2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəzasızlıq

Ölkədə son illər həbslər dalğası güclənib. Kim bir az özünü yaxşı aparmırsa, dərhal həbs edilir. Sosial şəbəkədə hakimiyyətə, məmurlara qarşı sərt tənqidlər səsləndirənlər həbs edilir.

Bunun üçün müəyyən hüquq mühafizə orqanlarında xüsusi ştatlı yerlər açılıb. Həmin yerlərdə əyləşənlər günlərini sosial şəbəkələrdə keçirir, rejim əleyhinə tənqidi statuslar yazanı üzə çıxarır, həbs edilməsinə vəsilə olur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu həbslər ya inzibati, ya da cinayət qaydasında baş verir. Bu təbii ki, həmin şəxsin yazdığı statusun, şərhin tənqidinin gücündən asılıdır.

Tənqid nə qədər sərt, davamlı olarsa, cinayət qaydasında uzun müddətli həbsə hazır olmaq lazımdır.

Günahı oldu-olmadı, fərq etmir, əsas odur ki, tənqid olmasın.

Amma bəzən də kimisə günahsız yerə həbs edərkən vicdan oyanır.

Bir müddət öncə ölkə mətbuatında bir gəncin başına gələn hadisələri oxudum. O gənc ki, günahsız yerə həbs olunaraq 1 il həbsdə olub və tutularkən etmədiyi cinayəti boynuna alması üçün işgəncələrə məruz qalıb. Tutulduğu vaxtdan 1 il keçdikdən sonra saxlandığı kameranın qapısını açıblar ki, gərək bağışlayasan, boynuna qoyulan cinayəti başqaları edib və onlar həbs olunublar, gedə bilərsən. Gənc də şaşqın, matı-qutu qurumuş halda ayaqlarını sürüyərək ordan çıxır. Təsəvvür edirsinizmi? Kinolarda gördüyümüz, romanlarda oxuduğumuz hadisələrdir. Amma reallıqda nə zamansa belə halın baş verəcəyini təsəvvürümüzə gətirə bilməzdik. Amma sağ olsunlar, bunun reallıqda baş verdiyini də bizə göstərirlər.

*****

Ölkədə qanunsuz həbs edilənlər daha çoxdur. Məhkəmələrdə başqa (qeyri-siyasi) işləri müşahidə edərkən təqsirləndirilən şəxslərin günahsız yerə həbs olunmalarını, sərt cəzanın tətbiq edildiyindən şikayət etmələrinin şahidi oluram. Onlar başlarına gətirilən işgəncələrdən, təzyiqlərdən nə qədər çox danışsalar da, hakim-ittihamçının tükü belə tərpənmir.

İndi də 1 il günahsız yerə həbsdə olan gəncin məruz qaldığı işgəncələrə, qanunsuz tutulmasına görə kim cavab verəcək? Kiminsə buna görə məsuliyyətə cəlb olunacağını düşünürüksə demək ki sistemin mahiyyətini başa düşməmişik.
İllərdir ölkə həbsxanalarında, müvəqqəti saxlama yerlərində baş verən işgəncə halları barədə çox danışılıb. Amma indiyə qədər kiminsə bu işgəncə hallarına görə məsuliyyətə cəlb edilməsinin şahidi olmamışam.

Cinayət Məcəlləsində tutulan şəxsə işgəncə verənlərin məsuliyyəti nəzərdə tutulsa da, bu norma ölü vəziyyətdə bizə baxır. Nə qədər işgəncə halları baş versə də, nə qədər tutulan şəxs işgəncəyə məruz qalsa da, di gəl ki, kimisə bu halları törətməyə görə həbs etməyiblər. Çünki işgəncə halları araşdırılmır, ört-basdır edilir. İstintaq orqanları formal olaraq araşdırma aparır və belə nəticəyə gəlir ki, işgəncə halları baş verməyib. Bir zamanlar Səid Dadaşbəyli və ətrafında olan şəxslər həbs olunarkən onlardan biri elə işgəncələrə görə təcridxanada öldürüldü. Amma bunun məsuliyyətini kimsə daşıdımı? Təbii ki xeyr. Elə bunun nəticəsidir ki, işgəncə halları barədə məlumatlar durmadan artır.

20-ci əsrin 40-cı illərindən başlayaraq Türkiyədə solçu-kommunistlərə, ülküçülərə qarşı amansız repressiyalar həyata keçirilirdi. O zamanlarda da günahsız yerə həbs olunan Mustafa Pehlivanoğlu adlı birisinə işgəncə verərək etmədiyi cinayəti etiraf etdirmişdilər. Sonradan həmin cinayətin başqaları tərəfindən edildiyi ortaya çıxsa da M. Pehlivanoğlu edam edildi.

Ona həsr edilmiş “Ankara yazı” adlı filmdə Mustafaya işgəncə verənlərin dediyi sözlər sistemin mahiyyətini ortaya qoyur: Sənə qarşı etdiklərimizə görə kimsəyə hesab vermərik.

Doğurdan da həbs edilənlərə işgəncə verən şəxslər məsuliyyətə cəlb edilmirsə, kimsə onlardan hesab soruşmursa, onlar cəzasız qalacağını düşünüb öz hərəkətlərini davam etdirəcək. B. Şou yazırdı ki, ən böyük cəza cəzasızlıqdır.

Cəzasız qalan təkcə işgəncə törədən şəxslər deyil, problem daha çox dövlətin ümumi cəza siyasətindədir. Necə də olsa həmin şəxslər rəhbərlərinin tapşırığı altında hərəkət edirlər. Rəhbərlik belə hallara göz yumursa, demək ki qarşlıqlı razılıq  və anlaşma ilə cəzasızlığa qanuni don geyindirirlər.

Fariz Namazlı

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button