2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cəmil Həsənli Rəsul Quliyevə layiq olduğu cavabı verdi: “Ermənilərin nəinki 6 ay, heç altı dəqiqə…”

Dostlar! Bu günlərdə Rəsul Quliyevin son yüz ildə Zaqafqaziya xalqlarının keçdiyi tarixi yol haqqında bir statusunu oxudum.

Qonşu Ermənistan və Gürcüstanla müqayisəli formada yazılmış bu status bütövlükdə Azərbaycan xalqının alçaldılmasını, onun aşağılanmasını özündə ehtiva edir. Əlbəttə, buna əhəmiyyət verməmək də olardı. Çünki dəfələrlə Rəsul Quliyev tarix və reallıqla uyğunlaşmayan mülahizələr söyləsə də biz buna əhəmiyyət verməmişik. Öz fərdi problemlərini həll etmək, vətənə dönüşünə razılıq almaq üçün bir müddət bu adam gecə-gündüz müxalifətin ünvanına hədyanlar söylədi, arada mənim ünvanıma da təhqiramiz ifadələr səsləndirdi. Doğrusu əhəmiyyət verməməyə çalışırdım. Həm də, fikirləşdim ki, əgər adam çox böyük zəhmət çəkib 48 dəqiqəlik video material çəkib paylaşıbsa və altı ay ərzində sosial şəbəkələrdə cəmi 94 nəfər bu materiallara baxırsa, onunla mübahisə etməyin nə mənası var.

Əslində Rəsul Quliyev Simferopola məzhəkəsindən sonra Azərbaycan cəmiyyəti üçün öz cazibəsini itirib. Tale çox az halda insanlara ən həlledici məqamda düzgün qərar qəbul etmək şansı verir. Həmin şansdan yararlanmayanda özünü siyasi mübarizəyə iddialı hesab edən şəxs sonluğu olmayan çoxplanlı filmlərin qəhrəmanı kimi hamı ilə “vuruşmalı” olur. Təxminən 4-5 il ardıcıl şəkildə müxalifəti təhqir etməyin başlıca hədəfi Azərbaycana qayıtmaq üçün siyasi razılıq almaqdan ibarət idi. Bu sövdələşmədə də Rəsul Quliyev fiaskoya uğradı. Əlaqədə olduğu dairələr çox rahatca onu aldatdıqdan sonra Rəsul Quliyev də hakimiyyətin intiqamını xalqdan almağa üstünlük verdi. Ona görə də bütün baş verənlərin günahını son zamanlar o, xalqda axtarır və öz primitiv mülahizələrini tarixi faktlarla “əsaslandırmağa” çalışır. Görün nə yazır:

Saytların yığılması Saytlarin yigilmasi

“Zaqafqaziya adlandırılan 3 respublika. Hər 3-ü 1918 ci il Mayın 27-28 -də müstəqillik (Ermənistan Azərbaycan torpaqları hesabına) alıblar. Hər 3-ü müstəqilliyini 1920-21-ci illərdə itirib. Azərbaycan birinci və öz xoşu ilə, heç bir müqavimət göstərmədən, Ermənistan 6 ay 5 minə yaxın əsgəri öldürüləndən sonra, Gürcüstan isə 9 ay və 10 min qurban verəndən sonra müstəqilliklərini itiriblər.”
Cümləyə diqqət yetirin: “Hər 3-ü 1918 ci il Mayın 27-28-də müstəqillik (Ermənistan Azərbaycan torpaqları hesabına) alıblar.” Əvvəla Cənubi Qafqaz respublikaları mayın 27-28-də deyil, 26-28-də müstəqillik qazanıblar. Gürcüstan mayın 26-da Zaqafqaziya Seymindən çıxıb birinci olaraq müstəqilliyini elan etsə də, gürcü deputatları həmişə Seymin müsəlman fraksiyası tərəfindən dağıtdığından şikayət edirdilər. 1918-ci ildə Azərbaycan xalqı müstəqilliyi kimdənsə almadı. Sadəcə yaranmış tarixi şəraitdə öz mübarizə və mücadiləsiylə müstəqilliyi qazandı. Azərbaycan Cümhuriyyətinin qurulması ilə bağlı Üzeyir bəy yazırdı ki, “bu cümhuriyyətə qovuşmaq üçün xalqımız dəryalarca qan verib”.

