2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Cəmil Həsənli: “Bu gün Azərbaycanda “işgəncə laboratoriyası” fəaliyyət göstərir”

“Heç kimin təminatı yoxdur ki, sabah onun başına nə gələcək”

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şuranın sədri, professor Cəmil Həsənli gündəmin aktual məsələləri ilə bağlı Meydan TV-nin suallarını cavablandırır.

– Cəmil müəllim, fevralın 6-da Türkiyədə baş verən zəlzələ bir sıra ictimai-siyasi və elmi sualları aktuallaşdırdı. Halbuki, Avropa cəmiyyətləri bu sualları 100 illər əvvəl müzakirə edərək tarixin həmin səhifəsini qapayıb. Ancaq Türkiyədə, eləcə də Azərbaycan, Rusiya və başqa postsovet ölkələrində “din, yoxsa elm” sualı üzərində hələ mübahisələrə vaxt ayırırlar. Tarixində cümhuriyyət ənənəsi var ikən, 30 ildən çoxdur müstəqilliyini qazanan, dünyəvi cəmiyyət olduğunu elan edən, üzv olduğu Avropa Şurası qarşısında öhdəlikər götürən ölkə üçün bu cür sualların müzakirəsinə bu qədərmi ehtiyac var, yoxsa gecikmişik?

– Bir neçə il əvvəl Mirzə Fətəli Axundovun 200 illiyi ilə bağlı məqaləmdə qeyd etmişdim ki, 200 illik zaman fasiləsindən dönüb geriyə baxanda nə aydın olur, biz Axundovun, yoxsa onun personajlarının millətiyik? Bir zamanlar Axundovun, Mirzə Cəlilin, başqa böyük mütəfəkkirlərin ictimai həyatdan qovduğu, uzaqlaşdırdığı, hədəfə çevirdiyi cəmiyyətə zərərli ünsürlər bu gün çox rahat dövlət və qeyri-dövlət televiziyalarında öz təbliğatlarını aparırlar. Mütəfəkkirlərimizin kəskin tənqid etdiyi falçı, dua yazanların böyük bir qismi bu gün televiziyalardadır. Türkiyədə Atatürk islahatlarından sonra böyük bir mədəni inkişaf baş verdi. Bu inkişafın gedişində faktiki olaraq Türkiyə Avropa düşüncəsinə, həyat tərzinə, idarəçilik üsullarına kifayət qədər yaxınlaşdı. Amma dünya kommunist sisteminin dağılmasından sonra Türkiyədə çox qəribə dəyişikliklər baş verdi. Sanki vaxtilə Sovet İttifaqında olan anti-amerkanizm rahat şəkildə Türkiyəyə keçdi. Onlar öz həyatlarında çatışmayan məsələləri Amerikayla, Qərblə əlaqələndirməyə başladılar. Üstəgəl, ötən əsrin 90-cı illərində Ərbakan Baş nazir olanda dini ideologiya və təşkilatlar kifayət qədər gücləndi. Sonrakı dövrdə dinin dövlətləşməsi prosesində fəal iştirak edən adamlar Ərbakanın yetirmələri idi. Din şübhəsiz ki, cəmiyyətin ayrılmaz atributudur, amma bu, inancdır. Yəni, Allahla bəndə arasında bir sevdadır, münasibətlərdir. Lakin din cəmiyyətin idarə olunması prosesində iştirak edəndə artıq həmin ölkə zəmanənin gərdişindən geri qalır. Məsələn, İran, ərəb ölkələri, son 20-25 ildə isə bu proses Türkiyədə getdi. Və dini təsəvvürlərin genişlənməsi maarifin zəifləməsi fonunda baş verdi. Azərbaycan mütəfəkkirlərinin çox maraqlı fikri var, məscidə gedən yol məktəbədən başlamalıdır. Yəni, məscidə gedən yol məktəbdən keçəndə maariflənmiş bir dinin şahidi oluruq. Amma məktəblərin zəiflədilməsi hesabına dinin və bir az da cəhalətin güclənməsi cəmiyyəti şübhəsiz ki, geriyə çəkir. Və cəhalət üzərində qurulan dəyərlər, idarəçilik, yaxud düşüncənin formalaşması daha çox avtoritarizmin bazasında olur.

– Dini partiyaların yaranması necə, lazım idimi?

