavski və Yuli Danielinı həbs etmişdi. Ona görə respublika rəhbərliyi mərkəzi Rusiyadan gələn ədəbi nümunələrin çapına çox ehtiyatla yanaşırdı. Yerli ziyalıları çəkindirmək məqsədi ilə Abram Terts adı ilə ABŞ-da nəşr olunan Andrey Sinyavski və Nikolay Arjak təxəllüsü ilə kapitalist ölkələrində kitabları çıxmış Yuli Danielinın məhkəmə prosesi SİTA-nın məlumatı kimi Azərbaycan dilinə tərcümə edilib respublika qəzetlərində dərc edilirdi. 1966-cı ilin fevralın 10-da başlayan məhkəmə iclaslarında ictimai ittihamçı kimi rus yazıçısı Arkadi Vasilyev və Azərbaycan ədəbiyyatının “böyük” dostu tənqidçi Zoya Kedrina çıxış edirdilər.
Yeni MK katibi XXIII qurultaydan sonra onun qərarlarının, xüsusilə Naxçıvan və Dağlıq Qarabağda təbliğinə erməni iddialarına qarşı dayanmağın bir vasitəsi kimi yanaşırdı. 1966-cı ilin aprel ayının 23-də Stepanakertdə keçirilən partiya fəalları toplantısında vilayəti respublikadan ayırmaq istəyən məlum Ulubabyan qrupunun əməlləri kəskin şəkildə tənqid edildi. 60-cı illərin ortalarında Novruz bayramının qeyd edilməsi ilə bağlı bəzi fikirlər səslənsə də, rəhbərlik hələ ki, bu addımı atmağa ehtiyat edirdi. Lakin 1965-ci ildə kiçik miqyasda olsa da belə bir təşəbbüs göstərilmişdi. Həmin ilin mart ayının 17-də Azərbaycan KP MK katibliyinin qəbul etdiyi qərarda göstərilirdi: “Qırmızı Aypara” cəmiyyətinin Mərkəzi Komitəsinə tapşırılsın ki, ənənəvi bahar bayramını keçirmək üçün xüsusi tədbirlər üçün ehtiyat fondundan Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinə 1500 manat vəsait ayırsın.” Bu Novruz bayramının keçirilməsinə ilk rəsmi təşəbbüs idi.
Şıxəli Qurbanovun xalqın içərisində böyük nüfuzu var idi. Xüsusi ilə MK katibi təyin ediləndən sonra adamlar milli və mənəvi məsələlərlə bağlı tez-tez ona müraciət edirdilər. Naxçıvan pedaqoji məktəbinin müəllimi Arif Əliyev 1966-cı ilin sentyabrında ona yazırdı: “Bu məsələni Sizə çatdırmağı özüm üçün vətəndaşlıq borcu sayıb qiymətli vaxtınızı alıram. Bunun üçün üzr istəyirəm. Mən bir neçə ildir ki, Azəri ictimai, fəlsəfi, pedaqoji fikrinin inkişafında görkəmli xidmətləri olmüş, Stolıpin irtica dövründə rus dilində “Oqni” jurnalının yaradıcısı və redaktoru, Səttarxan hərəkatında şəxsən iştirak etmiş və onu rus dövrü mətbuatında demokratik cəbhədən işıqlandıran Hüseyn Baxşəli oğlu Minasazovun həyat və yaradıcılığını tədqiq edirəm. Uzun müddət axtarışdan sonra mən Hüseyn Minasazovun həyat yoldaşı Gülənbər Minasazovanı Gürcüstan SSR-in Salqa rayonunun Ərcivan-Sarvan kəndində arayıb tapdım. Gülənbər xanımın məişət şəraitini Sizə çatdırmaqda düzü çətinlik çəkirəm. On ildən artıqdır ki, yaşadığı evi uçmuş, Gülənbər qonşusunun tövləsində mal-qara ilə birlikdə yaşayır. (İfadəm üçün üzr istəyirəm). Həmin tövlədə gündüz belə lampa yandırmaq lazım gəlir. Gülənbər xanım ayda 17 manat oğlu üçün təqaüd alır. Oğlu Məcnun 1939-cu ildə əsgəriliyə getmiş, 1942-ci ildə isə qəhrəmancasına həlak olmuşdur. Belə bir tarixi şəxsin həyat yoldaşının bu cür acınacaqlı bir vəziyyətdə güzaran keçirməsi bizi ciddi düşündürməlidir. Odur ki, Sizdən xahiş edirəm ki, mümkün qədər Gülənbər Minasazovaya lazımi köməklik göstərilməsi üçün əlinizdən gələni əsirgəməyəsiniz.”