Rəsul Quliyevin “Azərbaycan birinci öz xoşu ilə” müstəqilliyini itirib ifadəsi həmin cümhuriyyət uğrunda canını fəda etmiş minlərlə əsgərin, zabitin, cümhuriyyət sevdalısı olan insanların ruhuna açıqca bir həqarətdir. Rəsul Quliyevdən fərqli olaraq Cənubi Qafqaza yeni təyinat almış Britaniya Ali Komissarı Oliver Uordrop Azərbaycan hökumət üzvləri ilə görüşdükdən, ölkədə vəziyyəti öyrəndikdən sonra Londona göndərdiyi gizli məlumatda yazırdı: “Baş nazir Usubbəyov geniş dünyagörüşə malik, yüksək təhsil görmüş, kəsginağıllı, liberal ideyalara sədaqətli, səmimi, vicdanlı, qarşısına qoyduğu məqsədə nail olmağa çalışan nəzakətli bir insandır… Baş nazirin ideyaları dini ideyalar deyil, milli ideyalardır. O, bolşevizmə nifrət edir. Onun istədiyi bircə şey varsa, o da ölkəsinin müstəqilliyidir. Onun komandası və kabineti bəzi Avropa ölkələri üçün nümunə ola bilər… Onlar öz işlərini yaxşı idarə edirlər və bütün ləyaqətli adamlar kimi, hər şeydən daha çox yeni dünyada öz yerlərini tutmağa can atırlar.” Bu gün Rəsul Quliyevin bəyənmədiyi, lağa qoyduğu Azərbaycan Cümhuriyyətinin gerçək məzmunu bundan ibarət idi.

Adam 15 ildən artıqdır işsiz-gücsüz Amerikada oturub, tarixi belə kobud şəkildə təhrif etməmək üçün özünə əziyyət verib iki kitab belə oxumur. Deyək, başqa kitablara əli çatmır, dünyanı özünün cazibəsinə salmış “Əli və Nino” əsərinidəmi oxumamış bu adam? Oxumuş olsaydı, ölkədən çıxmaq imkanları olduğu halda minlərlə vətənsevər gəncin işğalçılara qarşı necə döyüşdüyü, necə fədakarlıqla öz canlarını iki yaşlı cümhuriyyət üçün qurban verdiyini görərdi.

“Azərbaycan birinci öz xoşu ilə müstəqqiliyini itirib” ifadəsindən sonra bu həvəskar “tarixçi” nə yazdığına diqqət edin: “Ermənistan 6 ay 5 minə yaxın əsgəri öldürüləndən, Gürcüstan isə 9 ay və 10 min qurban verəndən sonra müstəqilliklərini itiriblər”. Yalnız Gəncədə 1920-ci ilin may ayının sonlarında 10 min adamın həyatı bahasına başa gələn mübarizə müqavimət deyildimi? Hadisədən dərhal sonra onu araşdıran Sovet komissiyasının sədri yazırdı ki, bizim bolşevik hissələrin qəhrəmancasına cəhdlərinə baxmayaraq şəhər üç dəfə əldən-ələ keçib. Milli ordunun əsgər hissələrinin altı-səkkiz topu olduğu halda, bizim hissələr şəhərə əllərində olan bütün iyirmi beş topdan atəş açmaq məcburiyyətində qalıblar. Şəhər böyük ziyan çəkib, bizim hərbi dəstələrin çoxu şəhərin erməni hissəsində yerləşdiyindən və Milli ordu əsgərlərinin oranı tutmamaları üçün həmlələrini dəf etdiklərindən şəhərin bu hissəsi az ziyan çəkib. Döyüşlər 6 gün davam edib. Qafqazdakı Fransa komissarı yazırdı ki, bolşevik işğalına qarşı mübarizədə Gəncədə 10 min nəfər müsəlman döyüşlərdə həlak oldu. İlkin məlumata görə ruslar 1500-2000 nəfər arasında itki verdilər.