– Ümumiyyətlə, mən dinin siyasətləşməsinin əleyhinəyəm, istər Azərbaycanda, istərsə də Türkiyədə olsun. Gözümüzün önündə Əfqanıstan faciəsi var, az qala 50 ilə yaxındır, ötən əsrin 70-ci illərin sonlarından bu proses başlanıb və bu gün də nə vaxt bitəcəyi bilinmir. Ona görə də dinin siyasiləşməsi bütün hallarda cəmiyyət üçün ciddi problemlər yaradır. Bu baxımdan cəmiyyət dünyəvi qaydalarla, dəyərlərlə və prinsiplərlə idarə edilməlidir. Din isə inancdır, Allahla bəndə arasında bir sevdadır. Şübhəsiz ki, din azad olmalıdır. Azad olan din daha mütərəqqi məzmuna malikdir.

– Birinci sualımın ardı olaraq deyim, uzunmüddətli tək adam hakimiyyəti Türkiyəyə də, bizə də, Rusiyaya da eyni aqibəti yaşadır. Bu, bizim tariximiz və gələcəyimi üçün hansı fəsadlar hazırlayır?

-Əvvəla, təkadamlıq idarəçilik üsulu yalnız bu ölkələrdə deyil.

-Mən bizim region baxımdan bu ölkələrin adını sadaladım.

-Məsələn, Afrika ölkələri. Biz gənc müəllim idik, Daniel Orteqa Nikaraquada hakimiyyətdəydi, bu gün də hakimiyyətdədir. Əlbəttə, təkadamlıq hakimiyyət, bir adamın, ailənin hakimiyyəti cəmiyyət üçün ciddi inkişafa mane olan problemdir. Sadaladığınız 3 ölkə içərisindən ən böyük təcrübəyə Azərbaycan malikdir, faktiki olaraq 1969-cu ildən etibarən hakimiyyətdə Əliyevlərdir. Artıq 53 ilə yaxındır ki, kiçik istisnalarla Azərbaycanı bir ailə idarə edir. Müqayisə gətirsək, hansısa Afrika ölkəsini xatırlaya bilərik, Şimali Koreyada isə 70 ilə yaxındır Kim ailəsi hakimiyyətdədir, adını da cümhuriyyət qoyublar. Ancaq cəmiyyət alternativ görməlidir, yaxşı ilə pisin fərqini müəyyən etməlidir. Bu, seçki institutunun məhv edilməsinin nəticəsidir. Ədalət naminə seçki institutuna münasibətdə Azərbaycanı və Rusiyanı Türkiyə ilə müqayisə edə bilmərik. Pis-yaxşı Türkiyədə hələ seçki institutu var və institut işləyir. Məsələn, İstanbul Bələdiyyə Başqanı seçkisi ilə bağlı bu prosesin şahidi olduq. Həmin seçkilərdə seçki institutu öz gücünü göstərdi. Amma Azərbaycanda və Rusiyada təkadamlıq hakimiyyət seçki institutunun dağıdılması, məhv edilməsi, faktiki olaraq, respublika üsul-idarəsinin üzərindən çalın-çarpaz xətt çəkilməsi hesabına başa gəlir. Məsələn, İlham Əliyev hakimiyyətə gələndə Azərbaycan yarımazad ölkəydi, onun bir neçə illik hakimiyyətindən sonra qeyri-azad ölkələr sırasına daxil olduq. Biz Putinin də, İlham Əliyevin də çıxışlarına diqqət yetirsək, “hər şeyi mən hamıdan yaxşı bilirəm, nəyi nə zaman etməyi hamıdan yaxşı bilirəm” fikrinin hakim olduğunu görəcəyik. Bu, orta əsr Fransasında XIV Lüdovikin “Dövlət mənəm” dəyərləri ilə cəmiyyətin idarə olunmasıdır. Halbuki, idarəçiliyin bütün qanadları işləməlidir, faktiki, Azərbaycanda prezident idarəsindən başqa ayrı dövlət orqanları işləmir. Milli Məclis Prezident Administrasiyasının şöbəsindən də aşağı səlahiyyətlərə malikdir, məhkəmə müstəqilliyi, hökumətin hesabatlılığı yoxdur. Çünki ölkədə seçki sistemi yoxdur.

-Seçkidən söz düşmüşkən, Azərbaycan Avropa Məhkəməsində seçki hüququnun pozulmasında öncüllər sırasındadır. Bütün bunlar ona gətirir ki, İlham Əliyevin diliylə söyləsək, Rusiyanın Qarabağa göndərdiyi Ruben Vardanyan da deyir ki, mövcud olduğu 104 ildə bir ölkəyə 44 ildir ki, bir ailə nəzarət edir. Ermənilər bir yana qalsın, Azərbaycan xalqının bir hüququ yoxdur. Bu barədə nə düşünürsünüz?