Şıxəli Qurbanov məktubla tanış olduqdan sonra Nizami adına Ədəbiyyat və Dil institutuna göstəriş verdi ki, təcili olaraq öz əməkdaşlarını Gürcüstana göndərib Gülənbər Minasazovanın həyat şəraitini öyrənsinlər. Bu məqsədlə institutun əməkdaşları Sabir Əliyev və Əflatun Məmmədov 1966-cı ilin noyabr ayının 13-də Gürcüstana ezam edildilər. Onlar yerində vəziyyəti öyrənib döndükdən sonra noyabrın 19-da yazırdılar: “Hüseyn Minasazovun ailəsindən yeganə olaraq onun arvadı qalmışdır. Gülənbər Molla Vəli qızı Minasazova Gürcüstan SSR Salqa rayonunun Ərçivan-Sarvan kəndində yaşayır. Daha doğrusu, G. Minasazovanı bacısının kürəkəni Xəlil Xəlilov hamiliyə götürüb saxlayır. G. Minasazovanın evi yoxdur. O, son illərdə qum, daş və s. ləvazimat alıb kiçik bir kuma tikdirmişdir. Orada da hələlik yaşamaq mümkün deyildir. G. Minasazovanın dediyinə görə, gənc yaşlarında iki qızı vəfat etmiş, oğlu Məcnun Minasazov isə 1945-ci ildə həlak olmuşdur. Oğluna görə G. Minasazovaya dövlət ayda 17 (on yeddi) manat təqaüd verir. G. Minasazova həmin Ərcivan-Sarvan kəndində 1893-cü ildə anadan olmuşdur. O, bir çox sənədlərlə bərabər əri Hüseyn Minasazovun şəklini və evlənmək şəhadətnaməsini də saxlayır. Hal hazırda G. Minasazovanın mənzillə və daimi maddi yardıma böyük ehtiyacı vardır. Evlə və pulla təmin olunmağa böyük ehtiyac duyan qadın bizimlə söhbət zamanı Bakıda yaşamağı arzuladığını da bildirdi. Hazırda G. Minasazova gah qohumu X. Xəlilovun evində, gah onun at tövləsində, gah da hara gəldi orada gecələyir.”
Əməkdaşlar Gürcüstandan qayıtdıqdan sonra Nizami adına Ədəbiyyat və Dil institutunun elmi işlər üzrə direktor müavini Kamal Talıbzadə Şıxəli Qurbanova məlumat verirdi ki, sizin göstərişinizə əsasən institutun əməkdaşları görkəmli publisist və maarif xadimi Hüseyn Minasazovun arvadı Gülənbər Minasazovanın vəziyyəti, həyat tərzi ilə tanış olub hesabat hazırlamışlar. K. Talıbzadə Sabir Əliyev və Əflatun Məmmədovun hesabatına əsasən bildirirdi ki, G. Minasazova təxminən dilənçi vəziyyətində yaşayır. O, təklif edirdi ki, Gülənbər Minasazovaya yaşayışını təmin edəcək miqdarda fərdi təqaüd kəsilsin; Hazırda yaşadığı Ərcivan-Sarvan kəndində, yaxud Bakı şəhərində münasib mənzillə təmin edilsin; Gülənbər Minasazovanın xatirələrini nəşr etmək üçün hazırlamaq Nizami adına Ədəbiyyat və Dil institutuna tapşırılsın; Hüseyn Minasazovun həyat və fəaliyyətini öyrənməyə xüsusi diqqət verilsin. Kamal Talıbzadənin məktubu üzərində MK-nın şöbə müdiri Teymur Əliyevin belə bir dərkanarı var: Təcili. Yoldaş N. Balakişiyevə. Xahiş edirəm MK Katibliyində baxılmaq üçün qərar layihəsi hazırlayın.” 1967-ci ilin yanvar ayının 2-də Şıxəli Qurbanov və Teymur Əliyev Gülənbər Minasazovanın ağır həyat şəraiti haqqında Azərbaycan KP MK-ya təqdimat hazırladılar. Bu təqdimat əsasında Azərbaycan KP MK Katibliyi 1967-ci ilin yanvar ayının 12-də Gülənbər Minasazovanın məişət şəraitinin yaxşılaşdırılması haqqında qərar qəbul etdi. Qərarda Azərbaycan SSR Nazirlər Soveti yanında fərdi pensiyalar komissiyasına tanınmış Azərbaycan publisisti və maarifçisi Hüseyn Minasazovun xanımı Gülənbər Minasazovay fərdi pensiya ayrılması tapşırılır, Bakı şıhər icraiyyə komitəsinə həvalə edilirdi ki, G. Minasazovanın Bakı şəhərində bir otaqlı mənzillə təmin etsin.