İndi Azərbaycana gəlməyə cəsarəti çatmayan və Bakı əvəzinə Sipferopolda eniş edən, mübarizə əzminə görə erməniləri və gürcüləri bizə örnək verən Rəsul Quliyevdən soruşmaq lazımdır ki, təkcə bir şəhərdə dirəniş göstərib həyatlarını qurban vermiş 10 min adamın haqqına niyə təcavüz edirsən? Bəs bu adamların apardığı mübarizə mübarizə deyildi? Bunun adını nə qoyasan?

Rəsul Quliyev sadəcə olaraq tarixi prosesi öz fikir və mülahizələrinə uyğunlaşdırmaq üçün onu olduğu kimi deyil, baş-ayaq formada təqdim edib. Qırmızı ordu 1920-ci ilin noyabr ayının 29-da bir güllə atmadan belə Ermənistana daxil olub və heç bir müqavimətlə qarşılaşmadan İrəvanı tutub. Devrilmiş Daşnak hökumətində müqaviməti təşkil edəcək general Dro Kanayan bolşeviklərlə sazişə girib yeni Sovet hökumətində hərbi komissar postunu tutmuşdu. Həmin vaxt ermənilərin nəinki 6 ay, heç altı dəqiqə müqavimət imkanları yox idi. Nəinki müqavimət imkanları, heç Ermənistan hökuməti yox idi. 1920-ci ilin noyabrın sonlarında Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa başda olmaqla Türk qoşunları Gömrüyə yetişmiş, Ermənistan sadəcə diz çökməmiş, iflas etmiş, tabuta qoyulmuşdu.

Tiflis də eyni qaydada bolşeviklərin əlinə keçmişdi. Rəsul Quliyevin bizə nümunə göstərdiyi Gürcüstan hökuməti 1919-cu ilin iyun ayının 16-da imzaladığı saziş əsasında bolşevik işğalına qarşı Azərbaycana kömək etmək əvəzinə Rusiya bolşevikləri ilə gizli əlaqəyə girib müəyyən güzəştlər müqabilində ruslara yardım etdilər. Yəqin ki, Rəsul Quliyev özünün də yaxşı bilmədiyi 1921-ci ilin fevralında Simon Vratsyan başda olmaqla Ermənistandakı qiyamı, Gürcüstanda 1924-cü ilin avqustunda baş vermiş antisovet üsyanı nəzərdə tutub Azərbaycan xalqını aşağılayır. Halbuki Gəncə üsyanı mübarizə əzminə, iştirakçıların kütləviliyinə görə bunların heç birindən zəif deyil daha əhatəli, daha geniş miqyaslıydı.

Son hadisələrə gəldikdə isə Rəsul Quliyev elə danışır ki, sanki içində olduğu milli hökumətin devrilməsində iştirak etməyib, Heydər Əliyevi Bakıya gətirən, o müstəvidə yüksək vəzifə alan, 1995-ci ildə onun iştirakı ilə qəbul edilmiş konstitusiyada parlamentin hüquqların məhdudlaşıdırıb avtoritarizmə yol açan prezident üsul idarəsinin bərqərar edilməsində onun heç bir rolu və iştirakı olmayıb. Adam parlamentin sədri ola-ola rəhbərlik etdiyi qurumun səlahiyyətlərin məhdudlaşdırımasında iştirak edib və indiysə erməni və gürcülərin parlamentli respublika üsul-idarəsinə keçmələrini vəsf edir. Bu ölkədə diktaturanın qurulmasında rolu və bilavasitə iştirakı ola-ola indi xalqı günahlandırmaq ən azından siyasi yekəxanalıqdır. Amerikada xanənişin olub yüksək materiyadan danışmaq olar. Amma adamdan soruşarlar ki, səndə bu xalqın bir nümayəndəsisən, xalq 20 ildir sənli və sənsiz zəlalətin içindədir. Hansı xiidməti göstərdin bu xalqa ki, indi də əvəzini umursan.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button