-Əvvəla, Azərbaycan müxalifəti Vardanyandan xeyli əvvəl bu fikri ifadə edib. Hələ vaxtilə az-çox, qismən azadlıqlar vardı, ona görə o fikir ifadə edilirdi. Faktiki olaraq, Azərbaycanda ailə rejimi qurulub. Əgər ölkədə prezident öz sərəncamı ilə həyat yoldaşını I vitse-prezident təyin edirsə, bu, artıq ailə rejimidir. Yəni ölkənin birinci və ikinci şəxsi eyni ailədəndir.

-Ancaq ikinci, üçüncü, dördüncü vitse-prezidentlər də olmadı…

-Yəqin ehtiyac olmadı. Bəlkə gözləyirlər uşaqlar bir az böyüsünlər, ondan sonra onu da həll edərlər. Bizim ölkəmizdə insan azadlığı və vətəndaş hüquqları ilə bağlı çox ciddi problemlər var. Bu gün bunların aydın ifadəsi Bəxtiyar Hacıyevlə bağlı baş verənlərdir. Yəni ölkədə müstəqil məhkəmə, müstəqil araşdırma hüquq idarələri olmadığı üçün istənilən adamı həbs edə bilərlər. Heç kimin təminatı yoxdur ki, sabah onun başına nə gələcək. Ölkədə şəxsin, ailənin, mülkiyyətçinin təminatı yoxdur. Bütün bunlar təkbaşına idarəçiliyin, ailə hakimiyyətinin qurulması ilə bağlıdır. Faktiki olaraq, Azərbaycanın hüquq-mühafizə orqanları konstitusion vəzifələrin yox, ailə hakimiyyətinin qorunması funksiyasını yerinə yetirir. Azərbaycanın korrupsiya indeksində, media azadlığı, insan haqları, işgəncə hesabatlarında ön yer tutması azadlıqların qapanmasından irəli gəlir.

-Yaxud Venesiya Komissiyası “Siyasi partiyalar haqda” qanuna rəy verməsə də, qəbul edildi…

-Avtoritar rejimlər hiss edəndə ki, beynəlxalq təşkilatlar gücsüzdür, onların müdaxilə imkanları ictimai əsaslara bağlıdır, ona görə hesablaşmırlar. Əliyevə öz ailə rejimini qoruyub saxlamaq lazımdır. O, çox gözəl başa düşür ki, Avropa İttifaqı ilə ikitərəfli sazişə keçməsi, Asosiasiya Sazişindən uzaqlaşmaq meylləri, bunlar hamısı demokratiya üzərində qurulan məsələlərdir. Əslində, Rusiya-Azərbaycan ittifaqının əsas hədəfi Qərb dəyərlərini öz sərhədlərinə buraxmamaqdır, bütün əməkdaşlıq bunun üzərində qurulub. Bu gün Azərbaycanda “işgəncə laboratoriyası” fəaliyyət göstərir. Avropa Məhkəməsinin “Nardaran işi” ilə bağlı qərarından xəbərdarsınız, hökumət kommunikasiya prosesində o adamlara işgəncə verildiyini etiraf edib. Əgər onlara işgəncə verilibsə, işgəncə verənlər haqda cinayət işi qaldırılmalıdır. İkincisi, işgəncəyə məruz qalanlardan kimlər həbsdə qalıbsa, azad olunmalıdır. Say etibarı ilə dini məhbuslar siyasi məhbusların böyük hissəsini təşkil edir. Məsələn, hökumət Abbas Hüseynə işgəncə verildiyini etiraf edir, amma onu hələ də həbsdə saxlayır.

-Yəqin ki, ABŞ-nin DİN rəsmisi Kərim Əlimərdanov haqda sanksiya qərarını bilirsiniz…

-Bu, azdır. Mən Nardaran və Gəncə məhbuslarının əksəriyyətinin məhkəmə prosesində iştirak etmişəm. Ordakı dəhşətləri eşitmişəm, insanların necə “işgəncə laboratoriyası”ndan keçdiyini. Nəhayət, bu işgəncələr hansı tələblərlə verilibdir, faktiki olaraq, günahsız adamlara qarşı ifadə almaqdan ötrü bu adamlar işgəncəyə məruz qalıblar. Yəni bütün bunların hamısı bir Kərim Əlimərdanovla başa gəlmir. Çünki Azərbaycanda işgəncə verilməsi özfəaliyyət deyil, dövlət siyasətidir.