Şıxəli Qurbanov ideoloji məsələlər üzrə katib təyin edildikdən sonra mətbuat bir qədər milli maraqlara uyğun yazılar verməyə başlamışdı. “Ədəbiyyat və incəsənət” qəzetinin nəsr şöbəsinin müdiri, yazıçı Sabir Əhmədov 1966-cı ilin payızında Şuşaya ezamiyyətdən sonra “Şuşa haqqında qeydlər”ni yazıb qəzetdə dərc etdirmişdi. O, yazırdı ki, Şuşa hazırkı vəziyyətindən qat-qat yaxşı və abad olmağa layiqdir…Etiraf etmək lazımdır ki, Azərbaycan şəhərləri içərisində, hələ onun xüsusi məziyyətləri bir yana qalsın, bəlkə də ən az dəişən, ən az tikilən yer Şuşadır..Rayon İcraiyyə Komitəsinin sədri İ. Məhərrəmov yoldaşla görüşdük. Yarım saat danışdıq. Kabinetindən çıxarkən onun söhbətindən yadımda heç nə qalmadı. Şuşanın indisi, gələcəyi haqqında ondan bir kəlmə söz eşitmədim. Nəhayət, düşündüm ki, səhv gəlmişəm, icraiyyə komitəsinin sədri başqasıdır. Sonralar ona şəhər içərisində, tikinti – iş yerlərində də rast gəlmədim. Dedilər onun iki yeri var: kabinet və ev.” Şəhərin sosial həyatı ilə tanış olan, rayon partiya komitəsinin birinci katibi Arif Ağakişiyevlə görüşünə toxunan Sabir Əhmədov ürək ağrısı ilə bildirirdi: “Qədim qalanı əhatə edən hasarlar, bürclər çox yerdə uçulub dağılmış, əzəl görünüşünü itirmişdir. Bəzi şəhərlərimizdə çözə çarpan qüsur burada da adamı dilxor edir: səliqəsizlik, pintilik, zibillik. İnternat məktəbin yataqxanasının həyətində belə vəziyyətlə rastlaşdıq. Burada iri bir donuz dörd-beş çoşkası ilə iyrənc-iyrənc xoruldayır, otu-çiçəyi eşirdi. Təmiz havada heyvanların üfunəti kəskin duyulurdu. Xidmətçiyə dedim: – A kişi, bunları niyə buraxırsınız həyətə? Kişi incidi: – Ərə, nə olar, heyvandır da. – Heyvan olmağına heyvandır, amma görürsən, otu-çiçəyi əzir. Axı, olmaz ki, uşaqların dərs oxuduqları, yatıb dincəldikləri evin həyətində, bağçasında donuz gəzməsin. Havanı korlayır. Kənarda biryer düzəldin, orada saxlayın. Dərs hissə müdiri Ağayev də burada idi. Xidmətçi kimi o da, görünür, donuzların harada gəldi sərbəst gəzmələrinə adət etmişdi, bunu təbii sanırdı.”

