2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəmil Həsənlinin AXC ilə bağlı kitabı İranda nəşr olunub

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ərəfəsində Milli Şuranın sədri, professor Cəmil Həsənlinin “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, 1918-1920” kitabı Tehranda fars dilində nəşr olunub. Əsəri İranın elmi, siyasi və ədəbi nəşrləri sahəsində geniş tanınan “Suruşe Sepehr” yayın evi çap edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəaliyyəti, qonşu dövlətlərlə münasibətləri və xüsusilə beynəlxalq aləmə inteqrasiya olmaq siyasəti haqqında İran oxucularına geniş məlumat verən bu kitabı Azərbaycan dilindən fars dilinə doktor Hüseyn Şərqi tərcümə edib. Yeri gəlmişkən, İran oxucuları bu əsərin ilk nəşri ilə 6-7 il öncə tanış olublar. O zaman “Hərime Elm” nəşriyyatı kitabı fars dilində çap etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə İran oxucularının artan marağını nəzərə alaraq “Suruşe Sepehr” nəşriyyatı əsəri yenidən nəşr edib.
Kitabda Şərqin ilk müsəlman respublikasının hansı şəraitdə yaranması, Azərbaycan aydınlarının müstəqillik arzuları, Rus inqilabının Qafqaza təsiri, Birinci dünya müharibəsinin sonunda Bakı nefti uğrunda mübarizənin kəskinləşməsi, Xalq Cümhuriyyətinin təməl prinsipləri, Qafqaz İslam Ordusunun Bakı zəfəri haqqında İran oxucularına geniş məlumat verilir. Əsərdə Türkiyə, İran, Rusiya kimi qonşu ölkələr, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan, İtaliya, ABŞ və digər Qərb ölkələri ilə qarşılıqlı münasibətlərin yaranması, Ermənistanla münaqişə, Qarabağın Dağlıq hissəsində Azərbaycanın suverenliyinin təmin edilməsi, Cümhuriyyətinin Versal Ali Şurası tərəfindən tanınması, Qərbə inteqrasiya istiqamətdə atılan addımların maraqlı tarixi mənzərəsi yaradılıb.
Kitab Xalq Cümhuriyyətini yaradan, ona rəhbərlik edən tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatlarla zəngindir. Orada cümhuriyyət qurucularının möhtəşəm siyasi obrazı yaradılıb. İran oxucuları əsərdən Azərbaycan istiqlal ideyasının banisi Məhəmməd Əmin Rəsulzadə, parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşov, respublika hökumətinə rəhbərlik etmiş Fətəli xan Xoyski və Nəsib bəy Usubbəyov, AXC hökuməti və parlament üzvlərinin siyasi görüşləri, milli dövlətin əsaslarının yaradılması istiqamətində fədakar fəaliyyəti haqqında geniş məlumat əldə edə biləcəklər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button