-Hər il Azərbaycanda müxtəlif şəxslərin adı ilə adlandırılır, məsələn, Nəsimi ili, Nizami ili. 2023-cü il isə sabiq dövlət başçısı Heydər Əliyevin 100 illiyi münasibəti ilə onun adıyla adlandırıldı. Sizin ona siyasi yanaşmanızı kənara qoyaq, tarixi aspektdə yanaşaq, H.Əliyevin Azərbaycan tarixində yerini necə qiymətləndirirsiniz?

-Birincisi, illərin hansı hadisələrlə, şəxslərlə adlandırılması o qədər də yaxşı ideya deyil. Yadıma gəlir ki, bir ili də “Ekologiya ili” adlandırmışdılar, amma ekologiya tamamilə pozuldu. Həmin il yaxşı pul buraxdılar, amma onun hesabına əkilən ağacların heç birisi bu gün yoxdur. Yəni, bu məsələ bir az formal xarakter daşıyır. Bu işin də bünövrəsini də Türkmənistanın sabiq dövlət başçısı Saparmurad Niyazov, Türkmənbaşı qoymuşdu. O, hətta ayların, illərin adlarını dəyişmişdi.

-Çörəyə anasının adını qoymuşdu…

-Bəli. İllərə isə türkmən mədəniyyətindən kimlərinsə və ya ailə üzvlərinin adını qoymuşdu. Bu, gerilik əlamətidir. Diktatorlar bayrağın hündür olması ilə öyünürlər, amma o bayrağın dəyərləri barədə heç vaxt düşünmürlər. Yəni, mənim bayrağım səninkindən daha hündürdür. Gələk Heydər Əliyevə, tarixçilik baxımından onun keçdiyi həyat yolu tarixçi üçün maraqlıdır. Məsələn, bir tarixi şəxsiyyət kimi onun uzun müddət müxtəlif sovet orqanlarında işləməsi. Azərbaycan Kommunist Partiyasına 13 il rəhbərlik edib, Siyasi Büronun üzvü olub. Heydər Əliyev haqqında yazılanların ən qəribəsi o idi ki, kommunizm pis idi, amma Heydər Əliyevin rəhbərlik etdiyi kommunizm yaxşı idi. Məsələyə bu qədər primitiv yanaşma var. İndi İlham Əliyev prezidentdir, lap respublikaya da atasının adına verə bilər. Amma Heydər Əliyevin adına məscidin veriməsi, bu, taleyin böyük ironiyasıdır. Sanki Andropovun, yaxud Brejnevin adına kilsənin verilməsi kimi bir hadisədir. Heydər Əliyev haqqında yazılan kitabların böyük hissəsində faktoloji baxımdan maraqlı şeylər var. Ancaq kitabları onun vaxtında işləmiş adamların xatirələri ilə doldururlar. Kim İlham Əliyevin rəhbərlik etdiyi bir dövrdə Heydər Əliyevin əleyhinə danışar? Yəni, bu adamlar nə qədər obyektivdirlər? Tarixi hadisələr və tarixi şəxsiyyətlər haqda zamanın rəng çalarlarında yazılmalıdır. Mütləq mənada ağ, yaxud mütəq mənada qara rənglərdən qaçmaq lazımdır. Biz sovet dövründə bunun faciəsini gördük. Biz o şeyləri təkrar edirik ki, onları bir dəfə yaşamışıq, o filmə bir dəfə baxmışıq. Çox heykəlçiliyin faciəsini biz sovet dövründə yaşadıq. Heykəl o zaman qiymətli olur ki, sənət əsəri kimi yaşasın. Tək kiminsə heykəli kimi yox, həm də kiminsə işi kimi yaşasın. Bütün ölkə boyu heykəl “əkəndə” orda hansı sənətdən danışmaq olar?! Bu il onun 100 illiyi olduğu üçün haqqında nələrsə etmək istəyirlər. Lakin Heydər Əliyev haqqında bütün sənədlər “Siyasi sənədlər arxivi”ndə qapalı saxlanılır. 13 il ölkəyə rəhbərlik etmiş bir şəxsin bütün fəaliyyəti ilə bağlı sənədləri qapalı fonda salırsansa, o dövrün tarixin necə yazmaq olar? Və ölkəyə rəhbərlik etmiş birinci şəxsin fəaliyyəti ilə bağlı sənədlər qapalı fonda keçirilirsə, həmin dövrün obyektiv mənzərəsini necə yaratmaq olar? Bu kimi ciddi suallar açıq qalır.     

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button