60-cı illərin əvvəllərində başlayan yeniləşmə ab-havası yer adlarının bərpası məsələsindən də yan keçmədi. 1965-ci ilin iyul ayının 25-də “Azərbaycan gəncləri” qəzetində “Kəndlərimizin adı da müasir olmalıdır” adlı çox ziyanlı bir yazı çıxmışdı. Bu yazıda Azərbaycanın olan-qalan tarixi toponimlərinin dəyişdirilməsi, yəni müasirləşdirmə adı ilə bolşevikləşdirilməsi məsələsi qoyulmuşdu. Halbuki, məhz elə həmin ildə Moskva mətbuatında rus ziyalılarının köhnə yer adlarının dəyişdirilməsinə etiraz ifadə edən yazıları dərc olunmağa başlamışdı. “Literaturnaya qazeta”nın 26 oktyabr sayında rus müəllifi Vladimir Buşin “İsti döngə kimə mane olurdu?” başlığlı bir yazısında Moskvanın köhnə döngəsinin adının dəyişdirilməsinin doğru olmadığını yazmışdı. 60-cı illərin ortalarında Dmitri Lixaçev başda olmaqla bir qrup tanınmış rus ziyalıları rus mədəniyyətinin, dilinin, memarlıq abidələrinin, yer adlarının qorunması uğrunda geniş ictimai kampaniyaya başlamışdılar. Bu işlərin əks-sədası Azərbaycanda da özünü göstərdi. 1966-cı ilin yanvar ayının 8-də Azərbaycanın tarixi yer adlarının qorunub saxlanması və Gəncə şəhərinin tarixi adının özünə qaytarılması ilə bağlı Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dosenti Süleyman Əliyarovun “Ədəbiyyat və İncəsənət” qəzetində açıq məktubu dərc edildi. “Redaksiyaya məktub” adı ilə dərc olunmuş bu yazı həmin dövrdə respublikada böyük səs-küyə səbəb olmuşdu. Əlbəttə, sovet dövlətinin ən tanınmış liderlərindən olan, “nakam siyasi tale” yaşamış məşhur Qafqaz bolşeviki Sergey Kirovun ölümündən bir il sonra onun adına verilmiş qədim Azərbaycan şəhərinin tarixi adının bərpa edilməsi ilə bağlı mətbuatda açıq məktubla çıxış etmək gənc bir tarixçidən böyük cəsarət tələb edirdi. O yazırdı: “Gəncə qədim şəhərdir (şəhərin əsası təqribən, 945-ci ildə qoyulmuşdur) və Azərbaycan xalqının zəngin tarixinin canlı abidəsidir…Öz-özünə aydındır ki, bu qədim şəhərin min illik adının dəyişdirilməsi 30-cu illərdə həmin sahədə hökm sürən inzibatçılığın acı nəticələrindən biridir”. Əlbəttə, “məktubun qayəsi yalnız Gəncədən ibarət deyildi. Orada bütövlükdə Azərbaycan ərazisində türk toponimlərinin qorunub saxlanmasından söhbət gedirdi. Süleynan müəllim yazırdı: “Bir Abşerondakı yer adlarına nəzər salın: “Türkan”, “Zığ”…”Mərdəkan”, “Kurqan” və i.a. Bu adlarda Azərbaycanın qədim sakinləri türk, ziq, mard və kirqan…tayfalarının izləri hifz olunmuşdur.Bunlardan bəziləri haqqında Strabon, Pliniy, Ptolomey kimi antik müəlliflər məlumat vermişlər. Buna görə də “Zığ”, “Korgöz”, “Xırt”, “Halit”, “Əhmədli”…kimi kənd adlarını yalnız zahiri donlarına görə atmaq olmaz, onların hər biri özünəməxsus bir tarixdir”. Yazıçı Əlfi Qasımovun fədakarlığı nəticəsində gözlənilməz şəkildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuş bu yazı böyük əks-səda doğurdu və onunla bağlı redaksiyaya yüzlərlə müxtəlif məzmunlu müraciətlər daxil olmuşdu. Bunlardan ən əhəmiyyətlisi tanınmış şair Qasım Qasımzadənin, Kamran Məmmədovun, Tofiq Sultanovun və Qulu Xəlilovun həmin qəzetdə dərc olunmuş məktubu idi. Onlar Gəncənin adının bərpası ilə bağlı Süleyman Əliyarovun təşəbbüsünü müdafiə edirdilər. Onlar Gəncənin adının bərpası ilə bağlı S. Əliyarovun təklifini müdafiə etməklə yanaşı yazırdılar: “26 Bakı komissarları haqqında onlarca gözəl əsər yazılıb. Bundan başqa onlardan hər birinin adına ali məktəb, kolxoz, rayon, kitabxana, muzey və s. olduğu halda Bakının ən böyük doğum evinin, yaxud Azərbaycan Dövlət Dram Teatrının M. Əzizbəyovun adını daşıması nə dərəcədə məqsədə uyğundur.?! Nə üçün Azərbaycan Dövlət Dram Teatrı dramturgiyamızın banisi M.F.Axundovun adı ilə adlanmasın? Onun adını daşıyan opera teatrı isə milli operamızın yaradıcısının – ilk dahi sənətkarımız Ü. Hacıbəyovun adına olmasın.?” Süleyman müəllimin “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuş həmin tarixi məktubu o qədər geniş yaylmlşdı ki, hətta 1966-cı ilin mart ayının 30-da Türkiyədə çıxan “Yeni İstiklal” qəzeti onu 242-ci sayında dərc etmiş, azərbaycanlı aydının ruslaşdırmaya qarşı mübarizəsi xüsusi xəbər kimi Türkiyədə yayılmışdı. “Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün girişdikləri kompaniya” adlı yazıda bildirilirdi: “Diqqətlə oxununca azərbaycanlı türk dosentin əndişələri, üzüntüləri çox yaxşı anlaşmaqda, kommunistlərin türk köylərini ismlərinə varıncaya qədər necə ruslaşdırmaq istədikləri, fəqət bu durumun türkləri nə qədər mütəəssir etdigi də görünməkdədir”. Doğrudur, Gəncənin tarixi adını bərpa etmək mümkün olmasa da, bu müzakirələr Şəkinin tarixi adının bərpasına yol açdı.

