2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Cənab hakim, Elman Bayramovun mənə vurduğu baseball sopasından biri sizə dəysə, sağ qalmazdınız''

Şahid: ”Taleh Bağırzadə qorxusundan Nardaranda gizlənmişdi”

Saytların yığılması Saytlarin yigilmasi

“Mənim radikal çıxışım olmayıb. Ruhaniləri müdafiə etmişəm və danmıram. Cənab hakim, Elman Bayramovun mənə vurduğu baseball sopasından biri sizə dəysə, sağ qalmazdınız”. 

Bu sözləri iyunun 5-də keçirilən məhkəmə prosesində təqsirləndirilən Elman Ağayev deyib.

Ondan əvvəl isə şahid qismində “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı ifadə verib.

Hakim etirazçıları zaldan çıxarıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. 

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Bayramov ifadə verib. E.Bayramov 2015-ci il noyabrın 29-da Lənkəranda əməliyyat keçirdiklərini və təqsirləndirilən Elman Ağayevi həbs etdiklərini deyib. Bildirib ki,saxlanılan zaman E.Ağayevin üzərindən Taleh Bağırzadənin müraciət kitabçası olduğu deyilən kitabça, evindən isə silah tapılıb:

“Siz internetdə Elman Ağayevin çıxışlarına baxsanız görərsiniz ki, dövlət əleyhinə çıxışlar edib. Taleh Bağırzadəni Lənkəranda qarşılayıb məscidə də aparıblar. Mən dörd il Lənkəranda işləmişəm. Orada tanışlarım var. Elmanla bağlı zəng edib araşdırmalar aparmışdım və onun haqqında rəhbərliyə məlumat vermişdim”. 

Vəkil Akif Əlizadə isə bildirib ki, Elman Bayramov Lənkərana səhər saat 8-də gedib. Vəkil ondan getməmişdən əvvəl bir sıra sənədlərin hazırlanmasını necə çatdırdığını soruşub. E. Bayramov deyib ki, həmin sənədləri axşamdan hazırlayıb. 

Vəkil A.Əlizadənin növbəti sualı hal şahidləri ilə bağlı olub. Vəkilin sözlərinə görə, hal şahidlərindən birinin bir neçə yerdə fərqli imzaları var: 

“Hal şahidlərindən biri Salyan, biri isə Balaxanı sakinidir. Onları necə tapmışdınız” – sualına E.Bayramov bildirib ki, həmin şahidlərlə bir gün əvvəldən danışıb, Lənkərana getməyə razı salıb. E.Bayramov şahidlərə pul vermədiyini də bildirib. 

E.Bayramov Taleh Bağırzadəni tanıdığını, onunla söhbətləri olduğunu da deyib:

“Taleh Bağırzadə qorxusundan Nardaranda gizlənmişdi. Hesab edirdi ki, polislər oraya girməzlər”. Onun bu sözləri isə zalda oturan şəxslər və təqsirləndirilənlər tərəfindən etirazla qarşılanıb. Hakim prosesi izləyən və etiraz edən bir neçə şəxsi zaldan çıxarıb. 

“Sənə təşəkkür edirəm ki, mənim şalvarımı çıxardın”

Təqsirləndirilən Zülfüqar Mikayılov isə hakimə etirazını bildirib. Deyib ki, hakim neytral mövqedə olmalıdır.

Təqsirləndirilən Elman Ağayev isə şahidin yalan danışdığını,”Bandotdel”də ona işgəncə verildiyini deyib:

“Mənim radikal çıxışım olmayıb. Ruhaniləri müdafiə etmişəm və danmıram. Cənab hakim, Elman Bayramovun mənə vurduğu baseball sopasından biri sizə dəysə, sağ qalmazdınız”. Elman Ağayev şahid Elman Bayramova təşəkkür də edib:

“Sənə təşəkkür edirəm ki, mənim şalvarımı çıxardın, sonra dedin “geyin”. Heç nə etmədin. Deyirdin dini qəbul etmirsən və bura “Bandotdel”dir. Yadında saxla ki, səninlə Allahın məhkəməsində görüşəcəyik”.

Hakim Elman Ağayevə xəbərdarlıq edib. Bildirib ki,o, dəfələrlə işgəncə faktından danışıb. Bunu hər dəfə deməyə ehtiyac yoxdur.

Təqsirləndirilən Zülfüqar Mikayılov isə deyib ki, hakim polisləri müdafiə edir:

“Donald Trump qərar qəbul edir, məhkəmə ləğv edir. Siz hələ də polisləri müdafiə edirsiniz. Buna da biz məhkəmə deyirik”.

Daha sonra şahidə təqsirləndirilən şəxslərdən Eldar Bünyatov sual verib. O bildirib ki, Elman Bayramov və digərləri onun Nardarandakı evinə hücum ediblər. E. Bünyatov şahiddən saat neçədə və ayın neçəsində onun evinə gəldiklərini soruşub. Şahid Elman Bayramov xatırlamadığını deyib. E.Bünyatov isə deyib ki, dekabr ayında səhər tezdən otuzdan çox polis əməkdaşı onun evinə hücum edərək, bütün pəncərələri sındırıb, onu və üç oğlunu həbs ediblər. Şahid isə belə hal baş vermədiyini deyib. E. Bünyatov isə ona “yalançının atasına lənət, bu qədər şər-böhtan olmaz” deyib. Hakim ona xəbərdarlıq edib.

Prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Üzeyir Salahov da ifadə verib.O,təqsirləndirilən şəxslərdən Əli Hüseynovu saxladıqlarını,üzərindən T. Bağırzadənin müraciət kitabçası, evindən isə qubara aşkar edildiyini deyib.Ə. Hüseynov isə onun yalan danışdığını bildirib:”Mən Allaha and içirəm ki,nə üzərimdən, nə evdən nəsə tapılmayıb. “Bandotdel”də dedim ki,heç nəyə qol çəkməyəcəm. Dedilər balalarının evdə olmasına sevinmirsən? Bundan sonra bildim nə demək istəyirlər,qol çəkdim. Bu dövlət sizindi. Niyə dağıdırsınız bu dövləti,niyə insanlara zülm edirsiniz?”.

Proses iyunun 12-də davam edəcək.

Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər maddələrlə ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.

T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button