1967-ci ildə Novruz bayramının rəsmi şəkildə qeyd edilməsi Azərbaycan xalqının milli ruhunu xeyli qaldırdı. 1965-1966-cı illərdə bu bayramın Azərbaycan Demkrat Firqəsi vasitəsi ilə keçirilməsi məhdud dairəni əhatə etsə də, ilk addımlar kimi respublika rəhbərliyində müəyyən ümidlər yaratmışdı. 1967-ci ilin fevral ayında Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin sədri Qulam Yəhya Daneşian siyasi mühacirlər arasında Novruz bayramını keçirmək üçün firqəyə 4 min manat vəsait ayrılmasın Azərbaycan KP MK-dan xahiş edirdi. Bu müraciətlə ağlı MK-nın məsul əməkdaşı Ənvər Cəbrayılovun hazırladığı arayışıda ADF tərəfindən istənilən vəsaitin ayrılması məqsədəuyğun hesab edilirdi. Eyni zamanda qeyd edilirdi ki, ADF Novruz bayramı ilə bağlı İvanova şəhərində yerləşən rəhbər siyasi mühacirlərin uşaqlarının oxuduğu məktəbdə təhsil alan iranlı, yunan və ispan uşaqlara hədiyyələr öndərəcəkdir. Bu təklifləri nəzərə alaraq mart ayının 10-da MK katibliyinin qərarı ilə respublika “Qırmızı Aypara” cəmiyyətini tapşırldı ki, Novruz bayramı (rəsmi sənədlərdə bu daha çox bahar bayramı kimi ifadə olunurdu – C.H.) keçirmək üçün ADF MK-ya 4 min manat vəsait ayırsın. Yeri gəlmişkən Orta Asiya respublikalarında da Novruzun keçirilməsinə bir sıra cəhdlər olmuşdu. Bütün bunları nəzərə alaraq 1967-ci ildə Azərbaycan KP MK katibliyi Vəli Axundovun razılığı ilə Bahar bayramı adı ilə Novruz bayramının keçirilməsinə qərar verdi və bayram tədbirlərinin hazırlanması Mərkəzi Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanova tapşırdı. Şıxəli Qurbanov bütün milli koloritləri nəzərə almaqla yaddaqalan bir bayram təşkil edə bildi. Onun təlimatı ilə Moskvadan və digər yerlərdən bir sıra jurnalistlər bayram tədbirlərini işıqlandırmaq üçün Bakıya dəvət edilmişdilər. Ş.Qurbanov bayram tədbirlərinin informasiya təminatını çox yaxşı qura bildi və Bakıda keçirilən Novruz şənlikləri haqqında Mərkəzi mətbuat səhifələrində müsbət məlumatlar getdi. Hətta, tanınmış Sovet şərqşünası İosif Braqinski “Pravda” qəzetində bu bayramın tarixi, milli məzmunu, mənəvi qayəsi haqqında məqalə ilə çıxış etdi. Həmin məqalə Azərbaycan dilinə tərcümə edilərək 1967-ci ilin may ayının 20-də “Ədəbiyyat və incəsənət” qəzetində dərc edildi. Sovetlərin əsas mətbuat orqanında Novruzun əhəmiyyəti haqqında məqalənin dərc edilməsi milli dəyərləri dirçəltmək istəyən qüvvələrin mövqelərini gücləndirdi. Vəli Axundov respublika rəhbərliyindən gedənə qədər Bahar bayramı 1968-1969-cu illərdə daha iki dəfə qeyd edildi, amma 1967-ci ilin təntənəsi bir də təkrar olunmadı. 1969-cu ildən sonra Novruz bayramının dövlət səviyyəsində keçirilməsi üçün 20 il gözləmək lazım gəldi.

Lakin 1967-ci ilin Novruz sevinci uzun çəkmədi.

Ardı var…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button